“Bandotdel” 7400 nəfərin ölkədən çıxışına qadağa qoyub?

Ehsan Zahidov: «Beynəlxalq Banka olan borclarını qaytarmadığına görə ölkədən çıxışına qadağa qoyulmuş insanların sayı dəfələrlə artıq göstərilib»

DIN-nin Baş Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə Idarəsi (“Bandotdel”) “kredit qalmaqalı”na görə 7400 nəfərin ölkədən çıxışına qadağa qoyub. Bu sensasion məlumatı AzPolitika.info yayıb. Məlumatda deyilir ki, “Bandotdel” Beynəlxalq Bankdan kredit alan hər kəsi təhqiqata cəlb edib. Bu məqsədlə Beynəlxalq Bankdan kredit götürmüş 7400 nəfərin ölkədən çıxışına qadağa qoyulub. Nə qədər qəribə olsa da, ölkədən çıxışına qadağa qoyulanlar arasında Beynəlxalq Bankdan götürdüyü kreditləri vaxtında ödəməyən və ya aylıq ödənişləri gecikdirənlərlə yanaşı, vaxtilə kredit alıb qaytaranların da adları var. Məlumata görə, bu şəxslərin siyahısı “Bandotdel”ə Beynəlxalq Bankın rəhbərliyi tərəfindən verilib.

Əksəriyyəti Beynəlxalq Bankdan istehlak krediti götürən bu şəxslərin bir çoxunun “Bandotdel”ə çağrıldığı, krediti nə üçün, hansı yolla götürdüyünə dair sorğu-sual edildiyi bildirilir.

DIN mətbuat xidmətinin rəis müavini Ehsan Zahidov isə Moderator.az-a bildirib ki, yayılan məlumatda rəqəmlər şişirdilib: “Bandotdel” 7400 nəfərin ölkədən çıxışına qadağa qoydu!" sərlövhəli məqalədə göstərilən rəqəmlər reallığı qətiyyən əks etdirmir. Belə ki, yazıda Beynəlxalq Banka olan borclarını qaytarmadığına görə ölkədən çıxışına qadağa qoyulmuş insanların sayı (7400 nəfər) dəfələrlə artıq göstərilib.

Məlumat üçün bildirim ki, banka borcu olanların əksəriyyəti DIN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə Idarəsinə dəvət olunmadan öz borclarını ödəyiblər. Ölkədən çıxışına məhdudiyyət qoyulmuş borcluların da artıq 50-55 faizi götürdükləri krediti ödədiyindən, qanuni olaraq barələrində tətbiq edilmiş məhdudiyyət aradan qaldırılıb".