“Azərbaycanda gərgin və təhlükəli siyasi mühit formalaşıb”
Namizəd Səfərov: «Hakimiyyət açıq fikir ifadə edənlərlə düşməni kimi rəftar edir»
Müsahibimiz Milli Şuranın üzvü, tanınmış vəkil Namizəd Səfərovdur. Prokurorun Arif və Leyla Yunuslara 20 il həbs cəzası istəməsi hakimiyyətin repressive kursa hələ də sadiq qaldığını və onu dəyişmək niyyətində olmadığını sübut etdi. Söhbətimizə məhz bu, “hakimiyyətin hazırkı siyasəti nədən qaynaqlanır və kursun davamı hansı fəsadlar yarada bilər” sualıyla başlamaq qərarına gəldik:
– Bəli, bu gün, XXI əsrin başlanğıcında Azərbaycanda heç kimin ağlına belə sığışmayan, olduqca gərgin və təhlükəli bir siyasi mühit formalaşıb. Ölkədəki diktatura hakimiyyəti xalqın konstitutsion hüquqlarını təmin etməkdən boyun qaçırmaqdadır. Digər tərəfdən isə əslində hakimiyyət bu hüquqları təmin etmək iqtidarında da deyil. Belə ki, bu, onun hakimiyyətinin sonu demək olardı.
“Hakimiyyət cəmiyyətin oyanmasının qarşısını almağa çalışır”
– Hakimiyyətin repressivə siyasəti gücləndirməsi dəyişikliklərdən qorxudan irəli gəlirmi?
– Bütün hakim zümrə korrupsiya bataqlığına bulaşıb. Insanların konstitutsion hüquqlarının təmini bu korrupsiyaya son qoyulması demək olardı. Yəni azad və demokratik seçki keçirilsə, bu, hakimiyyətin birmənalı olaraq dəyişilməsi ilə nəticələnəcək. Azad seçki nəticəsində hakimiyyətə gələn yeni qüvvələr 20 il hakimiyyəti zəbt edənlərdən hesabat tələb edəcək. Ilk növbədə xalqdan talanmış milyardların hesabı sorulacaq. Onlar törətdikləri saysız-hesabsız ağır cinayətlərə görə cavab verməli olacaqlar. Hakimiyyət bunu gözəl başa düşür. Ona görə də rejimin geriyə yolu yoxdur. Törətdiyi əməllərlə barışmayan, açıq fikir ifadə edənlərlə düşmən kimi rəftar edir. Iyirmi ildir ki, haqq sözü deyənlər hakimiyyətin təqiblərı ilə üz-üzədir. Bu repressiv tədbirlər günü-gündən genişlənməkdədir. Artıq ölkədə bir qrup insanın dövlət və hakimiyyət, cəmiyyət üzərində diktaturası formalaşıb. Hakimiyyət nəinki öz xalqı, həmçinin də dünya ictimaiyyətinin fikir və tövsiyələri ilə hesablaşmır. Hakimiyyət sağlam düşüncə tərzini itirərək, beynəlxalq aləmə də meydan oxuyur. 37-ci ilin havası məhz bu faktorlardan irəli gəlir. Cəmiyyətin oyanmasının qarşısı istənilən üsullarla yerindəcə almağa çalışılır. Azad fikir söyləməyə cürət edənlər dərhal təqiblərə məruz qalırlar. Demokratiyanın boğulması istiqamətində törədilən istənilən qanunsuzluq, zorakılıq, məmur özbaşınalığı məqbul sayılır və mükafatlandırılır. Azad sözün və azad fikrin boğulması və zərərsizləşdirilməsinə, demokratik fikirli insanların ələ alınmasına və zərərsizləşdirilməsinə milyonlar xərclənir. Ram edilə bilməyənlər, ələ alınması mümkün olmayanlar isə 37-ci il qaydaları ilə kütləvi surətdə repressiya olunurlar. Hazırda Azərbaycan həbsxanalarında 100-dən artıq siyasi məhbus saxlanmaqdadır. Məhkəmələr uydurma ittihamlarla tutularaq həbs olunmuş şəxslərin proseslərinin öhdəsindən gələ bilmir. Açıq-aşkar 37-ci illərdə olduğu kimi troykalar yaradılmasına ehtiyac duyulmaqdadır. Sonuncu məhkəmə prosesləri göstərdi ki, əslində məhkəmələr buna doğru gedir. Baxın, Leyla Yunusun, Xədicə Ismayılın məhkəmə prosesləri, demək olar, qapalı keçirilir. Bu onlara qarşı irəli sürülmüş absurd ittihamların mahiyyətinin xalqdan gizlədilməsi məqsədi ilə edilir.
