Yunusların məhkəməsində “37-ci il” taktikası VİDEO FOTO

Vəkil: "Prosesin gedişi ən ağır cəzanın veriləcəyini göstərir"; Əli Kərimli: "Hökumət özünü növbəti dəfə ifşa edir"

Tanınmış hüquq müdafiəçisi Leyla Yunus və onun həyat yoldaşı Arif Yunusun məhkəməsi qapalı şəraitdə davam edir. Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən əvvəlki məhkəmə iclaslarında olduğu kimi, dünən də məhkəməyə gələnlər, o cümlədən jurnalistlər içəri buraxılmayıb. Məhkəmə zalına buraxılmayanlar arasında AXCP sədri Əli Kərimli də olub. Yalnız bir neçə ölkənin səfirləri içəri keçə bilib. Əvvəlki günlərdən fərqli olaraq dünən giriş qapısına qıfıl asılıb. Məhkəmə zalı yenə də baxılan işin mahiyyətindən xəbəri olmayan adamlarla doldurulub.

Proses başlayan kimi Arif Yunusun vəkili Əfqan Məmmədov məhkəmə heyətinə etiraz edib, Leyla Yunus da vəkilin bu etirazını dəstəklədiyini bildirib. Dövlət ittihamçısı Fərid Nağıyev bildirib ki, məhkəmə tərkibinə etirazın verilməsi üçün əsas yoxdur. Onun sözlərinə görə, müdafiəçi hakimləri maraqlı tərəf olmaqda ittiham edib: “Amma proses zamanı belə bir fakt ortaya çıxmayıb. Əgər hakimlərin maraqlı tərəf olması ortaya çıxmış olsaydı, ilk olaraq ittiham tərəfi buna etiraz verərdi. Amma belə bir fakt yoxdur. Müdafiəçi fərziyələr əsasında məhkəmə tərkibinə etiraz verib. Etiraz konkret faktlarla əsaslandırlmadığı üçün təmin edilməsin”.

Daha sonra hakimlər qərar qəbul etmək üçün müşavirə otağına yollanıblar. Təxminən yarım saatlıq müşavirə keçirən hakimlər zala qayıdaraq vəkilin məhkəmə tərkibinə etirazını baxılmamış saxlayıb.

Məhkəmə zamanı L.Yunus bildirib ki, A.Yunus səhhəti pis olduğundan hər gün məhkəməyə gəlib burada ifadə verə bilmir. Lakin dövlət ittihamçısı bildirib ki, A.Yunus daim həkim nəzarətindədir və onun məhkəməyə gətirilməsində problem yoxdur (Yeri gəlmişkən, prosesdən yarımçıq çıxan vəkil Ramiz Məmmədov bildirib ki, zalda Arif Yunusun vəziyyəti yenə də pisləşib, ona iynə vurulub. Vəkil deyib ki, Arif Yunus şüşə qəfəsdə uzanıqlı vəziyyətdədir).

Bundan sonra məhkəmə sənədlərinin təhlili başlayıb.

Leyla Yunusun vəkili Ramiz Məmmədov azərbaycanlı qadınların Qafqazda Sülh və Demokratiya Cəmiyyətinin zərəəkmiş qismində tanınmasını, habelə cinayət işi üzrə bir neçə maddəyə xitam verilməsini, eləcə də müdafiə etdiyi şəxslərə maliyyə ayıran, onlarla əlaqəsi olan xarici fondların nümayəndələrinin prosesə dəvət olunmasını, alınan qrantlar hesabına Arif Yunusun çap etdirdiyi kitabların sübut kimi cinayət işinə daxil edilməsini istəyib. Hakimlər vəkilin vəsatətini qismən təmin ediblər və vəsatətdə qeyd olunan kitablar cinayət işinə salınıb. Vəsatətdə göstərilən digər hissələr isə təmin olunmayıb.

Sənədlərdə əks olunan bank əməliyyatları, Arif Yunusun Çexiyada ev alması ilə bağlı apardığı danışıqlar, təqsirləndirilən şəxslərin Bakıdakı evlərində aparılan axtarış zamanı müsadirə olunan sənədlər, eyni zamanda Arif Yunusun Çexiya respublikasının Praqa şəhərində olan mülkü barədə danaşılıb.

Sənədlərin təhlili yekunlaşdıqdan sonra söz istəyən Leyla Yunus bildirib ki, 1996-cı ildə qeydiyyata alınmış Ön Qafqaz Qadınlarının Cəmiyyətinin faktiki sədri olub: “Cəmiyyətə faktiki olaraq, mən rəhbərlik etmişəm. Qurumun hüquqi sədri Rəna Səfərəliyeva idi. Amma o, cəmiyyətin fəaliyyətində iştirak etmirdi, tamamilə uzaqlaşmışdı. Bu cəmiyyət çətir rolunu oynayırdı. Sülh və Demokratiya Institutu, Qadın Krizis Mərkəzi və Minalardan Müdafiə Təşkilatı buraya daxil idi. Biz daha sonra həmin təşkilatların qeydiyyata alınması üçün müraciət etmişdik. Cəmiyyət dövlət qeydiyyatından keçdiyi üçün bütün qrantlar cəmiyyətin hesabına köçürülürdü. Cəmiyyətin sədr müavini kimi pulları almaq hüququ mənə verilmişdi. Heç bir sənəd saxtalaşdırılmayıb və vergidən yayınma faktı olmayıb”.

