İçəridən açılan qapılar…

London Kral Akademiyasında 19-cu əsrin böyük ingilis rəssamlarından Villiam Holman Huntın bir bağçanı təsvir edən tablosu nümayiş etdirilirdi. “Kainat işığı” adlı bu tabloda gecə bağçada əli fənərli duran filosof görkəmli bir adam təsvir olunmuşdu. Tablo boş əli ilə qapını döyən adamın içəridən cavab gözlədiyi təəssüratı yaradırdı. Əsəri tədqiq edən bir sənət tənqidçisi Hunta dönərək: “Gözəl bir tablo doğrusu, amma mənasını heç cür anlaya bilmədim”- dedi. Adamın döydüyü qapı heç açılmayacaqmı? Qapıya dəstək taxmağı da unutmusunuz…" Hunt gülümsədi və dedi: “Adam adi bir qapını döymür ki… Bu qapı insan qəlbini işarət edir, ancaq içəridən açıla bildiyi üçün çöldən dəstəyə ehtiyacı yoxdur…”

Indi yaşadığımız ölkədə hər kəs düşünə bilər ki, dünyada dəstəksiz könül qapılarını aça bilən adamların nəsli çoxdan tükənib. Doğrudanmı belədir? Doğrudanmı mərhəmət, xeyirxahlıq və sevgi yalnız əsərlərdə, filmlərdə, tablolarda qaldı? Bu sualı Azərbaycanda 100 adama sorsan, 99-u “bəli” cavabını verər hər halda. Insanları qınamalı da deyil. Hər şeyin insan haqqına və hüququna qarşı dayandığı bir sistemdə gözlənəcək başqa cavab da yox. Sabahdan-axşama açıb-qapatdığı qapılarda olmazın əzabını çəkən, yorulan, bezən, ruhdan düşən insanlara könül qapısımı soracaqsan? Bizdə yaşanan gerçəklər budur, amma o demək deyil ki, yer üzündə mərhəmətdən, sevgidən əsər-əlamət qalmamış daha. Insanların doğulub-böyüdüyü mühit önəmli amildir və yəqin nə vaxtsa bu ölkədə də mənəvi dəyərlərin ön plana çıxdığı zamanlar gələcək. Elə zamanlar ki, halal qazanmaq üçün insanların qarşısına heç bir əngəl çıxmayacaq və onlar da öz halal qazanclarını xeyirxah işlərə xərcləməkdən zövq duyacaqlar. Küçədə qalan qaçqını da evinə yerləşdirən humanist insanlara dəli gözüylə baxıb, heyrətlənməyəcəklər…

Baxın, yerli telekanallarımızda bizə “faşist”, “hitlerçi”, “şovinist” kimi təqdim olunan bu almanlar qapılarını könül gözüylə necə açırlar. Dünən çoxunuz oxudunuz yəqin. Xristian-demokrat partiyasından olan deputat Martin Patselt Eritreyadan olan iki qaçqını evinə yerləşdirib. Deputat bununla Almaniyada mühacirlərin problemlərinə münasibəti dəyişdirməyə çağırıb və həmkarlarını da eyni addım atmağa səsləyib. Almaniyanın şərqində Brizen şəhərində yaşayan Patselt 19 və 24 yaşlarında olan afrikalı gəncləri böyük oğlu ilə bir mərtəbədə yerləşdirib. O indi də qaçqın gənclərə iş axtarmağa yardım edir. Elə bu məlumatı oxuyub qəzetin o biri yazısına keçmək yetərli oldu ki, öz çevrəmizdəki müqayisəolunmaz fərqi görək. Bir xəbərdə deyilir ki, Ağdam qaçqınları ev problemləri ilə bağlı ölkə prezidentinə müraciət edib. Başqa bir rayon qaçqını haqsızlıqlardan bezərək özünü yandırıb. Bərdədəki Xocalı sakinlərinin dərdi isə yeri-göyü yandırır. Insanların döymədiyi qapı, üz tutmadığı ünvan qalmayıb. Illərdir nə vəd olunan ev, nə də başqa məət problemlərini həll edən bir ünvan tapılmır. Çarəsiz insanlar gah yerli orqanlardan yuxarılara şikayət edir, gah yolu bağlayır, amma nəticə yox ki, yox. Dəyirman öz işində, çax-çaxı baş ağrıdır, sadəcə.

Xülasə, durum belədir. Bizim xoşbəxtliyə gedən qapılarımızda böyük kilidlər var. Heç şübhəsiz ki, həyatın mühüm özəlliklərindən biri elə insanın üzünə o şans qapılarının açılmasıdır. Vaxtında açılan uğurlu qapılar, bəlkə də, həyatımızı dəyişən ən önəmli amildir. Allah hamınızın üzünə uğurlu qapılar açsın.