“Hakimiyyət isterika içərisindədir”
– Arif və Leyla Yunuslarla 20 il həbs cəzası istnilməsini necə dəyərləndirirsiniz?
– Bu proses göstərir ki, hakimiyyət isterika içərisindədir. Əvvəllər saxta ittihamlarla təqiblərə məruz qoyulan siyasi məhbusların məhkəmə proseslərinə heç olmasa az da olsa məsuliyyətlə yanaşar, ölkə ictimaiyyətini, beynəlxalq insan hüquqları təşkilatlarını aldatmaq üçün özlərini əziyyətə salar, demokratiya görüntüsü imitasiyası yaratmağa heç olmasa cəhd edərdilər. Bütün bunlardan da vaz keçilib. Indi bir neçə gün ərzində məhkəmə prosesini qurtarıb başa çatdırmaq fikrindədirlər. Leyla və Arif Yunusa qarşı irəli sürülmüş ittihamlar ən azı formal hüquq baxımından belə hər hansı tənqidə tab gətirmək iqtidarında deyil. Buna baxmayaraq bir neçə məhkəmə prosesi ərzində dövlət ittihamını həyata keçirən prokuror Fərid Nağıyev soyadlı hüquqşünas onlara qarşı irəli sürülmüş ittihamların sübuta yetirildiyini iddia edərək, Leyla Yunusa 11 il, onun həyat yoldaşı Arif Yunusa isə 9 il azadlıqdan məhrumetmə cəzası tələb etdi. Soruşan gərək, cənab dövlət ittihamçısı, yəqin ki, hüquqşünas, hansı sübutları araşdırdın? Kimlərin şahid ifadələrinə, hansı rəsmi sənədlərə istinad edərək bu rəyə gəldin? Sən hüququn nə olduğunu bilirsənmi? Sübutların mahiyyətindən anlayışın varmı? Yaxud sənin üçün əsas sübut- verilən sifarişdir?!
– Hazırkı ab-havada keçirilən seçkini seçki adlandırmaq mümkündürmü?
– Seçkilər ölkənin başlıca demokratiya göstəricisidir. Azad və demokratik seçki keçirilməsinə imkan yaradan hakimiyyət heç vaxt qanunsuz əməllərlə məşğul olub, korrupsiyaya qurşanmaz, milli gəliri və dövlət büdcəsini talamaqla məşğul olmaz. Normal seçki ölkədə demokratik dəyərlərə hörmət, Konstitusiya ilə nəzərdə tutulan əsas hüquq və azadlıqların təmini edməkdir. Təəssüf ki, Heydər Əliyevin başçılığı ilə keçmiş kommunist namenklaturasının hakimiyyətə yiyələnməsindən sonra, 1995-ci ilin parlament seçkilərindən başlayaraq keçirilən bütün seçkilər kökündən saxtalaşdırılıb. Yadınızdadırsa, Azərbaycanda parlament seçkisinin Prezident Aparatında tərtib olunmuş siyahı əsasında formalaşdırılacağı barədə ilk dəfə 1995-ci ildə, o dövrdə Prezident Aparatında işləyən Nemət Pənahlı məlumat verilmişdi. Hakim partiya bu hərəkətini uzun müddət ona bağışlaya bilmədi. Indi o, Qobustan qapalı həbsxanasında girov saxlanılır. Ölkədə isə, Heydər Əliyevin əsasını qoyduğu qaydada parlament seçkisinə hazırlıq gedir. Cəmiyyətdə heç bir seçki ovqatı hiss olunmur. Belə seçkilər cəmiyyətə yeni heç nə vəd etmir.
“Müstəqil məhkəmə olsaydı, seçki saxtalaşdırılmazdı”
– Bu yaxınlarda məhkəmə AXCP rəhbərliyində təmsil olunan Qarabağ qazisi Asif Yusifliyə qarşı ədalətsiz hökm çıxardı. Amma qanun hakimiyyət təmsilçilərinə qarşı tam başqa formada tətbiq edilir. Bu təzadı necə izah edirsiz?
