İlqar Məmmədovun vəkili Mədət Quliyevə müraciət etdi

REAL Hərəkatının sədri İlqar Məmmədovun vəkili Fuad Ağayev Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin rəisi Mədət Quliyevə müraciət edib. Müraciətdə deyilir:  
 
"Hörmətli Mədət müəllim!
Avropa İnsan Hüquqları Məhkəməsinin 22 may 2014-cü il tarixli qərarı ilə müəyyən edilmişdir ki, onun İnsan Hüquqları və Əsas Azadlıqların Müdafiəsi haqqında Konvensiyanın 5, 6 və 18-ci maddələri ilə nəzərdə tutulmuş hüquqları pozulmuşdur. Göstərilən qərar 13 oktyabr 2014-cü il tarixindən qətidir. Həmin vaxtdan İnsan Hüquqları və Əsas Azadlıqların Müdafiəsi haqqında Konvensiyanın 46-cı maddəsinə əsasən Azərbaycan Respublikası bu qərarın icrası üçün məsuliyyət daşımaqdadır.
2014-cü il dekabrın 4-də, 2015-ci il martın 12-də, iyunun 11-də Avropa Şurasının Nazirlər Komitəsində Avropa İnsan Hüquqları Məhkəməsinin İlqar Məmmədov barəsində qərarının icrası məsələsinə baxılmışdır. Sonuncu dəfə Komitə bu məsələ ilə bağlı qəbul etdiyi qərarında bir daha bu dəfə artıq Azərbaycanın ali hakimiyyət orqanlarını İlqar Məmmədovun təxirə salınmadan azadı edilməsinin təmin edilməsinə və yol verilmiş pozuntuların nəticələrinin aradan qaldırılması üçün tədbirlər qəbul etməyə çağırmışdır.
Hüquqlarını müdafiə etdiyim İlqar Məmmədovun adından verdiyim kassasiya şikayəti hal-hazırda Azərbaycan Respublikası Ali Məhkəməsinin baxışındadır. Mən onu həm Avropa İnsan Hüquqları Məhkəməsində, həm Ali Məhkəmədə təmsil edirəm.
May ayının ortasında 2 saylı cəzaçəkmə müəssisəsinin rəisi İ. Məmmədovun 7 gün müddətinə «cərimə otağına» salınması barədə qərar qəbul etmişdi. Sonradan həmin qərar bizə bildirildiyinə görə dəyişdirilmişdir. Qərarın surəti indiyə kimi İ.Məmmədova təqdim edilmir. Bu gün müəssisənin rəisi İ.Məmmədova və mənə söylədi ki, qərar dəyişdirildiyinə görə onun surətini yalnız Penitensiar Xidmətdən ala bilərəm. Qərarın surətinin indiyə qədər bizə təqdim edilməməsi, ondan məhkəməyə şikayət hüququnu pozur, belə ki, məzmunu məlum olmayan sənədlə bağlı nə yazmaq olar.
İ.Məmmədov son günlər telefondan istifadə etməyə də imkan verilməmişdir. Tez-tez yaradılan bu problemin aradan qaldırılmasına müəssisə rəhbərliyi yenidən söz vermişdir. Ona qarşı bu və bu kimi, yaxud bundan da ciddi pozuntuların qarşısının alınması cəzaçəkmə müəssisəsi rəhbərliyinin, eləcə də bütövlükdə rəhbərlik etdiyinizi xidmətin vəzifəsidir. 
Göstərilənlərə əsasən İ.Məmmədovun hüquqlarının pozulmasına son qoyulmasını, onun barəsində tətbiq edilmiş tənbeh tədbirinə dair qərarın surətinin verilməsini xahiş edirəm".