“Xalq Əliyevin siyasətinə qarşıdır”

«Repressiyalarla hakimiyyətin ömrünü uzatmaq istəyi əbəsdir»

Gözəl Bayramlı: «Hakimiyyətin davranışlarına baxmayaraq demokratiya uğrunda mübarizə qələbəyə qədər davam edəcə

Azərbaycan hakimiyyəti ciddi beynəlxalq təpkiyə baxmayaraq repressiya siyasətini davam etdirməkdədir. Ölkədə faktiki 37-ci ilin ab-havası hökm sürür. “Azadlıq” qəzetinin baş redaktoru, “Azərbaycan Saatı” proqramının rəhbəri Qənimət Zahidə, “Meydan TV”nin rəhbəri Emin Milliyə qarşı atılan son addımlar bunun əyani təsdiqidir. Illər ötdükcə hakimiyyətin vətəndaş cəmiyyətinə qarşı təzyiqləri formaca dəyişir. Əvvəllər hakimiyyət siyasi meydanda ona qarşı olan, onun mahiyyətini ifşa edən xanım rəqiblərini həbs etmirdisə, bu sədd də artıq aşılıb. Yürüdülən siyasətin istər cəmiyyətdə, istərsə də beynəlxalq aləmdə neqativ qarşılanmasına, iqtidarın reytinqinə mənfi təsir etməsinə rəğmən ondan imtina edilmir. AXCP sədrinin müavini, Milli Şuranın Koordinasiya Mərkəzinin üzvü Gözəl Bayramlı ilə müsahibəmizə hakimiyyətin bu siyasi məntiqinin nədən qaynaqlandığını sual etməklə başladıq:

– Hakimiyyət xalqın bu rejimdən narazı olduğunu gözəl anlayır və bir gün bu narazılığın kütləvi şəkildə ifadə olunacağından qorxur. Bu narazılıqlar müxtəlif formalarda və açıq şəkildə ifadə olunduğu, hakimiyyətin antixalq siyasətinə etiraz olunduğu üçün cəmiyyətin fəal təbəqəsi hədəfə alınır. Onlar qondarma ittihamlarla həbsə atılır, 37-ci il üsulları ilə məhkəmələr qurulur, hətta onların qohumlarına qarşı repressiya siyasəti həyata keçirilir, işdən çıxarılır, şərlənərək həbs olunur, onlara qohumluqdan imtina ərizəsi belə yazdırılır. Görünən odur ki, ölkə rəhbərliyi Azərbaycanda avtoritarizmin dayaqlarını möhkəmləndirmək siyasətini israrla davam etdirir. Həyata keçirdiyi repressiv siyasətin kökündə də bu amil dayanır və cəmiyyətdə qorxu yaratmaq da məhz rejimin ömrünü uzatmağa yönəlib.

Şərlənərək həbsə atılan tanınmış jurnalist Xədicə Ismayıl və Leyla Yunusun bu günlərdə davam edən məhkəmə proseslərində də bunun şahidi oluruq. Hər iki məhkəmə prosesində bu prosesi izləmək istəyən ictimaiyyət nümayəndələrinə, siyasi xadimlərə, mətbuat təmsilçilərinə imkan verilmir. Əvvəlcədən onsuz da çox kiçik olan məhkəmə zalı bu prosesə aidiyyəti olmayan, hakimiyyətin maraqlarını müdafiə edən adamlarla inzibati qaydada doldurulur və zala başqa adamların daxil olmasına imkan verilmir. Bu onun göstərir ki, bu məhkəmə prosesləri qondarma və saxta ittihamlar üzərində qurulub və ona görə də prosesin işıqlandırlmasına cidd-cəhdlə maneçilik törədirlər. Hakimiyyətin onu tənqid edən, hakim ailənin biznesini araşdıran jurnalist Xədicə Ismayıla, Azərbaycanda insan haqlarının kobud şəkildə pozulmasını, siyasi məhbusların mövcudluğunu dünyaya çatdıran hüquq müdafiəçisi Leyla Yunusa qarşı bu davranışı qisasçılıqdır, hətta qadın rəqiblərinə qarşı dözümsüz və qəddarcasına münasibətin görsənişidir.