– Bizdə hakimiyyət bölgüsü təmin edilməyib. Müstəqil hakimiyyət qolu olmalı olan məhkəmələr prezident və ona tabe olan icra hakimiyyətindən tam asılı vəziyyətdədirlər. Ölkədə tüğyan edən özbaşınalıq və hüquqi nihilizmin başlıca səbəbi də budur. Prezident də daxil olmaqla icra struktutları, məmurlar törətdikləri əməllərə görə müstəqil və qərəzsiz məhkəmə hakimiyyəti qarşısında dayana biləcəklərini düşünsəydilər, bu qanunsuzluqlara, əlbəttə, yol verilməzdi. Elə seçkiləri də saxtalaşdırmağa kimsə cürət etməzdi. Təəssüf ki, qanunları kobud surətdə pozan hakimiyyət təmsilçiləri məhkəmələrin onlardan cavab istəməyə cürət etməyəcəklərinə əmindirlər. Asif Yusifli barəsində çıxarılan hökmlə bağlı da məhkəmədən sorğu tələb edən yoxdur. O, qondarma ittihamla 6-7 il azadlıqdan məhrum edildi. Bir milyon manatlıq dələduzluq faktı ilə mühakimə olunan Gülər Əhmədova isə azadlığa buraxılır. Bütün bunlar ölkənin hüquq ictimaiyyətinin gözü qarşısında törədilir. Heç nədən çəkinmədən, məsuliyyət hiss etmədən. Vətən uğrunda döyüşlərdə sağlamlığını itirən Qarabağ əlili uydurma, yalan olduğu hamıya bəlli olan ittihamla ağır cəzaya yalnız siyasi mənsubiyyətinə görə məruz qalır. Çünki o, AXCP-nin, Gülər Əhmədova isə hakim partiyanın üzvüdür. Hakimiyyət partiyasının üzvləri istənilən ağır cinayətin törədilməsinə görə belə məsuliyyətə cəlb edilməyəcəyinə əmindir. Bu, hazırda ölkənin siyasi reallığıdır. Ölkənin sərvətlərini talayanlar, hüquqi məsuliyyətdən sığortalıdırlar. Bunu hamı bilir, görür, başa düşür və təəssüf ki, susur. Çünki susmayanlar, Asif Yusifli, Leyla Yunus, Xədicə Ismayıl və onlarla başqaları kimi qondarma ittihamlara məruz qalır, günahsız olaraq həbsə alınırlar.
“Dərmanları illərdir baha satanların adları açıqlanmalıdır”
– Günümüzün aktual mövzusu olan dərmanların qiyməti məsələsinə toxunmaq istərdim. Bununla qərar verildi və məlum oldu ki, dəyəri 5-7 manat olan dərmanlar qat-qat bahasına – 65 manata satılırmış. Məhz buna görə neçə-neçə xəstə vaxtında gərəkli dərmanları ala bilməyib. Bu məqam dərman sahəsini inhisarda saxlayanlar üçün hüquqi məsuliyyət yaradırmı?
