Arif Yunusun vəziyyəti məhkəmədə yenə pisləşdi; təcili tibbi yardım çağırıldı
Leyla Yunus: «Arif Yunus infarkt həddindədir, buna görə siz məsuliyyət daşıyırsız…»
Sülh və Demokratiya Institutunun direktoru, tanınmış hüquq müdafiəçisi Leyla Yunus və onun həyat yoldaşı, tarixçi alim Arif Yunusun məhkəməsi yekunlaşmaq üzrədir. Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əfqan Hacıyevin sədrliyilə bu iş üzrə keçirilən prosesdə artıq məhkəmə istintaqı tamamlanıb. Dünən prokuror çıxış edərək, Leyla Yunusa 11, Arif Yunusa isə 9 il həbs cəzası istəyib.
Niderland səfirliyi Yunusların məhkəməsindən şikayət verəcək
Leyla və Arif Yunusların işi üzrə dünənki məhkəmə iclası da prosesi izləməyə gələnlərə tətbiq olunan məhdudiyyətlər baxımından əvvəlkilərdən fərqlənməyib. Məhkəmə iclası faktiki yarım-qapalı şəraitdə keçirilib. Prosesi izləməyə gələn çoxsaylı jurnalistlər, tanınmış siyasilər, vətəndaş cəmiyyətinin təmsilçiləri, hətta diplomatik korpusun nümayəndələri də məhkəmə iclasına buraxılmayıb. Yalnız Amerika, Fransa və Böyük Britaniya səfirliklərinin təmsilçiləri məhkəmə zalına buraxılıb. Avropa Ittifaqının Bakıdakı nümayəndəliyinin əməkdaşı və tərcüməçisi, Niderland səfirinin müşaviri, Almaniya səfirliyinin təmsilçilərinə prosesi izləməyə imkan verilməyib.
Məhkəmə binasının giriş qapısı qıfıllanıb. Niderland səfirinin müşaviri, səfir ölkədə olmadığından hazırda onun səlahiyyətlərini icra edən Özlem Canel məhkəmə nəzarətçilərinə müraciət edərək, zala buraxılmamasının səbəbini soruşub, ona bununla bağlı rəsmi cavab verilməsini istəyib. Amma ona heç bir cavab verilməyib. Diplomat bu cür münasibət barədə müvafiq qurumlara məlumat verəcəyini bildirərək, məhkəmə binasının qarşısını tərk edib.
Almaniya səfirliyinin nümayəndəsi də hörmətsizliklə üzləşib. Onu əvvəlcə qapını açıb, məhkəmənin dəhlizinə buraxsalar da, təxminən 35 dəqiqə ərzində orada gözlədib, sonra dəhlizdən də çıxarıblar.
Məhkəmə iclasının gedişi barədə jurnalistlərə açıqlama verən vəkillər bildirib ki, ilk dəqiqələrdən Arif Yunusun vəziyyəti yaxşı olmayıb. Bu səbəbdən də iclas başlayan kimi Leyla Yunus hakimlərə həyat yoldaşının vəziyyətinin ağır olduğunu deyib və ona təcili şəkildə tibbi yardım göstərilməsini istəyib. Hüquq müdafiəçisi bildirib ki, Arif Yunus infarkt həddindədir: “Ona hər gün səhər iynə vururlar. O, hətta otura, tərpənə bilmir ağrıdan. Onun həyatı təhlükədədir. Buna görə siz məsuliyyət daşıyırsız”.
Arif Yunus elə həddə çatıb ki, məhkəmə zalındakı şüşə kabinədəki skamyanın üstündə uzanmaq məcburiyyətində qalıb.
Bu səbəbdən məhkəmədə yarım saatlıq fasilə elan olunub. Bu müddətdə həkim elə məhkəmə zalında Arif Yunusa tibbi yardım göstərib.
“Xəstə olsalar da, həbsdə qalmalıdılar…”
Fasilədən sonra prokuror çıxış edib. Bu iş üzrə dövlət ittihamını müdafiə edən Fərid Nağıyev çıxışında deyib ki, Leyla və Arif Yunusovlara qarşı irəli sürülmüş ittihamlar məhkəmədə sübuta yetirilib. Onun sözlərinə görə, Leyla Yunus xarici donor təşkilatlarıyla bağladığı 27 qrant müqaviləsinin yalnız 4-nü Ədliyyə Nazirliyində qeydiyyatdan keçirib.
Qeyd edək ki, prokurorluq qeydiyyatdan keçirilməyən qrant layihələrinin icrasını qanunsuz sahibkarlıq kimi qiymətləndirir. Azərbaycan qanunvericiliyinə görə, qrant vəsaitləri vergidən azaddır. Lakin prokurorluq qeydiyyatdan keçməyən qrant müqavilələri üzrə fəaliyyəti qanunsuz sahibkarlıq kimi dəyərləndirməklə yanaşı, həm də o layihələr üzrə alınmış vəsaitlərə vergi hesablayır. Prokuror çıxışında Leyla Yunusun 369 min manatlıq vergidən yayındığını iddia edib.
Dövlət ittihamçısının sözlərinə görə, Leyla Yunus 9 dəfə prokurorluğa çağırılsa da, gəlməyib və bununla da istintaqdan yayınıb: “Aprelin 28-də ilk çağırışı alandan dörd saat sonra hava limanında olub”.
Prokuror əlavə edib ki, Leyla və Arif Yunusların səhhətində müəyyən problemlər olsa da, bu onların həbsdə saxlanılmasını qeyri-mümkün etmir. Və çıxışının sonunda Leyla Yunusun 11, Arif Yunusun isə 9 il azadlıqdan məhrum edilməsini təklif edib.
Prosessual ardıcıllığa görə, dövlət ittihamçısından sonra vəkillər müdafiə nitqilə çıxış etməlidir. Leyla və Arif Yunusların vəkilləri çıxışa hazırlaşmaq üçün məhkəmədən 10 gün vaxt istəyib. Lakin məhkəmə onlara cəmi 4 gün vaxt verib. Məhkəmə prosesi avqustun 10-da davam edəcək.
“Prokurorun çıxışı əsassızdır”
Məhkəmə iclasından sonra Arif Yunusun vəkili Əfqan Məmmədov jurnalistlərə açıqlama verərək bildirib ki, prokurorun onun müvəkkilinə 9 il həbs cəzası istəməsi tamamilə əsassızdır. Onun sözlərinə görə, prokuror öz çıxışında yeni heç nə deməyib, ittiham aktında yazılanları təkrarlayıb.
“Prokuror izah eləmədi ki, Arif Yunusun cinayəti nədən ibarətdir? Arif Yunusa dələduzluq ittihamı veriblər. O, kimin etibarından sui-istifadə edib? Kimin əmlakını, vəsaitini mənimsəyib? Kimi aldadıb? Ittihamın bütün mahiyyəti ondan ibarətdir ki, Arif Yunus pullarını özünün bir hesabından başqa bir hesabına köçürüb. Digər bir cinayət isə odur ki, Arif Yunusun xaricdə yaşayan qardaşları ona mənzil alması üçün pul verib. Bunun nəyi cinayətdir?”, – deyə vəkil bildirib.
Əfqan Məmmədov onu da qeyd edib ki, məhkəmədə 24 şahidin heç biri Arif Yunusun əleyhinə ifadə verməyib.
Leyla Yunusun vəkili Ramiz Məmmədov da prokurorun çıxışının əsassız olduğunu deyib.



