O, komandası ilə bacarmır, yoxsa daxili auditoriyanı aldadır?
Bu barədə dəfələrlə yazmışıq. Amma eyni vəziyyət davam etdiyinə görə təkrar yazmaqda fayda var. Daha dəqiq desək, təkrar yazmaq zərurəti yaranır. Hər dəfə ölkə başçısı geniş tərkibdə müşavirə keçirir, vədlər verir, barmaq silkələyir və s. Amma hər dəfə də müşavirələrin qara qəpik qədər dəyəri olmadığını müşahidə edirik. Məmur özbaşınalığından tutmuş, süni qiymət artımlarına qədər bütün problemli sahələrə toxunulub. Amma toxunulan sahələr nəinki düzəlib, əksinə, daha da şaxələnib.
Binəqədidə yanan bina ölkənin gündəmini zəbt etdi, bu faciəli hadisədə 15 insan həyatını itirdi və ölkə başçısı təcili müşavirə keçirib tapşırıqlarını verdi. Hətta əminliklə günahkarların cəzalandırılacağı vədini də vermişdi. Həmin vaxt prezident bildirmişdi ki, bu faciə qarşısında Avropa Oyunlarının heç bir dəyəri yoxdur. Amma Avropa Oyunlarının təbliğatı hələ də gedir, yanğına görə məsuliyyət daşıyanlar isə azadlıqda gəzir.
Ardınca daha geniş müşavirə keçirildi və qiymətlərin endirilməsi əsas müzakirə mövzusu oldu. AZAL-ın biletlərinin baha satılması, turizm obyektlərinin bahalı xidmət göstərməsi, dərmanların keyfiyyətsiz və baha satılması məsələlərinə toxunuldu və tez bir zamanda məsələnin həllini tapacağı vədi verildi.
Amma məlum müşavirədən bir müddət sonra AZAL yalnız 4 istiqamətə uçuş biletlərini aşağı saldı, əvəzində isə hər 5 kilo yükə görə 50 manat rüsum tətbiq edildi. Yəni AZAL-ın qiymət islahatı “analoqsuz” oldu. Turzim mərkəzlərində heç bir dəyişkilik edilmədi. Əksinə, statistik məlumatlar göstərir ki, təkcə ötən ay 160 min Azərbaycan vətəndaşı Gürcüstana üz tutub. Təbii ki, bu adamların müəyyən hissəsi müalicə məqsədilə gedib. Amma istirahət ucuz başa gəldiyi üçün xeyli sayda insan turist kimi də səfər eləyir. Demək istəyirik ki, prezidentin müvafiq tapşırıqlarından sonra da vəziyyət dəyişmədi və vətəndaşın talanamsı prosesi davam edir. Dərman preparatlarının qiymətinin endirilməsi daha çox müzakirə mövzusu oldu. Ötən yazımızda da qeyd etmişdik ki, qiymət endirimləri 4500 adda dərmanın cəmi 250-ni əhatə edib. Bəzi dərmanların qiymətində isə 2-3 qəpik endirim baş verib. Üstəlik, dərman preparatlarının qiymətinin ucuzalşması mart ayına qədər davam etdiriləcək. Deməli, bu sahəni monopoliya edən şəxslər külli miqdarda qazanmağa davam edəcəklər.
Göründüyü kimi, müşavirədə səslənən fikirlər özünü doğrultmur. Niyə Ilham Əliyev məsul şəxslərdən hesab tələb etmir, ötən iclasın ilkin nəticələri niyə tələb olunmur? Nəticəyə 2 aspektdən qiymət vermək olar. Ya Ilham Əliyev qiymət mafiyası ilə bacarmır, ya da özü prosesin içindədir. Bugünə qədər olan faktlar onu göstərir ki, neqativ tendensiyalar hökumətin özündən qaynaqlandığı üçün real islahatlar baş tutmur. Fakt budur ki, prezidentin tapşırıqlarına heç bir sahədə əməl edilmir, “ənənə”lər davam edir. Hətta seçki öncəsi dövrdə də real addımlar atmaq istəmirlər.
Əslində bu şəraitdə hakimiyyət istefaya getməli, ölkə başçısı bacarmadığını etiraf etməlidir. Bu gün ölkə xəstəxanalarında növbədir, bütün xidmətlər pulludur, insanlar aptek növbələrindədir. Heç olmasa dərman qiymətləri ilə bağlı problemi tamamən həll etmək olardı. Amma hakimiyyət vətəndaşla düşmən kimi rəftar edir və zərrə qədər nəfəslik buraxmır. Gömrükdə, xəstəxanada, məktəbdə, istirahət məkanlarında, biznesdə və digər sahələrdə vətəndaş talan edilir.
Ölkə başçısı isə müşavirələrdə hamının bildiyi və yaşadığı problemləri xatırlatmaqla yetərlənir.
Azad