Eyni zamanda hakimiyyət cəmiyyətə o mesajı verməyə çalışır ki, Azərbaycanda hər hansı demokratik proseslərdən, hətta qarşıdakı parlament seçkilərində normal seçki mühitinin yaradılmasından söhbət belə gedə bilməz. Çünki, seçki prosesi zamanı siyasi fəallığın artması onları narahat edir, xalqın etimadına güvənən insanların qalib gəlməsindən qorxurlar. Hakimiyyətdən insan hüquqları, demokratiya, azad mətbuatı qorumaq barədə üzərinə götürdüyü öhdəliklərə əməl etməyə çağıran Avropa Şurasına, Avropa Birliyinə və bütövlükdə Qərbə qarşı Avropa Oyunlarından sonra Ilham Əliyevin Nazirlər Kabinetinin iclasındakı çıxışı zamanı necə hücuma keçdiyini yəqin xatırlayırsınız. Bununla o, həm də cəmiyyətə mesaj verirdi ki, bundan sonra da “uğurlu” siyasətini davam etdirib, Azərbaycanı dünyadan təcridetmə siyasətinə sadiq qalacaq. Siyasi məhbusların azadlığa buraxılması tələblərinə belə verilən sərt reaksiyalar da bunun göstəricisidir. O, nəinki siyasi məhbusları azad etdi, siyasi fəaliyyətinə görə təqib olunduqları üçün ölkəni tərk etmək məcburiyyətində qalan şəxslərin qohumlarına qarşı təzyiqlərə, repressiyalara start verdi. Qənimət Zahid və Emin Millinin qohunlarına qarşı baş verənlər buna canlı sübutdur.

Növbəti seçki imitasiyası cəhdi”

– Parlament seçkilərinə üç ay qalıb. Hakimiyyət parlament seçkilərinə ağır ab-havada gedir. Hakimiyyətin nə demokratik düşərgə, nə də beynəlxalq aləmlə münasibətləri normaldır. Belə şərtlər daxilində keçirilən seçki nə vəd edir? Əslində hakimiyyətin repressiv siyasətini gücləndirməsini də onun zəruri edən bu faktor deyilmi?

– Təbii ki, bu cür ağır şərtlər daxilində davam etdirilən siyasətin bir məqsədi də noyabrda keçiriləcək parlament seçkilərini əvvəlki seçkilər kimi saxtlaşdırmaq, cəmiyyəti bələdiyyə seçkiləri kimi səssiz-səmirsiz bir seçki ilə üzbəüz qoymaq, parlamentə yenə də vahid siyahı ilə deputatlar təyin etmək, bir sözlə, seçki yox, seçki imitasiyası həyata keçirmək istəyidir. Seçkiyə bir neçə ay qalsa da, hər hansı demokratik seçki mühiti yoxdur. 2010-cu ildə keçirilən parlament seçkisinin təkrarlanacağı hiss olunur. Yenə də istədikləri adamları parlamentə buraxmaq, “dialoq” müxalifətinin təmsilçilərinə mandat verməklə demokratik seçki imitasiyası yaratmaq. Demokratik seçki mühiti, normal rəqabət şəraiti olmadan, hər kəsə bərabər imkanlar tanınmadan, siyasi məhbuslarımız azad edilmədən hər hansı demokratik seçkidən söhbət gedə bilməz. Müxalifətin mövqeyini ifadə edən cəmi bir neçə informasiya orqanının basqılar altında olduğu, antidemokratik mühitin davam etdiyi bir şəraitdə hansı demokratik seçkilərdən danışmaq olar? Hakimiyyətin normal, demokratik seçki keçirmək niyyətinin olmadığı aydın görünür. Seçki komissiyalarının yenidən formalaşmasını, seçki qanununda dəyişikliklərin edilməsini qoyaq bir kənara, yüz nəfər siyasi məhbus olan ölkədə demokratik seçkidən danışmaq olarmı? Əgər hakimiyyət normal seçki keçirmək istəyirsə, siyasi məhbus probleminin həlli istiqamətində addım atmalıdır. Bu istiqamətdə nəinki addımlar atılmır, əksinə, uydurma ittihamlarla həbs olunan insanlara qarşı məhkəmələrdə siyasi sifarişlə ağır həbs cəzası verilir. Son günlər AXCP Rəyasət Heyətinin üzvü, Qarabağ qazisi Asif Yusifliyə yeddi il yarım həbs cəzası verilməsi buna bir sübutdur. Leyla Yunus, Xədicə Ismayılın məhkəmələri göz önündədir. Onların məhkəmələrində hətta mətbuatın, müxalifət liderlərinin iştirakına imkan yaradılmır. Bu onu deməyə əsas verir ki, hakimiyyət cəmiyyətdəki repressiya siyasətini davam etdirmək niyyətindədir. Çünki cəmiyyətin fəallaşa biləcəyindən narahatdır, xalqın narazılığının artan xətlə getdiyinin fərqindədir.

