Polis yenə siyasətə qarışır

sevinc-mehdibeyliAXCP fəalının atası polisə çağırılıb hədələndi

Ölkə daxilində müxaliflərini qanunsuz vasitələrlə cəzalandırmaq, həbsə atmaq, müxtəlif işgəncə və təzyiqlərlə susdurmağı “uğurla” həyata keçirən avtoritar Əliyev rejimi bu qabiliyyətini Azərbaycanın xaricində də sınaqdan keçirmək fikirindədir. Fikirdir sözü yerinə düşmür, çünki artıq bu plan fikir olmqadan çıxıb əməllə müşayət olunur.  Son günlər rejim xaricdə yaşayaraq ictimai-siyasi fəallıqla məşğul olan və öz fəaliyyətlərində Azərbaycandakı insan hüquq və azadlıqlarının pozulmasını tənqid edənləri hədəfə alıb. Onlardan biri ABŞ-da yaşayan AXCP fəalı Sevinc Mehdibəylidir.

Ötən gün hüquq mühafizə orqanları Sevinc Mehdibəylinin atası Nazim Mehdibəyli ilə “proflaktik söhbət” apararaq, qızının “ölkəmizə qarşı qarayaxma kampaniyası”ndan əl çəkməyi tələb ediblər. Nazim Mehdibəyli Xətai polisinə xüsusi dəvətnamə olmadan aparılıb. Ona qızının sosial şəbəkələrdə müxalif ruhlu yazışmaların dayandırmadığı halda “başağrısı” vəd olunub.

Bu barədə qəzetimizə açıqlama verən Sevinc Mehdibəyli deyib ki, o müstəqil şəxsdir, atasının ona görə incidilməsi və ondan nələrsə tələb edilməsi qanunsuzluqdur: “Mən uşaq deyiləm, müstəqil şəxsəm. Əqidə seçimimə hətta atamın da qarışmaq haqqı yoxdur. Dəfələrlə mənim özümə bu məzmunda xəbərdarlıq olunub, amma mən onlara əhəmiyyət verməmişəm. Çünki hansısa qanunsuz əməllə məşğul olduğumu düşünmürəm. Bu hədə-qorxularla bizi, yaxınlarımızı qorxutmaq, təngə gətirmək istəyirlər”.

Xanım Mehdibəyli bildirib ki, atasının hər an şərlənib həbsə atılacağını gözləsə də, öz fəaliyyətin dayandırmaq fikirində deyil.

Xətai rayon polis idarəsə Nazim Mehdibəylinin hansı əsasla idarəyə çağırıldığı barədə suallarımızı cavablamaqdan imtina edib.

Sevinc Mehdibəyli AXCP xaricdə yaşayan fəallarından sayılır. O, sosial şəbəkələrdə siyasi məhbusların azadlığı üçün keçirilən müxtəlif kampaniyalarda öncüllüyü ilə fərqlənib.

Xatırladaq ki, son vaxtlar, xaricdə yaşayıb müxalifətçilik edənlərdən Qənimət Zahid, Emin Milli və s. qisas almaq üçün hökumət onların yaxınlarını şərləyib həbs edib.