«New York Times»dan Ərdoğana sərt ittiham

«Təkbaşına iqtidar olmaq üçün «millətçilik kartını» oynayıb Türkiyəni savaşa sürüklədi»
 

Türkiyədə yaşanan son olaylara görə dünya mediasının gündəmindən düşməyən prezident Rəсəb Tayyib Ərdoğan bu dəfə ABŞ-ın nüfuzlu «New York Times» qəzetinin hədəfinə gəlib. Qəzet Ərdoğanı erkən seçki hazırlıqları çərçivəsində Türkiyəni savaşa sürükləməkdə ittiham edib. «Türkiyənin savaşa sürüklənməsi Ərdoğanın siyasi strategiyası kimi qəbul olunur» başlıqlı məqalədə Türkiyə prezidentinin HDP-ni zəiflətməyə yönəlik məqsədyönlü siyasətindən də bəhs edilir: «Kürd siyasətini zəiflətmək üçün Ərdoğan HDP-ni baş verən zorakılıqlarla əlaqələndirdi. Və bu siyasət ilk nəticələrini verməkdədir. Hakimiyyətlə bağlı xəyallarını gerçəkləşdirmək üçün «millətçilik kartını» oynadı və ölkədə keçirilən son sorğu AKP-nin təkbaşına iqtidar ola biləcəyini göstərdi».
 
«New York Times» xatırladır ki, iki il əvvəl «Gəzi parkı» olayları zamanı Ərdoğan etirazçılara qarşı polis zorakılığından istifadə etmiş, aksiyaçıları da vətənə xəyanətdə günahlandırmışdı. Türkiyədə məşhur rüşvət əməliyyatını (2013-cü il-red) da yada salan nəşr həmin vaxt Ərdoğanın bu səs-küyü ədliyyə və məhkəmə orqanlarında «təmizləmə» aparmaqla yatırtdığını bildirir: «Bütün bunlardan sonra hamı təkbaşına iqtidar olmaq şansını itirmiş və «başqanlıq» xəyalları suya düşmüş Ərdoğanın nə qərar verəcəyini gözləyirdi. Artıq çoxu bu qərarın nə olduğunu bilir – yeni bir savaş. Təhlillər göstərir ki, Ərdoğanın erkən seçki ssenarisində AKP-nin təkbaşına iqtidar olması planı yer alır. Bu planı reallaşdırmaq üçün PKK-ya yönəlik əməliyyatlar başlayıb. Koalisyon hökumətin qurulması gecikir. Bundan istifadə edən Ərdoğanın AKP-nin səslərini artırmağa çalışdığı bildirilir. Keçirilən hərbi əməliyyatların məqsədi kürdlərin siyasi qanadını zəiflətməkdir. Bu məqsədlə də həmin qanad PKK-nın törətdiyi zorakılıqlarla əlaqələndirilir. Son sorğuların nəticələrinə görə, təkrar seçki olsa, AKP yenidən təkbaşına iqtidar olmaq şansını qazanacaq».
 
Qəzet kürd hərəkatı üzrə ekspert Henri Barkeyə istinadən Ərdoğanın erkən seçkiyə gedəcəyini yazır «Bütün cəmiyyətlərdə böhran zamanı insanlar lideri dəstəkləməsələr belə, bir bayrağın altında birləşirlər. Ərdoğan da öz mənfəəti üçün millətçilik amilindən istifadə etdi».
 
Gültəkin