– Biz dövlətin bütün strukturunu caynağına almış korrupsiyadan danışırıqsa, ictimai həyatın bu və ya başqa sahələrində nə isə pozitiv axtarıb tapmaq müşkül məsələdir. Ölkədə təhsil, səhiyyə, maarif, mədəniyyət, demək olar, bütün sahələrdə özbaşınalıq höküm sürür. Mövcud səhiyyə ocaqlarının hamısını məlum oliqarxlar qəsdən sıradan çıxarıb, şəxsi klinikalar ölkədə səhiyyəni ələ keçirib. Ölkənin bütün sahələrində olduğu kimi, səhiyyə sahəsi də monopolistlərin əlindədir. Bunların kimliyi də hamıya bəllidir. Kim təsəvvür edə bilər ki, dövlət hakimiyyət orqanlarının, Səhiyyə nazirliyinin, şəxsən səhiyyə naziri Oqtay Şirəliyevin iradəsindən və nəzarətindən kənar kimsə bu ölkəyə dərman preparatı gətirə və ya onun satışını təşkil edə bilər. Illərlədir ki, bu, daim insanların, xəstələrin müzakirə mövzusudur. Hamı bilir ki, xaricdə dəfələrlə ucuz olan dərman preparatları ölkəyə gətirilərək bəzən real qiymətindən 10-15 dəfə baha satılır. Bizdə müalicə, o sıradan cərrahiyyə əməliyyatları da qonşu dövlətlərdən kifayət qədər baha başa gəlir. Səhiyyə xidməti də xeyli keyfiyyətsiz və aşağı səviyyədədir. Son günlər Səhiyyə Nazirliyi dərman preparatlarının xaricdən alınaraq ölkəyə gətirilməsi və öz qiymətindən qat-qat baha qiymətə satıldığını rəsmi olaraq təsdiqlədi. Bir sıra dərmanların qiyməti aşağı salınaraq tənzimləndi. Lakin bu əməlləri illərlə törədən şəxslərin kimliyi açıqlanmadı və sirr olaraq qaldı. Belə çıxdı ki, bu dərmanlar ölkəyə qaçaqmalçılıq yolu ilə gətirilirmiş. Bunun belə olmadığı bu sahənin Səhiyyə Nazirliyinin monopoliyasında olduğu isə hamıya bəllidir. Maraqlıdır ki, ölkə əhalisinin 70% işsiz, kasıb səviyyədə yaşadığı və tibbi sığorta ilə əhatə olunmadığı halda ölkədə mövcud cərrahiyyə əməliyyatlarına qoyulmuş qiymətlər səhiyyə nazirini və dövlət başçısını düşündürürmü? Xalqın əsas hissəsi ən adi cərrahiyyə əməliyyatlarına belə girməyə vəsait tapa bilmir. Öz evini banka girov qoyub ailə üzvünü cərrahiyyə əməliyyatı etdirməyə məcbur olan insanlar minlərlədir. Bu problemi görən yoxdurmu?
“Xalq ağı-qaradan seçməyə qadirdir”
– Vaxtilə müxalifət düşərgəsində olan şəxslər dövlət başçısından mükafat aldıqdan sonra loyallıq edirlər və keçmiş əqidədaşların “tənqid” etməyə başlayırlar?
– Mövcud rejim hakimiyyətdə olduğu bütün dövr ərzində, ölkə müxalifətinə qarşı mübarizəyə ən prioritet sahələrindən biri kimi baxıb. Hakimiyyət bu çirkin fəaliyyətə çəkinmədən milyonlar xərcləyir. Hakimiyyət bu gün də heç nədən çəkinmədən müxalifət qüvvələri arasında nifaq salmaq, onların tanınmış nümayəndələrini istənilən çirkin üsul və vasitələrlə ələ almaq, onlara qarayaxma istiqamətində fəaliyyətini səngimədən davam etdirir. Hakimiyyətin bu addımları ara-sıra öz bəhrəsini verir və müxalifət cəbhəsindən qopmalar baş verir. Bütün bunlar hazırkı şəraitdə başadüşüləndir. Gördüyümüz kimi, real müxalifət düşərgəsi ağlasığmaz təqiblərlə daim üz-üzə dayanıb. Bu ölkədə 20 ildir ki, müxalifətçilik kimi ağır bir yükü çiyinlərində daşıyan mərd-mübariz, qorxmaz insanlar mövcuddur. Onlar özləri, ailə üzvləri, qohum-əqrəbaları da daim təqib və repressiyalara məruz qoyulurlar. Onların, demək olar, hamısı işsizdirlər, işdən çıxarılmış, özünü və ailə üzvlərini saxlamaq üçün minimum gəlir mənbələrindən də məhrum ediliblər. Onlar həmçinin daim psixoloji və mənəvi təzyiqlərə də məruz qoyulurlar. Diqqət yetirin, son zamanlar Qənimət Zahid və Emin Millinin qohumlarına təsir nəticəsində onlar, gülünc də olsa, öz qohumlarından imtina barədə müraciətlərə imza etmək məcburiyyətində qalıblar. Əsas odur ki, cəmiyyət kimin-kim olduğunu haraya xidmət etdiyini görsün, anlasın və başa düşsün. Elin gözü tərəzidir – deyərlər. Bu ölkədə baş verənlərin hamısını xalq yaxşı görür və ağı-qaradan seçməyə qadirdir.
Xəyal