Manqurtlaşdırma siyasəti

natnetaz@gmail.com

Qəbul imtahanından kəsilən abituriyentimizin intihar xəbərini çox qəribə qarşıladım. Deyəcəksiniz, intiharda nə qəribəlik, bu ki faciədir, kədərli məsələdir. Elədir. Amma bu kədərli halın özündə bir qəribəlik olduğunu siz də inkar edə bilməyəcəksiniz.

Məni fikirə salan 23 ildir ölkəmizdə aparılan cahilləşdirmə siyasətinə baxmayaraq insanlarımızın təhsilə, elmə eşqini qorumasıdır. Bir ölkədə ali təhsil ala bilmədiyinə görə intihar edənlər varsa, o ölkədən demək, Allah əlini hələ çəkməyib.

Kim bilir, intihar edən o nakam gənc təhsillə bağlı nə qədər ülvi arzular qurubmuş?

Yəqin, onun təbii olaraq yaşı və düşüncəsi imkan da vermirdi ki, Azərbaycan təhsilinin şikəst vəziyyətindən xəbər tutsun. Ali məktəblərdə rüşvətin tüğyan etməsindən, müəllimlərin iyrənc saxtakarlıqda yer almasından, tələbə, müəllimlərin hafiz hacıyevin mitinqinə pul müqabilində getməsindən xəbərsiz imiş o nakam gənc.

Xəbəri olsaydı, bir diplomdan ötrü bəlkə də şirin canına qiymazdı. Yox, bütün bunlardan xəbəri ola-ola yenə də elm, bilik üçün o qədər təşnə imişsə, bu da olduqca diqqətəlayiq haldı.

Bax bu hal adamı mütəəssir edir.

Illərdir, ölkəmizdə təhsili, elmi gözdən almaq üçün Əliyev rejimi hər şeyi edib. Hər şeyi və artıqlaması ilə.

Amma bütün bunlar azərbaycanlıların təhsil almaq eşqini heç cür öldürə bilmir. Insanlarımız min bir əziyyət bahasına olsa da, yaşadığı yerdən çox uzaqlarda belə pulla müəllim tutur, uşaqlarını hazırlaşdırır ki, onlar elmə yiyələnsinlər, səviyyələrini artırsınlar.

Bu çox mühüm məqamdır. Xalqımıza şər, böhtan atıb, onu gözdən salmaq, aşağılıq kompleksinə soxmaq istəyənlərin gözünə girəcək bir faktdır!

Bilirsinizmi, Ilham Əliyev və onun məmurları bir neçə dəfə açıq formada bəyan ediblər ki, hakim təbəqə demokratiyaya hazırdı, amma xalq hazır olmadığından onlar demokratiyanı tam tətbiq edə bilmirlər. Hiyləgərliyə fikir verirsinizmi? Öz yaramaz və anti-demokratik idarəetmələrinə bəraət qazandırmaq üçün xalqı şərləyirlər. Binəva xalq isə demokratiyanı, sivil idarəetməni mənimsəməyə təşnədir. Sadəcə onu bu istiqamətə yönəldəcək sistem, dövlət orqanı yoxdur.

Bugünlərdə məşhur yazıçı Viktor Hüqonun ev muzeyindəydim. Muzeyin divarında böyük yazıçının bir fikrini oxudum. Deyirdi ki, məktəbin qapısını açsan, həbsxananın qapısını bağlamış olursan. Yəni oxmasan, biliklənməsən, gələcəkdə yolunun həbsxanalardan keçməsi çox realdır.

Bu söz məni lap uzaqlara apardı. O qədər uzağa ki, az qaldım Hüqo boyda nəhəngi təkzib edəm.

Çünki, bizdə indi oxumuşlar, özü də lap çox oxumuşlar mühakimə olunur, türmələrdə günahsız yerə saxlanılır. Bu gün Azərbaycanda 100-ədək siyasi məhbus var. Onların mütləq əksəriyyəti savadlı, dünyagörüşlü, düşüncəli insanlardır.

Sən bu siyasi məhbusları lap yaxından tanımalısan, dəyərli oxucu. Hər birini. Bu sənin üçün çətin olmaz. Günün 2 saatını bu işə həsr edib, o insanları öyrən. Kimdilər, nəçidilər? Onların bəzisinin fotosu “Azadlıq” qəzetinin 3-cü səhifəsində hər gün dərc edilir. Bax, o foto-qalereya sənin bələdçin ola bilər.

Bu insaları mütləq və mütləq ona görə tanımalısınız ki, ölkəmizdə bu gün də populyar olan o söz ki var, guya adam ağılsızlığı ucbatından türməyə düşür, bax, bu söz qüvvəsini itirsin.

Ağıl, savad, Hüqonun da dediyi kimi, normal dövlətdə türmədən adamı sığortalayır, amma bizim kimi anormal idarəçilikdə ağıl adamı türmədən qorumur. Çox təəssüf ki, belədir.

Çoxumuzun Çingiz Aytmatovun romanından öyrəndiyimiz bir söz var. Manqurt. Əfsanəyə görə, manqurt yaddaşı düşüncəsi öldürülən, bununla da öz mənliyini unudan insandı.

Manqurt heç nəyi dərk eləmir, ağasının sözü ilə anasını belə öldürür.

Indi bizim ölkədə görün nə baş verir. Tam tərsi! Ana vətən adından hökm verən hakimlər, məhkəmə hakimləri bu ölkənin ən ləyaqətli oğullarını həbsə məhkum edir. Obrazlı desək, ana onun yolunda özünü fəda edən oğlanlarına ölüm hökmü kəsir. Manqurtluğun zirvəsi yəqin budur.

Bu gediş sizi narahat etmir? Bir gün sizin də mundir geymiş hansısa manqurtun sərsəm qərarına tuş gəlməyəcəyinə qarantiyanız varmı? Özünüzü aldatmayın. Vəziyyət çətindi, ancaq bütün çətinliklər aşılandı. Təki istək olsun. Siz manqurtları tanıyırsınızsa, onlardan cana doymusunuzsa, deməli, problemin 50 faizi həll olmuş kimidir.

Yerdə qalır 50 faizi, o barədə də söz açarıq. O daha asandır.