
Terrorçular Istanbuldakı ABŞ konsulluğuna hücum etdilər
Dünən Türkiyədə terrorçuların hədəfi Istanbuldakı ABŞ konsulluğu olub. Iki terrorçu konsulluğa hücum edərək atəş açıb. Onlardan biri polisin cavab atəşi ilə qaçmağa məcbur olub. Digər terrorçu isə yaralı vəziyyətdə tutulub. Ələ keçən terrorçu PKK üzvü olan 51 yaşlı Hatica A. adlı qadındır. Bu şəxsin əvvəllər də terror aktı törətdiyi bildirilir. Hadisədən dərhal sonra konsulluq fəaliyyətini qeyri-müəyyən vaxta qədər dayandırdığını elan edib.
Istanbulun Sultanbəyli rayonunda isə polis bölməsinə bombalı hücum olub. Partlayış zamanı üç polis əməkdaşı daxil olmaqla, ən azı 10 nəfər yaralanıb. Hücumun baş verdiyi ərazidə polislə atışmada terrorçulardan ikisi ölüb, biri zərərsizləşdirilib. Atışma zamanı bir polis əməkdaşı həlak olub. Içərisində bomba olan avtomobilin partlaması nəticəsində ərazidə olan vətəndaşlara məxsusÿ15 maşınaÿzərər dəyib. Yaxınlıqda yerləşən ticarət mərkəzinin şüşələri sınıb, bina yararsız hala düşüb.
Hücumlar Türkiyə ilə PKK arasında gərginliyin artdığı ərəfədə baş verib. Türkiyə həmçinin bu yaxınlarda IŞID-ə qarşı daha aktiv mübarizə aparacağını elan edib. Terrorçuların IŞID-lə əlaqəsinin olub-olmadığı məlum deyil.
Türkiyənin Şırnak vilayətində də dünən gərgin anlar yaşanıb. Beytüşşəbap bölgəsində hərbçiləri daşıyan helikopter terrorçuların raket hücumuna məruz qalıb. Nəticədə 1 hərbiçi şəhid olub, 7-si yaralanıb. Şırnak Hərbi Hospitalına aparılan yaralı əsgərlərin müalicəsi davam etdirilir. Hadisədən dərhal sonra Türkiyə Silahlı Qüvvələrinə məxsus helikopterlər PKK terror təşkilatının ərazidəki mövqelərini atəşə tutublar.
Şırnakda növbəti terror aktı da PKK-çılar tərəfindən həyata keçirilib. PKK-nın gənclik qolunun açdığı xəndəklərə müdaxilə etmək üçün hadisə yerinə gedən polis maşını terrorçuların yola döşədiyi minaya düşüb. Hadisə nəticəsində maşındakı 4 polis şəhid olub, bir polis əməkdaşı isə ağır yaralanıb. Olaydan dərhal sonra teraktın baş verdiyi ərazidə polislərlə terrorçular arasında atışma olub.
PKK-çılar dünən Hakkari Şəmdinlidəki Dərəcik bələdiyyəsi Yeşilova Sərhəd polis bölməsinə də minaatan topla hücum ediblər. Təhlükəsizlik qüvvələri artilleriya, minaatan top və ağır silahlarla hücumun qarşısını alıblar. Hadisə zamanı ölən və yaralananların olmadığı bildirilir.
Dünən törədilən teraktlar nəticəsində ümumilikdə 5 polis, 1 hərbçi şəhid olub. Son bir ayda Türkiyədə PKK terroruna qurban gedən əsgər və polislərinin, həmçinin mülki vətəndaşlarının sayı açıqlanıb. Bu müddətdə 28 əsgər və polis şəhid olub, 11 mülki vətəndaş həyatını itirib. PKK-nın terror aktlarında yaralananların sayı 100-dən artıqdır. Terrorçular bu günlər ərzində Türkiyənin ayrı-ayrı bölgələrindən 100-dən artıq avtomobilə zərər vurublar.
PKK-nın itkilərinə gəlincə, yüzlərlə terrorçunun öldürüldüyü, 400-nün yaralandığı, 260-nın zərərsizləşdirildiyi, antiterror əməliyyatları çərçivəsində 1600 şübhəlinin saxlanıldığı, onlardan 314-ü barəsində həbs qərarının çıxarıldığı bildirilir.