Dərdlərimiz və dərmanlarımız

elnurastanbeyli@gmail.com

Təzəlikcə hökumətdəkilər bir xeyli dərmanın qiymətini ucuzlaşdırdıqlarını açıqladılar, sonra əksər ekspertlərin dediklərindən belə məlum oldu ki, qiymətləri aşağı salınan dərman vasitələrinin siyahısında həyati vacib və daha çox tələbat olan dərmanlar, demək olar, yoxdur. Dünənsə Tarif Şurası bunu yalanlayan bir açıqlama yayıb.

Açığı, mənə heç maraqlı da deyil ki, bu söhbətdə haqlı, yaxud haqsız kimdir. Bizim dərdimizin əsas dərmanı hələ də yoxdursa – ölkədə demokratik, hüquq dövləti qurulmayıbsa, insan hüquq və azadlıqları bərqərar olmayıbsa, belə söhbətlər, müzakirələr, mübahisələr də gülməlidir. Hamı bilir ki, Azərbaycanda dərman da bir biznesdir, həm də belə ürəyin istəyən biznesdir, orada milyardlar dövr edir, üstəlik, dərman biznesi də bunların öz əlindədir, hansı qiymətə istəyərlər, satarlar.

Bəli, hansısa dərmanın qiymətini endirib-endirməməkdə deyil məsələ. Bu, yeri gəlsə, heç nəyi həll etmir. Baxın, təzəlikcə, daha dəqiq desək, iyulun 27-də bir xəbər vardı saytlarda, orada deyilirdi ki, Sumqayıtda 6 aydır maaşını ala bilməyən Məhəmməd Əliyev özünü yandıraraq öldürüb.

Bundan iki gün sonra isə saytlarda başqa bir xəbər boy verdi: “Mebel sexində usta işləyən 1969-cu il təvəllüdlü Suraxanı rayonu Yeni Günəşli qəsəbəsinin sakini Məmmədov Coşqun Həşəm oğlu səhər işə gəldikdən sonra özünə bıçaqla xəsarət yetirib… Onu xilas etmək mümkün olmayıb. Məmmədovun böyük məbləğdə borcu olduğu üçün intihar etdiyi ehtimal edilir”.

Bir az əvvələ qayıdaq – 1 iyul 2015 tarixli xəbər: “Ağdaş rayonunda intihar hadisəsi baş verib. 1959-cu il təvəllüdlü rayon sakini Rəhman Məmmədov işlədiyi avtomobil ehtiyat hissələri satışı mağazasında özünü asıb. Ilkin məlumata görə, həmin mağazanın sahibi olan mərhumun külli miqdarda borcu olub”.

Dünənki bir xəbər isə azərbaycanlıların düşdükləri ağır maddi, iqtisadi, sosial girdabdan qurtulmaq üçün fantaziyalarının nə qədər geniş olduğunu göstərir. Xəbərdən sitat: “Dünən (srağagün – E.A.) Daxili Işlər Nazirliyinin ”102" xidmətinə zəng vuraraq Neftçilər prospekti 131 ünvanında yerləşən “Park Bulvar” ticarət mərkəzində partlayıcı qurğu yerləşdirilməsi barədə yalan məlumat verən şəxs müəyyən edilib. Araşdırmalar nəticəsində həmin şəxsin Kəlbəcər rayonundan məcburi köçkün, Suraxanı rayonunda məskunlaşmış 1970-ci il təvəllüdlü Allahverdiyev Ismayıl Həbib oğlu olması bəlli olub. O, polis tərəfindən saxlanılıb. Ilkin dindirmə zamanı 45 yaşlı I.Allahverdiyevin bir neçə nəfərə xeyli miqdarda pul borclu olması üzə çıxıb. O, ifadəsində qeyd edib ki, özü qəsdən polisə yalan məlumat verib və həbs olunmaq yolu ilə borc yiyələrindən bir müddətlik yaxa qurtarmaq istəyib…"

Bax biz belə bir ölkədə yaşayırıq. Adamların dərdləri çox böyükdür, ağırdır, dözülməzdir, çarəsizlik həddinədək gəlib çatıb, insanlar özlərini bir növ sağalmaz vəziyyətdə hiss edirlər, hansı ki, ucuzlaşdırılan dərmanların siyahısında olmayan həyati vacib dərmanlar belə onlara məlhəm olmaq gücündə deyil.

Bizi yalnız hansısa bioloji xəstəlik ağrıtmır, ya da öldürmür. Bizi həm də və daha çox mənəvi, sosial-iqtisadi, ictimai “xəstəliklər” – ədalətsiz düzən, anti-demokratik rejim, korrupsiya, rüşvət, məmur süründürməçiliyi, məmur harınlığı, bütöv halda idarəetmənin yarıtmazlığı ağrıdır, incidir, ölüm həddinə gətirib çıxarır. Bütün bunların dərmanları bu ölkədə olsa – hüquq işləsə, milli iradənin üstünlüyü tanınsa, adil məhkəmələr qurulsa, qanunlar kağız parçasına çevrilməsə, söz, fikir azadlığı toxunulmaz sayılsa, bəşəri dəyərlər, çağdaş, gəlişmiş dünyanın təməl prinsipləri bizdə də öz yerini tapsa, inanın ki, yerdə qalan hər şey düzələcək. Nə AZAL-ın qiymətləri adamlara dərd olacaq, nə dərmanların, nə də yumurtanın qiyməti.

Məsələ bu qədər sadə və bəsitdir.