Türk ordusu bir gündə 3 şəhid verdi

Şırnakdakı terrordan sonra PKK-nın mövqeləri bombardman edildi

PKK demək olar ki, hər gün Türkiyənin ayrı-ayrı bölgələrində terror aktları həayta keçirir. Dünən terrorçular Şırnak bölgəsində əsgərlərin gündəlik yoxlama apardığı yola mina döşəyiblər. Əsgərlər növbəti yoxlama apararkən uzaqdan idarə edilən minalar partladılıb. Nəticədə iki əsgər şəhid olub, bir əsgər və bir yerli sakin ağır yaralanıb. Hadisədən dərhal sonra terrorçularla ərazidəki hərbiçilər arasında atışma başlayıb. Əraziyə xeyli sayda təhlükəsizlik qüvvələri cəlb edilib və bunu görən PKK-çılar hadisə yerindən qaçıblar. Terrorçuların tapılması istiqamətində əməliyyat başladılıb. Yaralı əsgər isə Şırnak Hərbi Hospitalına yerləşdirilib.

Bir neçə saat sonra PKK Şırnakda ikinci terror aktı həyata keçirib. Terrorçular Şırnak bölgəsindəki hərbi postların birinə əl bombası atıblar. Partlayış nəticəsində türk ordusunun iki əsgəri ağır yaralanıb. Terrorçular ərazidən dərhal qaçaraq uzaqlaşıblar. Yaralanan əsgərlər isə helikopterlə Şırnak Hərbi Hospitalına yerləşdirilib. Həkimlərin səylərinə baxmayaraq, onlardan birinin həyatını xilas etmək mümkün olmayıb. Qaçan terrorçuların tapılması üçün bölgədə əməliyyat başladılıb.

Dünən terrorçular Hakkarinin Dağlıca bölgəsindəki hərbi hissəyə də hücum ediblər. Hücumun ardınca Türkiyənin hərbi təyyarələri PKK-ya qarşı hava əməliyyatına başlayıblar. “F-16-lar” fasilə vermədən 35 dəqiqə PKK-nın Damlıcadakı mövqelərini bombardman ediblər.

PKK-nın Hakkaridəki növbəti hədəfi polis idarəsi olub. Terrorçular idarəyə qumbara atıblar. Hadisə zamanı ölən və yaralanan olmayıb. Lakin idarə binasına ciddi ziyan dəyib.

Hakkaridə artan terror olayları ilə bağlı xüsusi qərar qəbul olunub. Qərara əsasən, avqustun 5-dən 19-dək Hakkari xüsusi təhlükəsizlik bölgəsi elan edilib və əraziyə mülki vətəndaşların giriş və çıxışına qadağa qoyulub. Bununla bağlı Hakkari valiliyindən yazılı açıqlama da verilib: “Terror təşkilatlarının son günlər bölgədə fəallaşması yerli sakinlərin həyatını təhlükəyə atmaqla yanaşı, gündəlik yaşam tərzlərinə də ciddi təsir göstərib. Insanlar rahat hərəkət edə, səyahətə çıxa bilmirlər. Sakinlərimizin can və mal güvənliyini təmin etmək üçün bütün lazımi tədbirlər görülür”.

Qeyd edək ki, bundan əvvəl eyni səbəbdən Ağrı və Tunceli də 15 günlüyüünə hərbi təhlükəsizlik zonası elan edilmişdi.

PKK növbəti terror aktını Mardinin Nusaybin kəndində törədib. Terrorçular yola döşədikləri minaları polis maşını ərazidən keçərkən partladıblar. Hadisə zamanı avtomobildəki polislərdən biri yaralanıb. Yaralı polis Nusaybin Dövlət Xəstəxanasına yerləşdirilib. Hadisədən sonra bölgədə təhlükəsizlik tədbirləri gücləndirilib. Terrorçuların tapılması istiqamətində əməliyyat başladılıb.

Antiterror əməliyyatları Istanbulda da davam edib. Istanbul Polis Idarəsinin Terrora Qarşı Mübarizə Şöbəsi Sultanqazi, Qaziosmanpaşa və Bağcılarda 13 ünvana basqın edib. Əməliyyat zamanı xeyli sayda şübhəli saxlanılıb. Polis bütün ünvanlarda ətraflı araşdırma aparıb. Əməliyyat zamanı sözügedən binaların yerləşdiyi küçələrdə üzündə qara maska olan gənclər toplaşıblar. Onlar həbslərə etiraz olaraq polis maşınlarını daşqalaq ediblər. HDP isə dünən növbəti dəfə atəşkəs çağırışı edib. Kürdyönümlü partiya tərəfləri çözüm mərhələsinin bərpa etməyə də çağırıb: ”Bu qaranlıq gedişatı durdurmaq üçün tərəfləri atəşkəsə və çözüm mərhələsi ilə bağlı müzakirələri bərpa etməyə çağırırıq”.

Gültəkin