İllərin sınağından çıxan adam

Və ya həqiqətdən imtina etməyən qəhrəman
 

“Dünyanın 100 qəhrəman jurnalisti”ndən 3-ü azərbaycanlıdır. Və onlardan biri də Qənimət Zahiddir. Qüsura baxmayın, mövzuya birbaşa dəxli olmasa da yazıya girişi ordenlə bağlı çox ibrətamiz bir mükalimə ilə başlamaq istəyirəm: Napoleon növbəti ordenini təsis edəndə, ona irad tutmuşdular ki, “uşaq oyuncaqları”na çox əhəmiyyət verir. Napoleon ironiyanı sezsə də, üstünü vurmadan cavab vermişdi: “Deyirsiniz, ”uşaq oyuncaqları". Olsun, amma unutmayın ki, məhz bu oyuncaqlarla insanları idarə etmək çox asandır".

Absurda gedən yol…

Hər bir sistem, xüsusulə diktatorlar vaxtaşırı hakimiyyətlərinin müvazinətini yoxlayır, daha doğrusu həlledici anda lazımi qərar qəbul etmək üçün öz gücünü sınayır. Makiavelliyə görə, avtoritar tipli rejimlər üçün bu yoxlamanın ən yaxşı üsulu durumun absurda çatdırılmasıdır. Onda cəmiyyətin ayrı-ayrı kəsimlərinin absurda reaksiyası göstərəcək ki, diktatorun iradəsi nə dərəcədə keçərlidir, lazımi məqamlarda kütləyə qarşı təzyiqləri artırmaq olar, ya yox. Son olayların, xüsusilə təzyiqlərin, təqiblərin və həbslərin daha eybəcər, daha çirkin formada ən amansız, ən qəddar üsullarla hec bir əndazəyə sığmayan qaydada aparılması ondan xəbər verir ki, hakimiyyət düşdüyü acınacaqlı durumdan çıxmaq üçün daha sərt güc tədbiq etməyə hazırlaşır. Sadəcə, qəti qərar qəbul etmək üşün növbəti dəfə toplumun nəbzini yoxlayır. Zatən, hakimiyyəti qoruyub saxlamaq üçün başqa yol da qalmayıb, bütün yollar iflasa aparır. Sonu görünməyən bu,yolun, sadəcə bir adı var:

Harda qırıla, qırıla…

Ramazan bayramı ərəfəsində Azərbaycan Xalq Cəbhəsinin üzvləri və “Azadlıq” qəzetinin əməkdaşları Şamaxı rayonunun Meysəri kəndinə gedərək Zahidovlar nəslinin ağbirçəyi 87 yaşlı Xədicə anaya baş çəkib, onun bayramını təbrik ediblər. Bu ziyarətdən dolayı qorxuya düşən rayon icra hakimiyyəti kəndə kimlərin gəlib-getdiyini müəyyənləşdirmək üçün Zahidovlara məxsus evi, daha doğrusu, Xədicə ananı nəzarətə götürüblər. Allah, Allah, görün hardan-hara gəldik… Sən demə, bu hakimiyyət 90 yaşını haqlamış ağbircək bir ananı öz evində polis nəzarətinə götürəcək qədər absurda gedə bilərmiş. Bir zamanlar iki övladının həbsi ilə sınağa çəkilən ana, indi də nənə kimi nəvələrinin həbs ilə sınağa çəkilir. Əslində, həbs edilən Rövşən və Turalın siyasətə heç bir dəxli yoxdur, onların yeganə suçu, sadəcə, Zahidov soyadı daşımalarıdır. Indi bu soyadı daşımaq qorxuludur, axı! Çünki onu “Azadlıq” qəzetinin baş redaktoru və “Azərbaycan saatı”nın qurucusu Qənimət Zahid daşıyır. Müxalifəti ailə üzvləri ilə sınağa çəkmək, yaxın çevrəsi, dostu-tanışı, qohum-əqrabasıyla şantaj etmək hakimiyyətin zaman-zaman işlətdiyi çirkin bir texnologiyadır. Bu, sınaqdan çıxanlar da oldu, çıxmayanlar da.

