Qətldə adı hallanan futbolçu komandadan kənarlaşdırıldı, onun bibisi oğlu isə həbs edildi
Jurnalist Rasim Əliyevin öldürülməsinə görə həbslər başlayıb. Bakı Şəhər Baş Polis İdarəsindən verilən məlumata görə (qafqazinfo), futbolçu Cavid Hüseynovun hadisədə əsas iştirakçı kimi adı keçən bibisioğlu artıq hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb. Digər şəxslərin isə yeri müəyyənləşdirilib və onların da saxlanılması istiqamətində tədbirlər görüləcək.
***
“Qəbələ” futbol klubu jurnalist Rasim Əliyevin ölümü və bu hadisədə komandanın oyunçusu Cavid Hüseynovun adının hallanması ilə bağlı bəyanat yayıb. Bəyanatda deyilir:
“Jurnalist Rasim Əliyevin vəfat etməsi xəbərini “Qəbələ” İdman Klubunun hər bir üzvü böyük üzüntü ilə qarşıladı. Heç kimin kiməsə qarşı zor tətbiq etməyə, kimisə hədələməyə ixtiyarı yoxdur və klubumuz həmişə bu prinsipləri ön planda saxlayıb. Daim zorakılıq və aqressiyanı pisləyən sosial proyektlərlə cəmiyyətimizdə sülh və barışın, maariflənmənin vacibliyi bildirilib, bu istiqamətdə irəliləyişə nail olmaq əsas məqsəd olub. Klubumuzun uğursuz çıxış etdiyi vaxtlarda belə, mətbuatın tənqidlərinə qarşı dözümlülük göstərilib, heç vaxt sərt reaksiya verilməyib. Amma dünən baş verən hadisədə futbolçumuz Cavid Hüseynovun adının hallanması bizi çox təəssüfləndirir. Mərhum son müsahibələrində və “facebook” sosial şəbəkəsindəki statusunda futbolçu ilə telefonla danışdığını, aralarında heç bir problemin qalmadığını bildirsə də, sonradan baş verən hadisələr heç də birmənalı deyil. Ona görə də, tezliklə bu məsələnin hüquq-muhafizə orqanları tərəfindən araşdırılacağına, günahkarların layiqli cəzalarını alacaqlarına inanırıq. Bildiririk ki, Cavid Hüseynov komandamız üçün nə qədər vacib oyunçu olsa belə, bu hadisələrə aydınlıq gələnədək əsas komandadan kənarlaşdırılıb.
Bir daha mərhuma Allahdan rəhmət, yaxınlarına səbr diləyirik”.
***
Jurnalist Mehman Hüseynov həmkarı və dostu Rasim Əliyevin öldürülməsi ilə bağlı şəxsi facebook səhifəsində maraqlı məlumatlarla dolu yazı paylaşıb. Yazını müəyyən redaktə ilə təqdim edirik:
“Mütləq oxuyun! Öldürülən jurnalist haqda son məlumat… Rasimin son sözləri bunlar olub…
Qətlə yetirilən jurnalist mənim çox yaxın dostumdur, həmkarımdı. 6 il bir yerdə işləmişik. Döyülən kimi xəstəxanadan mənə zəng edib bildirmişdi ki, bütün jurnalistlərə yayım bu xəbəri, elə də elədim.
Gündüz vaxtı onun yanına gedə bilmədim, saat 23:40-da getdim. Uzanmışdı palatada, yanında da uşaqlıq dostu… Rasimdən hadisə ilə bağlı son məlumatları aldım.
Rasim bildirib: "Son statusla bağılı Cavid zəng eləmişdi mənə, danışdıq, vəssalam. Bir neçə dəqiqə sonra isə başqa nömrədən özünü Cavidin əmisi oğlu (bibisi oğlu) kimi təqdim edən şəxs zəng elədi və dedi: "Sən Cavidlə indi danışdın, noldu razılığa gəldiz?”. Bildirdim ki, bəli, söhbət elədik, razılaşdıq. Onda həmin şəxs dedi ki, gəl bir görüşək, çay içək”.
Bayılda görüşürlər, 4-5 nəfər onu təkləyib döyürlər və telefonla pul qabını özləri ilə götürürlər. Rasim xəstəxanaya düşür.
