“Vətənə xəyanət 48 milyardı ofşor zonalara yığmaqdır”

Qocaman vəkil Arif Şəmmədov «Azadlıq»a müsahibəsində nələrdən danışdı?

«Italiyada, Fransada neçə-neçə kilsənin, muzeyin təmirinə vəsait tapılır amma mənim ayaqlarımın müalicəsinə 3-4 min tapılmadı»

Tanış dostum mənə bir adamın telefon nömrəsini verdi və onunla əlaqə saxlamağı məsləhət bildi. Həmin adama zəng edib probleminin nədən ibarət olduğunu soruşdum. Bəlli oldu ki, bu şəxs uzun müddət vəkillik fəaliyyətilə məşğul olan Arif Şəmmədovdur. Məlumat üçün deyim ki, Arif Şəmmədov vaxtilə Surət Hüseynovun da vəkili olub. Arif müəllim, xüsusi bir şikayətinin olmadığını deyərək sadəcə onunla həmsöhbət olmağımı istəyirdi. Mən onu redaksiyaya dəvət edəndə, sükut etdi. Az sonra bəlli oldu ki, Arif müəllim hərəkət qabiliyyətini itirib. Ona görə özüm ünvanı alıb evinə getmək qərarı verdim. Əlil arbasında kiçik bir otaqda məni qarşılayan Arif müəllim söhbətə belə başladı:

– 33 ildir Vəkillər kollegiyasının üzvüyəm. Eləcə də son məşğuliyyətim vəkillik olub. Işlədiyim dövrdə də çox haqsızlıqla üzləşmişəm. Təcrübəm də çoxdur. Bu qədər susmaq, bu qədər hər şeyin üstündən keçmək, hər şeyə soyuqqanlıqla yanaşmaq insanı mənəvi cəhətdən həddindən artıq sıxır. Kimə nə bir söz deyirsən, deyir əşi nəyimə lazımdır. Bu gün görürəm ki, qıtlıqdır. Insanlar çıxmalıdırlar, öz narazılıqlarını bildirməlidirlər. Amma təssüflər olsun ki, keçirilən mitinqlərə baxanda görürsən ki, elə bil zorla insanları gətirib meydana salıblar. Bu millət bilmirəm hara baxır? Axı bu yük millətin üzərinə düşür. 45 illik bu hakimiyyət nə deməkdir?

– Hazırda vəkil olmaq asandırmı?

– Indi vəkil olmaq həddindən artıq çətindir. Vəkillər var nə müxalifətçidir, nə də iqtidara yaxınlığı var. O vəkil ki, hakimlə, prokurorla kəllə-kəlləyə dayanır, vətəndaşın mövqeyini müdafiə edir, dərhal onlara cəbhəçi, müxalifətçi  damğası vurulur. Halbuki o, qanunu müdafiə edir. Bir balaca hakimiyyətdən danışdınsa, sənin sözün heç nədir. Mən bunları görə-görə gəlmişəm. Təvazökarlıqdan uzaq olsa da, deyim ki, elə-belə də vəkil olmamışam.

– Adətən hüquq-mühafizə sistemində işləyənlər sonradan vəkilliklə məşğul olmağa başlayırlar. Siz əvvəlcə hansı sahədə çalışmısız?