Onsuz da bu siyasətin heç bir perspektivi yoxdur. Avtoritar rejimin dayaqlarını möhkəmləndirmək siyasəti iflasa uğrayacaq, rejimin ömrünü uzatmaq siyasəti heç bir nəticə verməyəcək. Çünki cəmiyyət bu siyasətə qarşıdır və bununla barışmaq niyyətində deyil. Heç bir avtoritar idarəçilik insanların demokratiya istəyinə əngəl ola bilməz.

Sentyabrdan aksiyalar geri dönür”

– 2005-ci ilin may ayında artıq müxalifət düşərgəsində bir seçki ab-havası var idi. O zaman beynəlxalq təşkilatlar fəaliyyətsizlikdə ittiham olunurdu. Amma hazırda beynəlxalq olduqca sərt mövqedən çıxış edir. Müxalifət düşərgəsinin seçkilərlə bağlı planı nədir? Hansı addımların atılması planlaşdırılır?

– Milli Şura, AXCP olaraq biz sentyabr ayından kütləvi aksiyalara start verəcəyik. Bu barədə bizim qərarımız var. Milli Şuranın son sessiyasında parlament seçkilərində iştirak müzakirə olundu və bu barədə mövqeyimiz cəmiyyətə çatdırıldı. Seçkidə iştirakımızı mümkün edən şərtləri, tələbləri hakimiyyət qarşısında qoymuşuq və o tələblərdə israrlıyıq. Biz seçkilərdə iştirak etmək niyyətindəyik, ancaq nəticəsi bəri başdan bəlli olacaq seçki tamaşasında rol almaq kimi bir niyyətimiz yoxdur.

Asif Yusifli barədə qərar hakimiyyətin Qarabağ ”sevgisinin" saxta olduğunu göstərir"

– AXCP rəhbərliyində təmsil olunan Qarabağ qazisinə qarşı irəli sürülən ittiham, maliyyə iddiası tam ödənilsə də ona ən sərt cəza tətbiq olundu. Amma daha böyük məbləğlə bağlı məhkəmə prosesi Gülər Əhmədovanı cəzalandımaqda aciz qaldı. Bu təzadı necə dəyərləndirirsiniz?

– Bu onunla bağlıdır ki, hakimiyyətin siyasi rəqiblərinə qarşı münasibəti göz önündədir. Asif Yusifliyə qarşı irəli sürülən ittihamlar birbaşa hakimiyyətin siyasi sifarişidir. Məhkəmə də bu siyasi sifarişi həyata keçirib. Asif Yusifliyə qarşı qaldırılan o borc iddiası ilə bağlı məhkəmədə zərəəkən qismində iştirak edən adamlar AXCP funksionerinin onlara borclu olmadığını bildirsələr də o, ən ağır cəzaya məhkum edildi. Asif Yusiflidən məhz siyasi fəaliyyətinə görə qisas alındı. Eyni zamanda Asif Yusiflinin həbsi hakimiyyətin saxta “Qarabağ sevgisi”ni bir daha sübut etdi. Bu rejim Qarabağ uğrunda vuruşub, əlil olan, peşəkar bir hüquqşünası heç bir əsas olmadan 7 il yarım həbs cəzasına məhkum etdi. Onsuz da bu hakimiyyətin Qarabağ qazilərinə necə divan tutduğunu bilirdik. Asif Yusiflinin timsalında Qarabağ qazisinə verilən və heç bir əsası olmayan bu ağır cəza hakimiyyətdə olduqları müddətdə bir qarış torpağı belə işğaldan azad etməyi bacarmayan rejimin Qarabağ siyasətinin tərkib hissəsidir. Əgər hakimiyyətin Qarabağı azad etmək kimi bir niyyəti olsaydı, Qarabağ qazisinə divan tutmaz, ona sahib çıxar, onu uca tutardı…

Gülər Əhmədova məsələsində hakimiyyətin göstərdiyi münasibət, nədənsə müxalifət təmsilçisinə göstərilmədi. Dələduzluq faktlarının miqyasına görə hakimiyyət təmsilçilərinin rekordunu heç kim təzələyə bilməyib. Elə təkcə bu faktın özü Asif Yusiflinin siyasi motivlərlə həbs olunduğunu bir daha sübut edir…

Xəyal