Illərin sınağından çıxan adam

Qənimət Zahid artıq bu, mərhələni keçib. Yaşadığı keşməkeşli həyatda nə təzyiqlər, nə təqiblər, nə təhdidlər, hətta üç illik həbs də onu sındıra bilmədi. Həbsxanadan çıxandan sonra sözün hər iki mənasında qələmini süngüyə çevirib azad söz uğurunda vuruşmağa başladı. Hamının bildiyi, amma pıçıltı ilə danışdığı həqiqətləri Qənimət Zahid ucadan dedi və yazdı. Adi həqiqətlərin belə pıçıltı ilə danışdıldığı bir məmləkətdə o həqiqətləri ucadan demək adamdan olduqca böyük cəsarət tələb edir. Qənimət bəy bu gücü özündə tapıb apatik bir toplumda CƏSARƏTI dəyər kimi azad söz uğrunda mübarizənin simvoluna çevirdi.

Niyə məhz “Azərbaycan saatı” və Qənimət Zahid

Uzun illərdi ki, müxalifətin bir istəyi olub: müstəqil televiziya kanalı açıb xalqla təmasa girmək… Amma uzun müddət bu istək həyata keçməyib – arzu olaraq qalıb. Nə qədər çətin olsa da Qənimət Zahid bu arzunu, nəhayət reallaşdıra bildi. “Azərbaycan saatı” qısa zaman kəsiyində yüz minlərlə tamaşaçıya ulaşıb ən ucqar, hətta dağ kəndlərinə qədər gedib çıxdı. Hər həftənin şənbə və bazar günlərini səbirsizliklə gözləyən əyalət tamaşaçıları mərkəzdə nələrin baş verdiyindən xəbər tutub, müəllif araşdırmalarını dinləyib potensial etirazçıya çevrilirdilər. Hakimiyyəti də qorxudan elə budur. Axı, araşdırmalar təkcə Ilham Əliyev və onun ətrafı haqqında ifşaedici faktlardan ibarət deyildi, bunlar həm də cinayət tərkibi olan ittiham aktlarıdır. Irəli sürülən ittiham aktlarını təkzib edə bilmirlər, ona görə də ən müxtəlif, ən sərt, hətta ağıla gələn-gəlməyən, heç bir əndazəyə sığmayan üsullardan belə istifadə edib “Azərbaycan saatı”nı susdurmaq istəyirlər.

Bəli, bütün bunlar XXI əsr Azərbaycanında baş verir…

Sən demə, Azərbaycanda illərin, əsrlərin bir-birini əvəz etməsi, sadəcə təqvim imiş 100 il əvvəl… 1911 çi ildə Məhəmməd Əmin Rəsulzadə “Mətbuat azadlığı” məqaləsində yazırdı: “Milli müqəddəratın həll olunduğu zaman bir dəstə yazar ortaya çıxır ki, onlar öz şərəf, fikir və əqidələrini saxta rütbə qazanmaq üçün nəcis qiymətinə satmağa hazır olurlar, zülmü və sitəmi müdafiə edirlər, biçarə milləti avara və sərgərdan qoyurlar. Bu da bir sıra qələm fahişələrinin cəmiyyət içinə girməsinə səbəb olur. Keçmişdə, necə ki, demişik, əxlaqsız qadınlar kimi bəzi jurnalistlər də namuslarını satır, pak əməllərini murdarlayır, vicdan və namuslarını, abırlarını həyasızlıq bazarına çıxarıb, kələfin ucunu əldən verirlər”.
100 il sonra… Nə dəyişib? Əslində heç nə, sadəcə dəyişən formadır, məzmun dəyişməyib. Əgər 100 il bundan əvvəl Məmməd Əmin Rəsulzadə jurnalist əqidəsini və məsləkini satanlara “qələm fahişələri” deyirdisə, 100 il sonra aşağı-yuxarı eyni sözləri Cəmil Həsənli deyir. Bəli, zaman dəyişir, nəsillər biri-birini əvəz edir, amma mübarizənin mahiyyəti dəyişmir, əksinə, bu mübarizədə dəyərlər zamanın sınaqdan çıxıb daha təkmil forma və məzmun alır. Düzdür, HƏQIQƏT zaman-zaman nazilir, amma qırılmır, çünki o müqəddəs dəyərləri daşıyanların yeri heç vaxt boş qalmır; hətta sonuncu adam sıradan çıxanda belə o zamana qədər sırada olmayan bir başqası gəlib o yeri tutur və sıranı qırılmağa qoymur. Beləcə, müqəddəs dəyərlər uğrunda Xeyirlə Şər arasında gedən və bitib tükənməyən bu, mübarizə zaman-zaman davam edir.
P.S.Əslində, söhbət o müqəddəs dəyərləri satmaqdan gedir: “Əməkdar jurnalist” nəmənə şeydir ki… Dünya şöhrətli yazarlar məhz o müqəddəs dəyərləri qorumaq naminə Nobel mükafatından imtina ediblər.