Orxan Valehli
Maksim Qorki məşhur "Ana" romanında deyirdi ki, " əgər tülkünü meşəyə ağa etsələr, quş tükü bol olar, ancaq quş tapılmaz". Heç kəsdən gizli deyil ki, indi meşədə tülkülər ağalıq edir. Bu üzdəndir ki, oralarda quş qalmayıb. Daha doğrusu, tüklü quş qalmayıb, boğulan boğulub, yolunan yolunub. Amma görünür ki, tülkünün iştahası artıb, bir az da irəli gedib, vaxtaşırı burnunu qurdların da sırasına soxur. Unudur ki, bir gün o, burun qırılıb, düşəcək yerə. Söhbət hansı meşədən, hansı quşlardan, hansı qurdlardan gedir, indi biləcəksiniz. Bir neçə şər-böhtan mövzusu var ki, bu mövzular heç vaxt bağlanmır və görünür ki, bağlanmayacaq da…
Bizi “vuracaq” başqa tutarlı dəlil tapılmır, aydındır. Ona görə, "ağzıgöyçəklər" oturub-durub deyirlər ki, müxalifət və onun lideri xaricdən maliyyələşir. Bunun yalan olduğunu isbat etmək çox asandır və mən bu asan yolu seçməyəcəm. Sadəcə olaraq, bu böhtana bir sualla cavab verəcəm. Bu sualın cavabı tapılsa, deməli, doğrudan da, müxalifət xaricdən maliyyələşir. Bizli, sizli öyrəşmişik ki, hakimiyyət ildə bir və ya bir neçə də "müxalifətçi" ovuna çıxır. Bir də baxırsan, birini, bəzən də heç tanımadığın birini tapıb televiziyaya çıxardılar. Adam "qırmızı" mikrofonu işə salır və başlayır özü-özünü təkzib etməyə. İllərlə bu düşərgədə yer aldığını deyən bu adam "gənclərə yer verilmir, fb-da saxta profillərlə özlərinin yazılarını bəyənirlər", “pulları göyə sovururlar” və s. deyib yaxasını cırır. Deyərlər, bəs illərdir o düşərgədə bu “haqsızlıqlara” niyə göz yumurdun, adam, indi qalxıb qəhrəman olmusan? Hansı pullardan söhbət gedir? Ortada heç bir dəlil-sübut yox, boşuna havaya daş atmaqdı bunlarınkı. Daş da qayıdıb öz başlarına düşür, əlbəttə ki. İndi deyin, doğurdan da, müxalifət xaricdən maliyyələşirsə, hakimiyyətin əlində olan bu adamlar niyə dəlil-sübutla bizi ifşa etmirlər ki?
İndi, az da olsa, vicdanınız varsa, şər-böhtan atmaqdan çəkinin. Ölkədə müzakirə olunmalı o qədər problemlər var ki… Məsələn, hakimiyyət artıq siyasətçi qohumlarının ovuna başlayıb. Şərləyib həbs edə bildiklərini həbs edirlər, edə bilmədiklərini məcbur edirlər ki, qohumunuzdan imtina edin. Nə qədər gülməli də olsa, bir o qədər ciddi və narahatlıq doğuran məsələdir. İnsanları öz qohumları ilə sınağa çəkmək sadəcə və sadəcə, namərdlikdir. Bunun başqa bir adı yoxdur. Varsa, siz deyin…


