Rauf Arifoğlunun fəth etdiyi “zirvə”

Yaxud, biz nədən nicat umuruq?
 

Biz heç vaxt qaşınmayan yerdən qan çıxarmağın tərəfdarı olmamışıq. Sadəcə olaraq “Yeni Müsavat” qan axan yerləri də qaşıdığı üçün bəzən müdaxiləyə zərurət yaranır. İmkan vermək olmaz ki, bu qan epidemiyaya çevrilsin. Bu gün şərin dar əməllərinə əmək sərf etdiyi üçün “əməkdar jurnalist” adı alan Rauf Arifoğlunun yazarı bizləri yad edib. Görünür, insan ifşa üçün də darıxa bilir. Yəqin, Rauf Arifoğlunun daha yuxarı zirvələri qət etməsi üçün “Azadlıq”ın AXCP-nin nərdivanına ehtiyac var.
 
Bu dəfə arqument anbarı tamam boşaldığı üçün Əlisa Nicatın məqaləsinə elçi düşüblər. Sən demə Əlisa Nicat Rauf Arifoğlu ilə bağlı yazısında ciddi yanlışlara yol verib və “Azadlıq” da qərəzli şəkildə bu yazını dərc edib. Üstəlik, Əli Kərimli də bu məqalədən nicat umub. Əvvəla qeyd edək ki, Əlisa Nicatı bütün ölkə tanıyır və AXCP ilə heç vaxt əlaqəsi olmayıb. Bir vətəndaş, filosof, publisist kimi müşahidə etdiyi mənzərəyə qiymət verib. Yəni, Rauf Arifoğlunu bu dəfə “Əli Kərimlinin zombiləri” yox, bitərəf ziyalı “qiymətləndirib”. Şəxsən mən Əlisa Nicatın “Fəlsəfə antalogiyası”nı dəfələrlə oxumuşam və bu kitablardakı qeydlərdən istifadə də etmişəm. Görünür, Əlisa müəllim Raufun timsalında “şərin antalogiyası”nı gördüyü üçün münasibət bildirmək zərurəti hiss edib.
 
İkincisi, Əlisa Nicatın Akif Aşırlı ilə bağlı məqamı Raufun adı ilə təqdim etməsi yanlışlıq sayıla bilməz. Yəni, bu nüansda həqiqəti üzə çıxarmaq cəhdi Rauf Arifoğlunun reputasiyasına uğur gətirmir. Bugün Akif Aşırlı
 
Rauf Arifoğludan daha hörmətli adamdı. Ən azı heç kim onu söymür, sosial şəbəkələrdə haqqında lətifələr quraşdırılmır və gecə-gündüz “xəyanətkar” adı ilə xatırlanmır. Rauf Arifoğlu bir səhraya çəkilib, bağışlanmaq üçün 40 il dua eləsə də möhürlənmiş həqiqəti dəyişə bilməz. Prezidentin “təmənnalı dostluq” ifadəsinə gəlincə, bu ümumi mesajdı və daha çox Rauf Arifoğluna pay düşür. Çünki, Rauf Arifoğlu şərin ssenarisində rol alanda böyük qonararlar haqqında düşünürdü. AXCP-ni, Milli Şuranı, siyasi məhbusları hədəf seçmək, hökumətin iyrənc addımlarına müqəddəslik donu geyindirmək məhz təmənnaya görədi. Rauf Arifoğlunun təhlükəsizlik, vəzifə, daha çox qazanmaq təmənnası var.
 
Üçüncüsü, hörmətli Xalid bəyin yanlışa görə narahat olmasına qətiyyən ehtiyac yoxdur. Çünki, Rauf Arifoğlu yanlışlığın zirvəsini fəth etmiş adamdı. Əgər həmkarımız bu “zirvə”nin xəritəsinə göz gəzdirsə görəcək ki, “təmənna” nöqtəsinin harda yerləşməsinin ümumi mənzərəyə təsiri yoxdu.
 
Dördüncüsü, Əli Kərimlinin nələrdən nicat umduğu göz önündədir. O da sirr deyil ki, Rauf Arifoğlu daha böyük medallar almaq üçün Əli Kərimlidən nicat umur. Yəni, Əli Kərimli faktoru Raufu hökumətin qarşısında lazımlı edən yeganə səbəbdir. Birdə ki, Əlisa Nicatdan nicat ummaq, şərin nicat yerinə çevrilməkdən daha şərəflidir.
 
Beşincisi, Rauf Arifoğlu yaradıcılığının Əli Kərimliyə həsr olunmasının başqa bir səbəbi də var. Əli Kərimli Rauf Arifoğlunun yaxasında elə məşəl yandırıb ki, İlham Əliyevin “əməkdar jurnalsit” ənamı bu yanğını söndürə bilmir. Bəli, Əli Kərimlinin prinsipiallıq, ləyaqət, cəsarət, əyilməzlik medalı Rauf Arifoğlunun ürəyində sağalmaz yaradı. Əli Kərimli Rauf Arifoğluna ən müqəddəs dəyərləri xatırladan və bununla ona əzab verən nümunədi.
 
Amma müəllif məqalənin sonunda yumor hissini də itirməyib. Belə ki, “Yeni Müsavat”ın sükanında oturan adam “Azadlıq” qəzetinə reputasiyanın korlanmamsı üçün məsləhət verir. Həm də obyektivlik dərsi keçir. Görünür, söhbət hakimiyyətin qarşısında reputasiyanın qorunmasından gedir. Bütün imtahanlardan kəsilib, sinifdə qalanların “Azadlıq” qəzetinə obyektivlik dərsi keçməsi fantaziyanın mikroba bulaşmasıdı.
 
Davam edin cənablar, biz çörək verən adamlarıq. Bizim nicat yerimiz, sizin qaçdığınız yerdə sona qədər qalmaq əzmimizdi.
 
İlham