Ölkə başçısı qiymətləri xeyli baha olan istirahət kompleksinin açılışını etdi
Avqustun 8-də Şabran rayonunda “Qalaaltı Hotel & Spa” kompleksi istifadəyə verildi. “Marja” xəbər verir ki, oteldə otağın günü 79 manatdan başlayır və 193 manata qədər çıxır. 79 manata müalicə xidmətləri daxil deyil. Bu qiymətə bir gecəlik yaşayış və səhər yeməyi daxildir. Əgər gündə iki dəfə yeməyi seçsəniz minimum qiymət 92 manat/gün, 3 dəfə yeməklə isə 105 manat/gün təşkil edir.
Kompleksin açılışı münasibətilə xüsusi təkliflər hazırlanıb. Təkliflərə görə, 1 həftəlik istirahət və müalicə 758 manata, 2 həftəlik 1362 manata, 3 həftəlik 1928 manatadır.
Bu qiymətlərə stressin və yorğunluğun aradan qaldırılması üçün maqnitoterapiyya, elektroterapiya, mineral vannalar, lazer terapiya, oksigen köpüyü, idman zalı daxildir.
Ölkə başçısı Ilham Əliyev Nazirlər Kabinetinin iclasında çıxış edərkən turizm sahəsinə də toxunmuşdu. Ilham Əliyev bu sahədə qiymətlərin həddindən artıq baha olduğunu bildirmişdi. “Qalaaltı Hotel & Spa” kompleksinin açılışında ölkə başçısı da iştirak edib. Amma göründüyü kimi bu kompleksdə də qiymətlər o qədər də ucuz deyil. Ekspertlər bildirir ki, Gürcüstan və Türkiyə ilə müqayisədə buradakı qiymətlər bahadır. Zənnimizcə, əlavə şərhə ehtiyac yoxdur.