– Ilk dəfə universitetin şərqşünaslıq fakültəsini bitirmişəm. Elə oldu ki, məni Dövlət Təhlükəsizlik Komitəsinə işə qəbul etdilər. O vaxt sərhəd məsələsi çox ciddi məsələ idi. Xüsusilə Iranla sərhədə daha çox önəm verilirdi. Ordan müxtəlif yollarla sərhəd pozucuları Azərbaycana daxil olub, ordan da Moskvaya və SSRI-nin tərkibində olan digər respublikalara keçə bilərdilər. Bu cür hallar baş verirdi də. Istər qaçaq yolla gələn və ələ keçən, istərsə də tranzit yolla gələnlərin əksəriyyəti Iran vətəndaşları olurdu, onlar isə fars dilində ifadələr verirdi. Mən elə Heydər Əliyevin vaxtında orada işləmişəm. Bir müddət sonra məni tərcüməçi kimi xaricə işləməyə göndərdilər. Amma mühəndis-elektrik adı ilə getdim. “Qlav Zaqran Enerqo” adlı idarə məni burdan Moskvaya apardı, ordan isə Əfqanıstana göndərdilər. Əfqanıstanda isə yenə tərcümə işi ilə məşğul idim. Orda da nə tapşırıqlar olurdu onunla məşğul olurduq. Bu xətt ilə getmişdimsə, bilirdim nələr ola bilərdi, məni nələr gözləyirdi. Ordan qayıdıb gələndən sonra isə öz işimə bərpa etmədilər. Məcbur qalıb Gəmi Təmiri Zavodunda işə düzəldim. Orda yeniyetmələr üzrə kadrlar şöbəsində işlədim. Daha sonra isə Elmlər Akademiyasında tərcüməçi işlədim. Bir müddətdən sonra yenidən məni Təhlükəsizlik Komitəsinə öz işimə dəvət etdilər. Mən onlara bildirəndə ki, axı özüm sizə müraciət edəndə siz məndən imtina etdiniz. Bildirdilər ki, biz səni yoxlamaq üçün belə edirdik. Sən orda ələ alına bilərdin, amma yoxladıq gördük ki, sən ələ alınanlardan olmamısan. 1974-cü ildə belə qərara gəldim ki, mən hüquq təhsili almalıyam. “KQB”də işləyə-işləyə təhsil aldım. Sonradan öz ərizəmlə “KQB”dən getdim. Müəyyən zaman ədliyyə orqanlarında məhkəmə nəzarətçisi kimi fəaliyyət göstərdim. 1982-ci ildən isə Vəkillər Kollegiyasında çalışmağa başladım.

– Ölkədəki ictimai-siyasi həyatla maraqlanırsınızmı?

– Əlbəttə, mən siyasətlə maraqlanıram. Xüsusilə dövlətimizin problemi məni çox narahat edir. Bu məsələlərə biganə qala bilmirəm. Hazırda 76 yaşım var, fikirləşirəm ki, yolum artıq o dünyayadır. Heç olmasa mən də öz fikirlərimi bildirim. Bunlar bizi hara aparır? Insanlarda qorxu yaradıblar. Bu qədər insanı vətənə xəyanət ittihamı ilə həbs ediblər. Dövlətə xəyanət başqa şeydir, hakimiyyətə qarşı çıxmaq başqa şey. Bunlar qatıb-qarışdırıblar bir-birinə, ayırd edə bilmirlər. Bu gün ölkədə vəziyyət, necə deyərlər, sözün hər iki mənasına “rusca”dır. Hakimiyyətin apardığı siyasət nəinki məni, bütün cəmiyyəti qane etmir. Amma kimlə söhbət edirsən, deyir mənim nəyimə lazımdır. Insanlar 100-dən çox siyasi məhbusu görüb uzaqlaşırlar. Amma bilmirlər ki, həmin insanlar xalq yolunda çalışırlar. Həlqə daraldıqca növbə adi insanlara da çatacaq. Bilmirəm bu xalq nədən qaçır? Bu yük axı onların çiynindədir. O vaxt Heydər Əliyev dedi ki, Avropa Şurası mənim üçün elə də böyük bir əhəmiyyət kəsb eləmir. O zaman mən dəhşətə gəldim ki, bu nə danışır? Bildiyiniz kimi, mən Surət Hüseynovun vəkili olmuşam. Jurnalistlər o vaxt mənə sual verəndə demişdim ki, Azərbaycan Avropa Şurasına daxil olsa, mən Avropa Məhkəməsinə müraciət edəcəm. Sonradan jurnalistlər bunun nəticəsi ilə bağlı mənə müraciət etdikdə cavab verdim ki, daha Avropa Məhkəməsinə müraciət etməyəcəm. Ölkə başçısı belə deyirsə, bunun nə əhəmiyyəti var? Elə ondansa Heydər Əliyevə yalvararam da. Bununla bağlı o vaxt baş prokuror Eldar Həsənov məni yanına çağırdı və bildirdi ki, bu nə açıqlamadır vermisən? Mən isə öz növbəmdə bildirdim ki, necə başa düşürsünüz, elə də qəbul edin. Bunu prezident Heydər Əliyev deyib. Bugünkü günə gəldikdə, oğlu deyir ki, mən atamın yolu ilə gedəcəm və doğrudan da həmin yolla gedir. Hansı yoldur o? Bu gün görürük ki, Ilham Əliyev də Avropa Məhkəməsinin çoxlu qərarlarını icra etmir.

