Seyfurə Əliyeva: «Cavid özü Rasimi aldadıb görüşə çağırdı»
Rasim Əliyevin döyülüb öldürülməsilə bağlı bir neçə nəfərin həbs olunduğu bildirilir
“Həmin adamları Rasimlə görüşə Cavidin özü göndərib. Rasim dedi ki, ana Cavid zəng eləmişdi. Dedi, səni söyən uşaqlar gəlib səndən üzr istəyəcəklər”. Bunu musavat.com-a açıqlamasında avqustun 8-də bir qrup şəxs tərəfindən döyülən və aldığı xəsarətlərdən xəstəxanada vəfat edən jurnalist Rasim Əliyevin anası Seyfurə Əliyeva deyib.
Cavid Hüseynovun Rasimin ölümündən xəbərsiz olmasını deməsinə münasibət bildirən Seyfurə Əliyeva bunun yalan olduğunu deyir: “Cavid həmin adamları tanıyır. Rasimi aldatdılar. Cavid özü Rasimi aldadıb, görüşə çağırdı. Ayrı-ayrı adamlar Rasimə zəng edirdi. Rasim dedi ki, zəng edənlərdən biri özünü Cavidin bibisioğlu kimi təqdim edib. Biri də deyib ki, adı Vüsaldır. Cavid onları Rasimlə görüşə göndərmişdi. Guya çay içib, üzrxahlıq edəcəklərdi. Rasim pul da götürmüşdü ki, çay içəcəklər”.
S.Əliyeva oğlunun döyülməsi haqda bunları danışıb: “Rasimi çatan kimi vurublar. Namərd insanı arxadan vurar. Pul qabını və telefonunu da götürüblər. Mənə dedi ki, yerə yıxıldım, ancaq ayaqlarını görürdüm. Rasim dedi ki, azı 6 nəfər idilər”.
Cavid Hüseynovun xəstəxanada Rasimi ziyarət etməsindən də danışan S.Əliyeva bildirib ki, həmin vaxt oğlunun yanında dostu Aydın olub: “Cavid xəstəxanaya gələndə mən evdə idim. Yanından bir az olar çıxmışdım. Dostu Aydın Rasimin yanında idi. Sonra mən Rasimlə telefonda danışdım. Mənə dedi ki, Cavid və ”Qəbələ" klubunun meneceri gəlmişdi. Ondan üzrxahlıq ediblər. Cavid deyib ki, onun döyülməsindən xəbərsizdir və həmin adamları tanımır. Ətraflı danışmaq istədim. Rasim dedi ki, yanına gələndə danışarıq".
S.Əliyeva sosial şəbəkələrdə Cavid Hüseynovun ailəsini tanımaları, onlarla tanışlıqlarının olması və Cavidin atası ilə sinif yoldaşı olması haqda yayılan məlumatlara da münasibət bildirdi: “Biz Cavidin ailəsini tanımırıq. Heç bir qohumluğumuz da olmayıb. Bizim əslimiz də Cəbrayıldandır. Ancaq onları tanımırıq. Yalan yazırlar. Nə bir əlaqəmiz, nə də bir tanışlığımız var”.
Rasim Əliyevi əməliyyat edən həkim nələr danışdı?
Bu arada bəlli olub ki, 1 saylı Kliniki Tibbi Mərkəzdə ölən Rasim Əliyevin əməliyyatını professor Saday Əliyev həyata keçirib. Bu barədə “Report”a Tibbi Mərkəzin baş həkiminin müavini Adil Salahov məlumat verib. Jurnalistin əməliyyatında iştirak edən həkim heyəti, o cümlədən professor Saday Əliyev istintaqa cəlb olunub. Belə ki, Bakı Şəhər Prokurorluğunun müstəntiqi həkim heyətindən izahat alıb.
Saday Əliyev özü isə “Report”a bildirib ki, Rasim Əliyev klinikaya avqustun 8-də saat 18:45-də daxil olub: “Xəstə təcili yardım maşınının həkimlərinə deyib ki, onu döyüblər. Başına, qarnına, döş qəfəsinə, sinəsinə ağır zərbələr endiriblər.
