"Onlar barışın olmasını istəmirlər"
"Bir ildən artıqdır ki, rəsmi Bağdad bizə büdcədən pul ayırmır, İŞİD-lə döyüş, 1 milyon 800 mini ötən qaçqın və məcburi köçkün səbəbindən çox ağır iqtisadi böhran yaşayırıq. Neft bizim əsas gəlir qaynağımızdır – məmurların maaşları və millətin digər ehtiyacları bu qaynaqdan təmin olunur. Odur ki, məlum təxribat kürd xalqına, peşmərgə (kürd əsgərlərinə verilən ad) güçlərinə və Kürdüstan bölgəsindəki köşkünlərə qarşı edilmiş böyük bir məsuliyyətsizlikdir"
Şimali İraq kürd muxtariyyatının Nazirlər Kabinetinin açıqlamasında belə deyilir. Strateq.az xəbər verir ki, Nazirlər Kabineti bu açıqlamasıyla Kərkük-Yumurtalıq neft kəmərinin partladılmasına etirazını bildirib və hadisəni "kürd xalqının ruzisinə qəsd" kimi qiymətləndirib.
Xatırladaq ki, boru xətti iyulun 29-da Türkiyənin Cizrə əyalətində partladılmışdı. Partlayışdan sonra PKK bu terror aktını özünün törətdiyini etiraf etmiş və bu etirafı rəsmi internet saytında yayımlamışdı.
Nazirlər Kabineti sözügedən bəyanatında bütün bunları nəzərə alaraq PKK-nı “Cənubi Kürdüstana düşmənçilikdən vaz keçməyə” çağırıb.
Qeyd edək ki, Kərkük-Yumurtalıq kəməri Şimali İraq neftini Aralıq dənizinə, ordan isə beynəlxalq bazara daşıyan yeganə kanaldır.
İraqın kürd bölgəsinin lideri Məsud Bərzani də Almaniyanın «Focus» jurnalına müsahibəsində PKK-nı ittiham edib. O, son günlər Türkiyədə yaşanan gərginliyə görə tək Ərdoğanın yox, PKK-nın da günahkar olduğunu deyib: «Kürd probleminin həlli üçün Türkiyənin PKK ilə başlatdığı çözüm mərhələsinin bitməsində yeganə günahkar prezident Ərdoğan deyil. Günahkarlardan biri də PKK-nın "qırğılar" qanadıdır. Onlar barışın olmasını istəmirlər».
PKK-nın öz gücünü olduğundan artıq göstərdiyini deyən Bərzani Türkiyə ilə ABŞ arasındakı anlaşmanın bölgəyə ciddi təsir edəcəyindən və savaşın genişlənərək Şimali İraqı da öz əhatəsinə ala biləcəyindən narahat olduğunu bildirib