Rasim danışır: "Gün ərzində futbolçu Cavid Hüseynov və “Qəbələ” futbol klubunun meneceri yanıma gəlmişdilər, ziyarətə. Bildirdilər ki, keçmiş olsun, amma onların xəbəri yoxdu kim olub zəng edən. Onda Cavidə dedim: "Bəs o şəxs hardan bildi ki, 1 dəqiqə əvvəl səninlə danışmışam? Deməli, adam sənin tanışındı və bilirdi ki, səninlə danışdım”. Cavid onda bildirdi ki, sən sağal, məsələni həll edərik. Nə lazımdı edərik. Bu zaman içəri polis müstəntiqi girdi, Cavid və menecerləri polisi görüb uzaqlaşdılar”.
Rasimin dostu mənə danışıb: “Meneceri dünən saxladım, söhbət elədim. Bildirdim ki, adam döyülər də, söyülər də, onu qoyuruq kənara, amma kişiliyiniz olsun, Rasimin telefonunu və pul qabını qaytarın. Menecer dedi ki, 1 saatdan sonra mənimlə əlaqə saxla. Gecə vaxtı onunla əlaqə saxladım. Dedi ki, telefon və pul qabı ondadı, gecə saat 1-in yarısı Sirkin yanında görüşək qaytarsın”.
Gecə saat 12-i idi. Mən, Rasim və dostu palatada idik. Birdən dostu dedi ki, Rasim, getməliyəm evə, bəlkə bir azdan gəldim (əslində isə görüşə gedirdi).
Mən də Rasimlə söhbətləşdim. Hətta Rasim o vəziyyətində belə, zaraf elədi, dedi ki, "Qəbələ-Ponatinaykos" oynuna və 1 həftəlik Yunanıstana səfərə bilet versinlər, söhbəti bağlıyaram (gülərək). Gecə saat 1-ə yaxınlaşanda çıxıb getdim. 1 saatdan sonra Rasimin dostu zəng etdi ki, bəs xəstəxanadayam, Rasimi əməliyyata aparıblar, halı çox pisdir. Səhər görüşdük, soruşdum ki, bəs görüşdün menecerlə? Dedi yox, o vaxtdan nə menecerlərinə zəng çatır, nə vitseprezidentlərinə. 1 gün ərzində telefonu söndürüblər. Sonra isə Rasimi itirdik…
Allah rəhmət eləsin!
Kameralar var, hadisəni çəkib, cinayətkarların üzü düşüb. Tutun, araşdırın! O biri cinayyətkarlar isə onu mualicə edən həkimlərdi! Rasimin ölüm səbəbi ölkədəki özbaşnalıq və səhiyyənin pis gündə olmasıdır!”
***
Milli Şuranın sədri Cəmil Həsənli də jurnalist Rasim Əliyevin öldürülməsinə münasibət bildirib. O, facebook səhifəsində yazıb:
“Dostlar! Bu gün səhər jurnalist Rasim Əliyevin ölüm xəbəri yayıldı. Acı bir xəbərdir, təsəlli verməyə söz tapmıram. O, öz əcəli ilə ölməyib, cəngəllik qanunlarının hökm sürdüyü ölkəmizdə döyülərək öldürülüb. Elmar Hüseynovdan fərqli olaraq Rasim siyasi mövzularda yazan jurnalist deyildi. O, idman xəbərləri hazırlayırdı. Avqustun 16-da doğum günün qeyd etməyə, sonra da ailə həyatı qurmağa hazırlaşırdı. Amma qismət olmadı, idmançı adı altında bəslənilən qoçu dəstələri Rasimi Bakının ortasında döyərək öldürdülər. Onu insafsızcasına döyüblər, daxili qanaxmadan vəfat etdiyi bildirilir. Böyük faciədir.
Göründüyü kimi, bu ölkədə heç kəs harınlıqdan sığortalanmayıb. Qoçu gülləsi, üstlərinə sürüləcək maşınlar, idmançı yumruqları hər an bu millətin başının üzərindədir. İdmanın ayrı-ayrı nazirlərə, vəzifəli şəxslərə tapşırılması bu sahənin kriminallaşması üçün geniş imkanlar açır. Bir neçə idman yarışındakı uğurlardan sonra çox asanlıqla çempion olmuş şəxslər müxtəlif nazirliklərdə saxlanılan “hücumçu dəstələrin” sıravi “döyüşçülərinə” çevrilirlər. Son illərdə hətta hüquq mühafizə orqanlarında həbs edilmiş şəxsləri döymək, müxtəlif işgəncə əməllərini həyata keçirmək üçün xüsusi idmançı dəstələri saxlayırlar. Onlar müstəntiqlərin vuran əli, təhqiqatçıların döyüş cəngavərləri rolunda çıxış edirlər. Harasa basqın etmək, haranısa dağıtmaq, hansısa obyekti sahibinin əlindən almaq lazım gələndə, bu “hücumçu dəstələr” işə düşür.