Xəstə klinikaya daxil olan kimi bütün müayinələrdən keçib. Bura laborator, rentgen, ultrasəs müayinəsi daxildir. Eyni zamanda başı, burnu, yəni baş hissəsinə aid olan bütün travmatoloji müayinələr aparılıb. Həmin an üçün təcili əməliyyatlıq bir şey tapılmadı. Yalnız rentgen müayinəsi ilə iki qabırğanın sınığına rast gəldik. Xəstəyə bildirdik ki, o, müalicəsini xəstəxana şəraitində davam etdirməlidir. Xəstə bunun səbəbini soruşanda, başa saldıq ki, sənin bədən nahiyəndə çoxlu zədələr var, hər hansı ciddi fəsadların çıxa bilmə ehtimalı var. Anası da söhbətimizin üstünə gəldi, o, təkid etdikdən sonra xəstə klinikada qalmağa razılıq verdi. Onu nəzarətdə saxlamaq üçün şöbəyə yatırtdıq. Çünki adətən müayinə zamanı bir şey aşkar olunmadıqda, xəstəni nəzarətdə saxlayırıq ki, əvvəl etdiyimiz müayinələri yenidən təkrar edək.
Bir müddət sonra tibb bacısı xəstənin vəziyyətinin ağırlaşması barədə məlumat verdi. Müayinədən sonra onu təcili əməliyyata aldıq. Əməliyyat həmin gün saat 20:00 radələrində olub. Əməliyyat zamanı onun dalağının dağılması müşahidə olundu, mədəaltı vəzinin quyruğu da partlamışdı, qarnında litr yarımdan çox qan var idi. Mümkün olan qədər qanın müəyyən hissəsini köçürə bildik, hətta əlavə qan da köçürtdük.
Həmin vaxt xəstənin qan təzyiqi düzəldi, lakin əməliyyatın sonunda onun tənəffüsündə müəyyən problemlər yarandı . Eyni zamanda, nəfəs çatışmazlığı problemi də ortaya çıxdı. Hər iki döş qəfəsinin sınması və ağciyərlərinin əzilməsi ilə əlaqədar döş qəfəsinin boşluğuna trubkalar saldıq, bu zaman bir tərəfdən 150 qram qan gəldi, digər tərəfdən isə qan yox, hava gəldi. Sonradan bu da kəsildi, nə qan, nə də hava gəldi. Bunun ardınca onda ağciyərlər və döş qəfəsinin zədələnib-əzilməsi səbəbindən oksigen çatışmazlığı baş verdi. Bundan sonra xəstəyə reanimasiya şöbəsində süni tənəffüs aparatı qoşuldu. Həmin zaman onun tənəffüsü idarə olundu. Buna baxmayaraq, sonda tənəffüs funksiyası dayandı. Bununla da xəstə dünyasını dəyişdi. Bu məsələdə heç bir həkim səhlənkarlığından söhbət gedə bilməz. Belə xəsarətlər zamanı xəstəyə lazım olan bütün taktikadan istifadə etdik. Bu barədə bizim təcrübəmiz kifayət qədərdir. Çünki həftədə bir neçə dəfə bu tip xəstələri qəbul edib, əməliyyat edirik, onların arasında həm ölən, həm də sağ qalan olur.
Müstəntiqlər bizdən izahat alıb. Morqdan verilən izahat bizim diaqnoza uyğun gəlib. Yəni, biz diaqnostik səhvə yol verməmişik".
Rasim Əliyevin öldürülməsilə bağlı bir neçə nəfər həbs olunub
Dünən həmçinin APA məlumat yayıb ki, Rasim Əliyevin öldürülməsinə görə bir neçə nəfər, o cümlədən “Qəbələ” futbol komandasının oyunçusu Cavid Hüseynovun bibisi oğlu Elşən Ismayılov həbs edilib. Rasim Əliyevin ölümündə məhz bu şəxs şübhəli bilinir. Məlumatda bildirilir ki, istintaq sirri olduğundan digər şəxslərin adları açıqlanmır. Musavat.com Elşən Ismayılovun da futbolçu olduğunu və “Azal” futbol klubunda çıxış etdiyini yazıb. Sayt bu faktı “Azal”ın rəsmi veb-səhifəsindən götürüb. Lakin “Azal” futbol klubunun mətbuat katibi Eldəniz Yusifov Trend-ə bildirib ki, Elşən Ismayılovun onlarla heç bir bağlılığı yoxdur. “2015-ci ilin yanvarında bizim klubun əvəzedici heyətində oynayıb. Lakin rəhbərliyin komandanı yenidən qurmaq tapşırığından sonra baş məşqçinin təqdimatı əsasında Elşən Ismayılov klubdan çıxarılıb. Onunla yanaşı bir neçə futbolçu da öz oyunları ilə baş məqşçinin ümidlərini doğrultmadığndan komandamız onlarla yollarını ayırıb. Rəsmi olaraq iyulun 2-dən adı çəkilən futbolçu ilə bizim heç bir bağlılığımız qalmayıb” – deyə Eldəniz Yusifov bildirib.
“Qəbələ” klubu da Elşən Ismayılovla bağlı bəyanat verib. Bəyanatda bildirilir ki, Elşən Ismayılovun “Qəbələ”nin əvəzedici komandasının üzvü olub. Lakin ümidləri doğrultmadığına görə komandadan uzaqlaşdırılıb.
