Azərbaycan bankları ilə bağlı qara xəbər

ABŞ-ın nüfuzlu təşkilatı bank sistemimizlə bağlı qorxulu proqnoz verdi

Azərbaycanın bank sistemi mənfi ssenari ilə inkişaf edəcək. Bu barədə “Moody”s Investors Service agentiliyi bildirir. Agentlik bunun səbəbi kimi ölkənin neftdən asılılığı, fevral devalvasiyasının aktivlər, kapital və rentabelliliyə təsirini göstərir.

Keçən il Ümumdaxili Məhsulun (ÜDM) 37 faizi karbohidrogen satışının payına düşüb. Agentlik hesab edir ki, bu il ÜDM artımı 1 faiz, gələn il 1,7 faiz olacaq. “Iqtisadi artımın azalması dövlət xərcləri təşəbbüsləri, xarici valyuta ilə ehtiyatlarla (70 faiz) kompensasiya edilə bilər”, – deyə agentlik bildirir.

“Moody”s devalvasiya ilə bağlı bank aktivlərinin keyfiyyətinin pisləşməsini gözləyir. Yüksək inflyasiya, əhalinin alıcılıq abiliyyətinin az olması problemli kreditlərin 15 faizədək artmasına səbəb olacaq. 2014-cü ildə bu göstərici 11,4 faiz olub..

Valyuta aktivlərinə yenidən qiymət verilməsi bankların mənfəətinə və kapitallaşmasına təsir edəcək.

Agentliyə görə, orta kredit xərcləri 3 faiz olacaq. Devalvasiya manata etibarı azaldıb, nəticədə valyuta aktivləri ilə bankların öhdəlikləri arasında fərq artıb.

Qeyd edək ki, artıq Beynəlxalq Bankdan sonra daha bir bank ətrafında qalmaqal yaranıb. Söhbət “Bank Technique”dən gedir. Hansısa səbəbdən əmanətçilər bankdan pullarını çızara bilmirlər. Müştərilər bildirir ki, pullarını tələb etdikdə şantaj və təhdidlə üzləşirlər. Bundan başqa bankla əməkdaşlıq təşkilatlar artıq “Bank Technique”dən imtina edir. Lakin həmin təşkilatlar da pullarını bankdan çıxara bilmirlər. Məsələn, Kənd Təsərrüfatı Nazirliyi bankla əməkdaşlığı dayandırsa da, 10 milyon manat pulu hesabdan çəkə bilmir. Bakı Metropoliteninin də “Bank Technique”də xeyli pulunun “ilişib” qaldığı deyilir. Bank metropolitenlə əməkdaşlığı dayandırsa da, onlar hesabdakı qalıq pulu çəkə bilmirlər. Məlumatlara görə, Bakı Metropoliteninin “Bank Technique”də 2 milyona yaxın vəsaiti qalır. Bundan başqa notariuslar, Baş Dövlət Yol Polisi Idarəsi, “Santral Elektrik” şirkəti və s. qurumlar da öz hesablarını bankdan çıxarıblar. Lakin onların da müəyyən məbləğdə pullarının hesablarda qaldığı bildirilir.

Dünən isə “Aqrolizinq” ASC “Bank Technique” ASC ilə əməkdaşlığı dayandırıb. “Aqrolizinq” ASC-nin saytında yerləşdirilmiş məlumata görə, bundan sonra quruma bank xidmətlərini “Kapital Bank” ASC göstərəcək.