YAP seçkiyə hansı arqumentlə gedir?

Yaxud vətəndaşın səsinə deyil, rejimin yaratdığı qorxu mühitinə arxayın olanlar

Bir neçə aydan sonra ölkədə parlament seçkisi keçiriləcək. Təbii ki, ölkədə hər hansı seçki ab-havası yoxdur, hökumət seçki islahatları aparmaqda həvəsli deyil. Yəni YAP hakimiyyəti vətəndaşın seçkiyə olan ümid və inamını öldürüb. Hamı bilir ki, bütün seçkilər saxtalaşdırılır.

Amma bu yazının məqsədi başqadır. Belə ki, tez-tez YAP təmsilçiləri partiyanın seçkilərə hazırlaşdığını, namizədlərin müəyyənləşdirildiyini, ciddi təbliğat kampaniyasının aparılacağını söyləyirlər. Indi sual budur ki, YAP namizədləri seçkiyə hansı “azuqə” ilə, hansı arqumentlə, hansı üzlə gedəcəklər? YAP namizədi seçiciyə hansı uğuru göstərə bilər?

20 ildən artıqdır ki, Qarabağ məsələsində irəliləyiş yoxdur, 2.5 milyon əhali kredit girovuna çevrilib, təhsil, səhiyyə, hüquq sistemi şikəst vəziyyətə salınıb, milyonlarla vətəndaş dolanışıq üçün ölkə xaricinə qaçıb, təhsil haqları kəllə-çarxa çıxıb, hələ də həkim, müəllim, təqaüdçü dilənçi puluna möhtacdı, kənd təsərrüfatı böhran vəziyyətindədi, kütləvi ixtisarlara start verilib, bir gecənin içində vətəndaşa vurulan 2.2 milyard zərər ödənilmir, məmur özbaşınalığı, intiharlar adi hala çevrilib, bütün dünya bu hakimiyyətdən üz döndərib, telekanallar məddahlıq və ucuz şou ilə bəzədilib, bütün xəstəxanalar pullu fəaliyyət göstərir, bütün məhsullar vətəndaşa 15-20 dəfə baha satılır, ölkənin ən vicdanlı simaları şərlənərək həbs olunur, yüksək vəzifəlilər milyardlarla manat vəsait oğurlayıb və prezidentin gurultulu müşavirələri söz olaraq qalıb. Bütün bunlardan sonra hakimiyyət vətəndaş üçün niyə cəlbedici olmalıdır?

Təkcə son günlər baş verənlər hökumətin mahiyyətini, insani dəyərlərə nə qədər sahib olduğunu göstərdi. Bir tərəfdə 60 yaşlı Leyla Yunusa verilən işgəncələr, o biri tərəfdə tanınmış jurnalist Qənimət Zahidin yaxınlarının narkotika ittihamı ilə şərlənib həbs edilməsi, digər tərəfdə evsizlik səbəbindən özünü yandıran məcburi köçkün və s. Yaxud vətəndaş görür ki, hakimiyyət ermənilərə qucaq açmış Rusiyanın qarşısında diz çöküb, Ermənistanı işğalçı kimi tanıyan ölkələrə savaş açıb. Yəni daxili və xarici siyasətin yaratdığı mənzərə hakimiyyətdən imtinanı zəruri edir. Artıq sıravi vətəndaş da bilir ki, hökumətin bütün addımları, məqsədi və ümidi cəmiyyətdə qorxu mühiti yaratmağa hesablanıb. Ən iyrənc ssenarilərəəlliflik edən hakimiyyətin oyununda heç bir şüurlu vətəndaş iştirak etmək istəməz.

Göründüyü kimi, ölkə hər gün sosial-iqtisadi baxımdan uçuruma yuvarlanır, insanlar ən xırda problemlərin həllinə nail ola bilmirlər və bütün bunlar YAP hakimiyyətinin “analoqsuz inkişaf”ının nəticəsidir. YAP-ın namizədləri ancaq Avropa Oyunlarının açılış mərasimindən danışa bilər ki, bunu da ac seçici çoxdan unudub.

Deməli, YAP yenə də seçkiyə qorxu siyasətinə arxayın olaraq, polisin dəyənəyinə ümid edərək və alternativləri sıradan çıxarmaqla gedir.

Ona görə də “YAP seçkiyə hazırlaşır”, “namizədlərimizi müəyyənləşdirmişik” kimi ifadələr cəmiyyətdə acı gülüş doğurur. Son 5 ildə ölkədə xeyli ciddi hadisələr baş verib. YAP namizədləri hansı məsələdə vətəndaşın tərəfindən çıxış edib? Yanğın nəticəsində həlak olan 15 insanın haqqını tələb edən, devalvasiyadan sonra vətəndaşın mövqeyindən çıxış edən, israrla hökumətdən kredit faizlərinin endirilməsini istəyən, mandat alverinə görə qürurlu mövqe sərgiləyən, hakim ailə haqqındakı korrupsiya faktlarına münasibət bildirən, övladları harınlıq edən məmurların istefasını müzakirəyə çıxaran, şəhid ailələrinin sığorta pulunun verilməməsinə üsyan edən, hakimiyyətin ermənipərəst ölkələrə milyonlar yatırmasına qarşı çıxan millət vəkili gördünüzmü? Illərlə kreslo zəbt edib, hökumətin “dua”larına “amin” deyən deputat vətəndaşın nəyinə gərəkdi?

Bütün dünyada “erməni” axtarışına çıxan, ölkənin vicdanlı vətəndaşlarına “ermənipərəst” damğası vuran bir deputata hansı seçici simpatiyası ola bilər?

Göründüyü kimi, YAP həmişə olduğu kimi vətəndaşın hüzuruna üzü qara gedir. 100 milyardlarla neft pulunun daxil olduğu ölkədə milyonlarla vətəndaş borc içində boğulur. Indi neftin kəskin azalması fonunda hökumət vətəndaşa hansı vədi verə bilər? Artıq vətəndaş başa düşür ki, 100 milyardların axdığı zaman millətə qayğı göstərməyənlər, “pul bulağı”nın quruduğu vaxtda vətəndaşa xoşbəxtlik bəxş edə bilməz.

Akif