Vəkil Ramiz Məmmədov bildirib ki, ittihamın əsassız olması ilə bağlı vəsatət verib. Marşal Fondundan və Milli Demokratiya Institutu adından sənədləri məhkəməyə təqdim edib: “Donor təşkilatların təqdim etdiyi həmin sənəddə deyilir ki, qrant onlara məxsusdur və təyinatı üzrə xərclənib”.

Ramiz Məmmədov həmin vəsatətə də baxılmadığını söyləyib. O, donor təşkilatların nümayəndələrinin şahid kimi dindirilməsini də təklif etdiyini söyləyib. Vəkil vəziyyətin “çox gərgin” olduğunu bildirib: “Mən realist adamam. Vəziyyət çox gərgindir. Hansı sənədi təqdim etməyinin, nəyi necə əsaslandırmağının əhəmiyyəti yoxdur”.

Daha sonra hakim Ə.Hacıyev məhkəmə istintaqının başa çatdığını bildirib. Hakimlər məhkəmə istintaqının tamamlanması barədə tərəflərin fikirlərini öyrəniblər. Tərəflər məhkəmə istintaqının tamamlanmasına etiraz etməyiblər. Yerində müşavirə keçirən hakimlər məhkəmə istintaqının tamamlanması barədə qərar qəbul ediblər və çıxış etmək üçün dövlət ittihamçısına söz veriblər. Dövlət ittihamçısı çıxışa hazırlaşmaq üçün əlavə bir gün vaxt istəyib və buna görə də məhkəmənin davamı avqustun 6-na keçirilib.

Məhkəmədən sonrakı açıqlamasında vəkil Elçin Qəmbərov isə bildirib ki, prosesin gedişi ən ağır cəzanın veriləcəyini göstərir.

Proses bu gün saat 10.00-da davam edəcək.

***

AXCP sədri Әli Kərimli prosesdən sonra özünün facebook səhifəsində məhkəmənin faktiki qapalı keçirilməsinə münasibət bildirib:

Leyla xanımın məhkəməsinə getmişdim. Həm də təyin olunan vaxtdan xeyli əvvəl. Məhkəmə zalına adamların buraxılmadığı haqda məlumatlı idim. Amma özüm şəxsən əmin olmaq istədim. Getdim və gözlərimlə gördüm ki, məhkəmə faktiki qapalı keçirilir. Məhkəmə zalına Leyla xanıma aidiyyatı olmayan adamlar arxa qapıdan doldurulur. Jurnalistlərin və istimaiyyət nümayəndələrinin isə prosesdə iştirakına imkan verilmir. Məhkəmə zalına rəsmi giriş qapısını yekə bir qıfılla bağlayıblar. Hökumətin bu addımı Leyla xanıma və onun taleyinə biganə olmayan ictimaiyyət nümayəndələrinə problem yaradır. Amma hökumətin özünü də növbəti dəfə ifşa edir.

Hər kəs özünə sual versin: Hakimiyyətin Leyla xanımı ittiham etməyə ciddi əsasları olsaydı, onu ifşa etmək üçün prosesin açıq və həm də böyük zalda keçirilməsində özü maraqlı olmazdımı? Bir il ərzində Leyla xanımı “erməni agenti” ittihamı ilə mənəvi terror etdilər. Məhkəmə başlayanda bu “əsas” ittihamdan geri çəkildilər. Digər “ittihamlar” üzrə prosesi isə qapalı keçirirlər. Hökumətin mənəvi terrorunun təsirinə düşmüş bir çox sadəlövh vətəndaşlarımız nəhayət, indi əmin oldularmı ki, “erməni agenti” söhbəti sadəcə qara piar idi? Başa düşdünüzmü ki, hökumətin əlində Leyla xanıma və həyat yoldaşı Arif Yunusa, eləcə də jurnalist Rauf Mirqədirova qarşı heç bir ciddi və əsaslı cinayət ittihamı yoxdur? Onları sifarişlə və saxta ittihamlarla həbs ediblər. Ona görə həbs ediblər ki, Leyla xanım qorxmadan hökumətin hədəfində olan hər bir siyasi məhbusa dəstək olurdu, hökumətin repressiya siyasətini bütün dünyada ifşa edirdi. 

37-ci il repressiyalarından yazılmış oçerkləri, romanları oxuyub, təsirlənib, stalinizmi lənətləməyə nə var ki? İndi gözümüzün qarşısında bir ahıl və xəstə qadını, ölkənin ən prinsipial hüquq müdafiəçisi Leyla Yunusu rejim məhv edir. Allahın bizə bir dəfə bəxş etdiyi həyatı qorxmadan, ləyaqətlə yaşamaq, haqsız yerə məhv edilənə dəstək olmaq lazımdır. Xüsusilə, ağır zamanlarda, bunu etmək çətin olanda əzilənin yanında olmaq, onun əlindən tutmaq çox vacibdir. Bunu həm də ona görə etmək lazımdır ki, gələcək nəsillər bizə görə utanmasınlar, insanlar millətin ədalətinə inamlarını itirməsinlər!