Ilham Əliyev hadisəni şəxsi nəzarətinə götürüb
Rasim Əliyevin döyülüb öldürülməsi ölkə başçısı Ilham Əliyevin də narahatlığına səbəb olub. “Report”un xəbərinə görə, bunu prezidentin köməkçisi Əli Həsənov bildirib. Onun sözlərinə görə, ölkə başçısı bu faktı ölkədə söz və məlumat azadlığına, kütləvi informasiya vasitələrinin müstəqil fəaliyyətinə təhlükə və təhdid kimi qiymətləndirib. Ilham Əliyev qeyd edib ki, demokratik prinsiplərin mühüm tərkib hissəsi olan KIV azadlığının təmin edilməsi Azərbaycan dövlətinin ali məqsədi və prioritet vəzifələrindən biridir. Bu prinsipin pozulması dövlətin maraqlarına və həyata keçirilən siyasətin mahiyyətinə tamamilə ziddir və yolverilməzdir: “Prezident Ilham Əliyev hadisə barədə xəbər tutan kimi Azərbaycan Respublikasının Baş Prokurorluğu və Daxili Işlər Nazirliyinə məsələnin qısa müddətdə, tam təfsilatı ilə araşdırlması, cinayətkarların tapılması və məsuliyyətə cəlb edilməsi, habelə hadisənin baş vermə səbəbləri, istintaqın gedişi haqqında dövlət başçısının və ictimaiyyətin müntəzəm qaydada məlumatlandırılması ilə bağlı tapşırıqlar vermişdir. Azərbaycan Prezidenti məsələni şəxsi nəzarətində saxlayacağını və cinayətkarların tapılaraq qanuna uyğun şəkildə cəzalandırılacağını diqqətə çatdırıb”.
Avropa Şurasından Rasim Əliyevin öldürülməsiylə bağlı bəyanat
Rasim Əliyevin döyülərək öldürülməsi beynəlxalq aləmdə də rezonansa səbəb olub. Artıq Avropa Şurasının baş katibi Tyorborn Yaqland Rasim Əliyevin ölümüylə bağlı bəyanat verib. Bəyanatda deyilir: “Mən Rasim Əliyevin öldürülməsi xəbərindən şoka düşdüm. Azərbaycanda jurnalistlərin təhlükəsizliyilə bağlı vəziyyətin daha da pisləşməsi ciddi narahatçılıq doğurur. Mən Azərbaycan hakimiyyətini jurnalistin ölümünü tez və sürətlə araşdırıb cinayətkarları ədalət mühakiməsi qarşısına çıxarmağa çağırıram. Baş vermiş bu faciəvi hadisə hakimiyyətlə vətəndaş cəmiyyəti arasında dialoqun və etimadın bərpası üçün çox ciddi addımlar atılmasını zəruri edir”.
Jurnalist federasiyaları Rasim Əliyevin ölümünü pisləyirlər
Avropa Jurnalistlər Federasiyasi və Beynəlxalq Jurnalistlər Federasiyası da Rasim Əliyevin ölümündən dərin sarsılıblar.
“Azərbaycanda jurnalist və hüquq müdafiəçilərinə qarşı zorakılıq aktları üçün cəzasızlıq mühiti olmadan belə ağır cinayətlər cəzası qalır. Jurnalistlər, hər bir vətəndaş, Azərbaycanda heç bir təhdid olmadan öz sosial şəbəkələrində fikir, şərh bölüşməsi üçün sərbəst olmalıdır”, – Avropa Jurnalistlər Federasiyasının prezidenti Moqens Bliçer bildirib.
Bəyanatda həmçinin jurnalistlərə qarşı daimi təzyiqlərin dayandırılmasına və onların azad edilməsinə çağırılır.
Beynəlxalq mətbuata dəstək təşkilatı IMS də Rasim Əliyevin ölümünü pisləyən bəyanatla çıxış edib.
Bəyanatda deyilir ki, Azərbaycanda jurnalistlərə hücuma görə cəzasızlıq atmosferi cinayətlərin üstünü açılmaz edir. Bu, yeni cinayətlərə sövq edir. Eyni zamanda bu cür vəziyyət ifadə azadlığına mənfi təsir göstərir.
Son 10 ildə ölkədə jurnalistlərə 300-dən çox hücum olub. Son ildə 7 jurnalist və 5 hüquq müdafiəçisi həbs olunub. Bu siyahı artmaqda davam edir. “Hakimiyyət jurnalistlərə qarşı cəzasız qalan cinayətlərə, zorakılığa son qoymalıdır”.