AXCP lideri vicdan məhbuslarını təbrik etdi

Bu gün vicdan məhbusları – AXCP Ali Məclisinin üzvü, jurnalist və hüquq müdafiəçisi Pərviz Həşimlinin və Milli Şuranın üzvü, NİDA vətəndaş hərəkatının fəalı İlkin Rüstəmzadənin doğum günüdür. AXCP sədri Əli Kərimli bu münasibətlə onları təbrik edib. AXCP sədrli facebook səhifəsində paylaşdığı təbrikdə qeyd edir ki. belə mübarizə insanları üçün Azərbaycan özü böyük həbsxanadır və bu mənada doğum günlərini hansı şəraitdə keçirmək onların ovqatına təsir göstərə bilməz.

“Həm Pərviz bəy, həm də İlkin bəy tənqidçi baxışına və hakimiyyətə qarşı mövqeyinə görə gənc yaşında cəzalandırılıb.

Pərviz bəy fəaliyyətinə görə şərlənərək həbs edilib və daha sonra qurama “silah” ittihamını boynuna götürmək, mübarizə yoldaşlarına, əqidədaşlarına böhtan atmaq üçün olmazın təzyiqlərə məruz qalıb. Lakin o, bütün təzyiqlərə mərdliklə sinə gərib, uzunmüddətli həbs hökmünü özünə və əqidədaşlarına böhtan atmaqdan üstün tutub.  

İlkin bəy də ictimai fəallığına görə cəzalandırılan gənclərimizdəndir. O, 2013-cü ildə Bakıda keçirilmiş “Əsgər ölümlərinə son!” aksiyalarının əsas təşkilatçılarından biridir. İsmayıllıda baş vermiş xalq etirazına Bakıda dəstək aksiyasının da təşəbbüskarı o idi. İlkin bəy çox gənc yaşlarından esktremal vəziyyətlərdə cəsarətli davranışı ilə fərqlənib. O, həbsxana şəraitində də əyilməzliyini göstərib, ləyaqətli və dik duruşunu qoruya bilib.

Hər iki vicdan məhbusumuzu doğum günləri münasibətilə bir daha təbrik edirəm, onlara möhkəm can sağlığı arzulayıram. İnanıram ki, onlar da, başqa vicdan məhbuslarımız da tezliklə günahsız həbsdən azad olunacaq və bütövlükdə xalqımızın indiki istibdan rejimindən qurtulmasını birlikdə qeyd edəcəyik”, – deyə Əli Kərimli təbrikində yazır.