Bir məsələni də deyim, bəlkə də çoxları bilmir. Vəfa Quluzadə ilə Heydər Əliyevin yolu niyə ayrıldı? Heydər Əliyev Vəfa müəllimə deyib ki, bəlkə biz ermənilərlə güzəştli sülhə nail olaq. Vəfa Quluzadə buna etiraz edir. Mərhum Vəfa müəllim bunu öz müsahibəsində də etiraf edib. Sonradan məlum olur ki, yeddi rayon hansı səbəblərə qurban verilib. Bu kimin səhvi idi? Bilirsiz ailə başçısının səhvi ola bilər, bu səhvdən yalnız ailə ziyan görür, amma dövlət başçısının xırda bir səhvi bütün millətin başına gətirilən bəladır. Yəni bu millət bunu necə başa düşmək istəmir?

– Rəsmi təbliğatda hər şeyin yaxşı olduğunu bildirirlər. Şəxsən siz bunu öz həyatınızda hiss edirsiniz?

– Bir dəfə məktub yazdım prezidentin həyat yoldaşına, Mehriban xanıma. Dedim ki, övlad valideynlərinə çəkər, necə ki, siz hər iki tərəfdən maarifçi ziyalıların nəvəsisiniz. Elə zənn edirəm ki, sizin məktəblərdən başlamanız da bununla əlaqəlidir. Mən ondan xahiş etdim ki, mənə heç xaricə getmək də lazım deyil, 3-4 min vəsait ayırın ki, müalicə oluna bilim. Ayaq damarlarıma stendin qoyulması üçün istəmişdim bu vəsaiti. Nəticəsi oldumu? Xeyr. Cavab gəldi, baxılması üçün göndərilir Bakı Şəhər Səhiyyə Şöbəsinə ordan da göndərdilər Musa Nağıyev adına kilinikaya. Orda stend qoyulur? 10 gün saxladılar, yalnız bir-iki sistem köçürdülər, vəssalam… Bir dəfə televiziyada özüm gördüm. Ilham Əliyev Italiyada hansısa bir işi seyr edirdi və ordaca bildirdi ki, həmin işin bütün xərcini öz öhdəmə götürürəm. Eləcə də Italiyada, Fransada neçə-neçə kilsənin, muzeyin təmirinə, Afrikada xeyriyyə işlərinə vəsait tapılır, amma mənim ayaqlarımın müalicəsinə 3-4 min tapılmadı. Sənin öz vətəndaşın sənin üçün italyandan da, fransızdan da üstün olmalıdır.

– Bəs, çıxış yolunu nədə görürsüz?

– 48 milyard ofşor zonalarda yerləşdirmək cinayətdir. Vətənə xəyanət bax budur. Sabah bu hakimiyyət gedəndən sonra onlara  bunların hər birinə bircə həftənin içində ittiham aktını qanuni şəkildə tərtib etmək olar. Heç özləri də etiraz etməz ki, bu saxtadır və ya qanundan kənardır. Bu, atasının planı ilə işləyirsə, belə də davam edəcək. Necə ki, atası illərlə xalqı aldatdı ki, pencəyimi çiynimə atıb gedib Qarabağı azad edəcəm. Mən qətiyyətlə deyirəm, indiki hakimiyyət ermənilərlə müharibəyə getməyəcək, Qarabağı hərb yolu ilə almaq bir xülyadır. Yalandan silah-sursatı reklam etmək, “müharibə başlasa 20 dəqiqəyə Irəvanı çökdürərik” kimi bəyanatlar vermək milləti aldatmaq üçündür. Çünki onda o kəramət yoxdur, bu mümkün olsaydı, atası edərdi. Atası o yolu seçibsə, balası da həmin yolu sürtə-sürtə aparır, axırı harda dayanacaq, onu Allah bilir. Ən əsası da budur ki, bunun fikri təbliğatı gücləndirməklə yenə də biçarə Azərbaycan xalqını rus boyunduruğu altına salmaqdan ibarətdir. Vəssalam. Bunun isə gələcəyi yoxdur. Bu hakimiyyət getməlidir. O da qalıb millətin özünün mərdliyinə, kişiliyinə, qeyrətinə, arına, namusuna.

Təzəxan