Ötən seçkilər zamanı, 2013-cü ilin 9 oktyabrında bu muzdlu dəstələri şəhərin müxtəlif yerlərindəki şadlıq evlərində “döyüşə” hazır vəziyyətdə saxlayırdılar ki, işdir xalq seçki saxtakarlığına etiraz etsə, Rasim kimi qol-qabırğasını sındırsınlar, içini qan gölünə çevirsinlər. Bu da bir faciədir. Hakimiyyətin, idmanın kriminallaşmasının adi həyat tərzinə çevrildiyi bir ölkənin faciəsi. Bu gün idman xəbərləri yazan Rasim bu faciənin qurbanı oldu. Sabah mədəniyyət verilişləri hazırlayan birisinin idmançı adı altında bəslənilən qoçu gülləsinin nişangahına çevrilməyəcəyinə heç bir təminat yoxdur. Nadzorun məhkumu, müstəntiqin “müqəssiri”, həkimin xəstəni, hakimin ədaləti, prokurorun qanunu, idmançının jurnalisti öldürdüyü ölkədə vida zənginin kimin üçün çalınması mühüm deyil”.
***
Hadisəni pisləyənlərdən biri də Azərbaycanın Avropa Şurası və Avropa Birliyində nümayəndəsi olmuş keçmiş səfir Arif Məmmədovdur. O, facebook səhifəsində “qəddar, amansız və alçaqcasına həyata keçirilən” bu qətlin təkcə Rasim Əliyevin ailə üzvlərinin yox, bütövlükdə xalqımızın faciəsi olduğunu yazıb.
“Bu faciələrə, hər gün müşahidə etdiyimiz intihaarlara, millətimizin qaymağı olan, həbslərdə qalan vicdan məhbusları Xədicə xanıma, Arif və Leyla Yunuslara, İlqar Məmmədova, Anar Məmmədliyə, Tofiq Yaqubluya, Yadiqar Sadıqova və onlarla digər bacı və qardaşlarımıza qarşı məhkəmələrdə baş verən, ağla sığmayan ədalətsizliklərə biganə qalmağımız anlaşılmazdır.
Mən ilk fb statusumda yazmışdım, indi təkrar edirəm: Bu qədər haqsızlığıa heç bir xalq dözməz”, – deyə A.Məmmədov fikrini tamamlayıb.







***
Daxili İşlər Nazirliyi (DİN) və Baş Prokurorluq Rasim Əliyevin ölümü ilə bağlı birgə məlumat yayıb. DİN-in mətbuat xidmətindən verilən məlumata görə, avqustun 8-də saat 18.00 radələrində Bakı şəhər sakini, 1984-cü il təvəllüdlü Əliyev Rasim Məmmədəli oğlu Səbail rayonu, Bayıl qəsəbəsi ərazisində fəaliyyət göstərən “Bayıl market” mağazasının qarşısında bir qrup naməlum şəxslər tərəfindən döyülərək çoxsaylı bədən xəsarətləri ilə Kliniki Tibbi Mərkəzə yerləşdirilib. O, aldığı xəsarətlərdən avqustun 9-da saat 05.00 radələrində orada vəfat edib.
***
Rasim Əliyevi babası deyib ki, həkimlər əvvəl onlara ümid versələr də sonradan jurnalistin vəziyyəti pisləşib: “Get-gedə vəziyyəti pisləşdi, əməliyyat etdilər. Sonra da dedilər ki, içəridəki orqanlarının çox zədəlidir, sağalan deyil. Həkim gəlib mənə dedi ki, vəziyyəti çox ağırdır, ağ ciyəri vurulub, partlayıb. Nəfəs ala bilmir. Dedi ümid yoxdur. İki saat sonra gəldi dedi ki, gözləməyin, xəstə vəfat etdi. Bu səhərə yaxın 5-də olub”.
***
Avqustun 8-də "Qəbələ"nin futbolçusu Cavid Hüseynovun qohumları tərəfindən döyülən Jurnalist Rasim Əliyev, bu gün səhər saatlarında dünyasını dəyişib. Futbolçunun qohumları tərəfindən döyülərək ağır bədən xəsarəti alan jurnalist 1 saylı Şəhər (Semaşko) Kliniki Xəstəxanasına yerləşdirilmişdi.
***