MTRŞ cəmiyyətə hansı məhsulu təqdim edəcək?
Hər dəfə problemlərdən söhbət açılanda məlum olur ki, hökumət bütün neqativ tendensiyalardan xəbərdardı. Yəni yumurtanın qiymətinin bahalaşmasından tutmuş, keyfiyyətsiz dərmanların satışına qədər bütün xırdalıqlar hökumətin gözü önündə baş verir. Amma hökumətimiz bu neqativ tendensiyalarla yalnız sözdə mübarizə aparır və uzun illərdi eyni problemlər daha qabarıq şəkildə ortaya çıxır.
Belə problemli sahələrdən biri də televiziya məkanıdır. Demək olar, ölkə əhalisi yerli telekanallardan imtina edib və hər evdə çanaq anteynaları quraşdırılıb. Yuxarıda da qeyd etdiyimiz kimi, bu vəziyyətin səbəbləri hökumətə məlumdur. Ona görə də MTRŞ hərdən tənqidi ruhda mövqe ifadə edir və bayağılığı qınayır. Bir müddət əvvəl MTRŞ sədri Nuşirəvan Məhərrəmli bildirmişdi ki, özəl televiziya kanallarında yayımlanan şou xarakterli verilişlərin hər biri haqqında dosye hazırlanacaq və o dosyedə verilişlərin tərtibatı və sair məsələlər haqda arayış veriləcək. Arayışda qanunvericiliyə zidd hallar olacağı təqdirdə, bu məsələyə Şurada baxılacaq. Artıq bu məsələ həllini tapıb. “Televiziya və radio yayımı haqqında” Qanunda edilmiş son dəyişiklikdən sonra Milli Televiziya və Radio Şurasına qanun pozuntularına yol verən verilişləri dayandırmaq səlahiyyəti verilib.
Deməli, bayağı, milli-mənəvi dəyərlərə zidd olan, zövqsüz verlişlər dayandırılacaq. O zaman sual meydana çıxır. Bəs, televiziyada nə göstərəcəklər? Axı bu gün Azərbaycan teleməkanında 90 faiz təkrar və şou proqramlar üstünlük təşkil edir. Demək olar, hər telekanalda yemək verilişi, müğənnilərin evindən reportaj, eyni adamların studiyaya dəvət olunması ənənəsi formalaşıb. Eyni zamanda başqa ölkələrdən oğurlanmış yarışma verilişlərinin şit parodiyası meydan sulayır. Yəni bu gün tamaşaçının zövqünü oxşayan, səbrsizliklə gözlənilən verilişlər yox səviyyəsindədir. Efir tamamilə müğənni mitinqinə və mədhiyyə şousuna çevrilib. Tamaşaçı fərqli yanaşma, müstəqil araşdırma, tənqidi fikir görə bilmir. Proqramların ana xətti hakimiyyəti müqəddəsləşdirməyə xidmət edir.
Ancaq bir vaxtlar efirdə polemikalar, yumoristik proqramlar, iqtidar-müxalifət debatları, tənqidi reportajlar olurdu. Indi isə Avropa Oyunlarının bitməsindən 2 ay vaxt ötür və telekanallar hələ də hökumətin təzyiqi altında bu oyunlardan danışmağa məcburdu. Yaxud bütün kanallar hakimiyyətin mövqeyinə uyğun olaraq antiAvropa kampaniyasına start verib. Özünü müstəqil adlandıran telekanalllar hakimiyyətin şər-böhtan siyasətinə, repressiyalarına haqq qazandırmaqla məşğuldu. 150-200 manat əmək haqqı alan vətəndaş AzTV-nin yalanlarından sonra necə efirə baxsın? Bu gün telekanallardan nə öyrənmək mümkündü? Hətta bədii və televiziya filmlərinin ssenarisi də hakim ailənin tərifi ilə bağlıdır. Efirə çıxan hər adam prezidenti tərifləməyi protokol qaydası hesab edir.
Bəli, bu gün telekanallar “palatka toyu”na çevrilib və efir vaxtını eyni müğənnilər doldurur. Ənənəvi suallar, özündənrazı cavablar, bayağı musiqilər, intellektdən kənar açıqlamalar insanı diksindirir. Teleməkanın bu vəziyyətə düşməsi isə birbaşa yürüdülən siyasətlə bağlıdı. Hakimiyyət alternativ informasiyaların kökünü kəsərək, yalnız cəmiyyətə yalan informasiya çatdırılmasını qarşıya məqsəd qoydu.
Ona görə də bu gün bayağı, şou, dayaz verilişlərin dayandırılması, həm də ekranın qaralması demkədir. Çünki, təqdim ediləcək yeni məhsul yoxdur. Ölkədə müstəqil qurum olmadığından MTRŞ-nin hər hansı irəliləyişə nail olacağı mümkün deyil. Uzaqbaşı 1-2 veriliş bağlanacaq və əvəzində başqa bir şou veriliş efirə buraxılacaq. Bu gün əksər proqramların aparıcıları müğənnilərdi və 2 cümləni ard-arda qoşub danışa bilmirlər. Yəni bütün efir standartları bayağılaşdırılıb.
Bir sözlə, telekanalların keyfiyyətli məhsul təqdim etməsi üçün ilk növbədə hakimiyyətin müdaxiləsi olmamalıdır, telekanallara müstəqillik verilməlidi və rəngarənglik ənənəyə çevrilməlidi. Əks halda telekanallar öz-özünə danışan adamın vəziyyətinə düşəcək.
Akif


