Ağstafa polisi konfransı dağıtdı
Hakimiyyət dağıdıcı və cılız siyasətini davam etdirir. Hər dəfə sübut olunur ki, bu hakimiyyətin siyasi rəqiblərlə mərd-mərdanə mübarizə aparmaq qətiyyəti yoxdur. Bir neçə aydan sonra ölkədə parlament seçkiləri keçiriləcək. Ancaq YAP hakimiyyəti bütün dünyanın nəzərində mafioz dəstə kimi tanınır. Çünki hakimiyyət müxalifət partiyasına bütün vasitələrlə maneə törədir. Dünən də AXCP Ağstafa rayon şöbəsinin konfransına imkan verilməyib. Hakimiyyət AXCP-ni özünə qarşı yeganə rəqib gördüyü üçün bütün təzyiqlərini bu partiyaya yönəldib.
AXCP Ağstafa rayon şöbəsinin Ali Məclis üzvü, təşkilat komitəsinin sədri Sövdəgar Mursaquliyev “Azadlıq”a açıqlamasında bildirib ki, konfrans keçirmək üçün dəfələrlə rayon rəhbərliyinə müraciət edilsə də, heç bir reaksiya verilməyib. Ona görə də konfransı cəbhəçilərdən birinin həyətində keçirmək qərarına gəliblər. Amma 50-dən artıq polis əməkdaşı konfrans keçirilən həyətə daxil olaraq, dağıdıcılıq edib, zorakı üsullara əl atıb və konfransın keçirilməsinə imkan verməyib.
Polislər Sövdəgar Mursaquliyevin özünü də Ağstafa Rayon Polis Şöbəsinə aparsalar da, sonradan buraxıblar.


