Jurnalistin ölümündə həkim səhlənkarlığını gizləmək istəyirlər

Rasim Əliyevi əməliyyat edən həkim əməliyyatın vaxtını niyə 6 saat “qabağa çəkir”?

Jurnalist  Rasim  Əliyevin öldürülməsi ölkədə əsas müzakirə mövzusudu. İnsanlarda böyük hiddət doğuran bu hadisədə sual doğuran məqamlardan biri də budur ki, Rasim Əliyev xəstəxanaya çatdırılanda vəziyyəti həyat üçün təhlükəl həddə olmayıb. Bu isə xəstəxanada ona biganə yanaşıldığını, vaxtında zəruri tədbirlərin görülmədiyini deməyə əsas verir.

Lakin Rasim Əliyevi əməliyyat edən həkim, professor Saday Əliyev "Report"a bildirib ki, mərhum jurnalist xəstəxanaya yerləşdiriləndən təxminən 1 saat conra əməliyyata götürülüb. Həkim bildirib ki, R.Əliyev klinikaya avqustun 8-i saat 18:45-də daxil olub, bir müddət sonra tibb bacısı onun vəziyyətinin ağırlaşması barədə məlumat verib və saat 20:00 radələrində əməliyyat aparılıb.

“Əməliyyat zamanı onun dalağının dağılması müşahidə olundu, mədəaltı vəzinin quyruğu da partlamışdı, qarnında litr yarımdan çox qan var idi”-deyə Saday Əliyev bildirib.

Həkimin dedikləri isə xəstəxanada gecəyə qədər Rasim Əliyevin yanında olmuş dostu, bloqçu Mehman Hüseynovun açıqlaması ilə ziddiyyət təşkil edir. Mehman Hüseynov şəxsi facebook hesabında baş verənləri təfərrüatı ilə yazıb. Yazıdan aydın olur ki, Rasim Əliyev əməliyyata avqustun 9-na keçən gecə saat 2 radələrində aparılıb. “Mən də Rasimlə söhbətləşdim. Hətta Rasim o vəziyyətində belə, zaraf elədi, dedi ki, "Qəbələ-Ponatinaykos" oynuna və 1 həftəlik Yunanıstana səfərə bilet versinlər, söhbəti bağlıyaram (gülərək). Gecə saat 1-ə yaxınlaşanda çıxıb getdim. 1 saatdan sonra Rasimin dostu zəng etdi ki, bəs xəstəxanadayam, Rasimi əməliyyata aparıblar, halı çox pisdir”.

Mərhumun anası  Seyfurə xanım da  əməkdaşımızla söhbətində həkimlərin səhlənkarlığından gileylənib: “Həkim əvvəlcə bizə dedi ki,  Rasimin daxili orqanlarında ciddi problem yoxdur. Rentgen müayinəsindən sonra  dedilər ki, Rasimin dörd qabırğasında sınıq var. Lakin bu sınıqlar yerini dəyişməyən sınıqlardır. Bildirdilər ki, sabah bir daha müayinədən keçməlidir. Rasimin ağrıları olsa da,  görünüşü normal idi,  rahat danışırdı. Günorta saatlarında Rasimin təzyiqi qəfildən aşağı düşüb. Dalağ partlaması nəticəsində daxili qanaxma güclənib. Həkim “UZİ” müayinəsi zamanı görmürdü ki, onun dalağı partlayıb? Həkim Rasimdə dalağ partlamasıni əvvəlcədən qeydə almalıydı. Bundan başqa, həkim əvvəlcə bizə demişdi ki, Rasimin qabırğasında sınıq yalnız bir tərəfdədir. Rasimin vəziyyəti pisləşəndən sonra isə dedilər ki, sınıq hər iki tərəfdədir. Əgər vəziyyət bu qədər ağır idisə həkimlər niyə bizi aldatdılar? Niyə zamanında əməliyyata göndərmədilər? Niyə yalnız Rasimin halı pisləşəndən sonra onu əməliyyata göndərdilər? Rasimin ölümündə ciddi həkim səhlənkarlığı olub” – deyə Seyfurə Əliyeva bildirib.

Həm Mehman Hüseynovun, həm də Seyfurə Əliyevanın dedikləri də təsdiqləyir ki, xəstəxanada Rasim Əliyevə biganə yanaşıblar və indi onun guya xəstəxanaya daxil olandan 1 saat sonra əməliyyata götürüldüyü haqda verilən açıqlama məsuliyyətdən yayınmaq cəhdidir. Rasim Əliyevin ölümündə həkim səhlənkarlığının rolu danılmazdır. Rasim Əliyev gecə saat 2 radələrində əməliyyata götürülübsə, həkim niyə əməliyyatın axşam saat 8-də olduğunu söyləyir? Belə çıxır ki, xəstəni vaxtında əməliyyat edib, həyatını qurtarmaq olardı və həkimlər də sonradan bunu başa düşüblər. Ona görə də  belə ziddiyyətli məqamlar ortaya çıxır.

azadliq.info