Vətənpərvərliyimiz, dövlətçiliyimiz: vətən sevgisi imandandir

O yerdə ki, dindən siyasi məqsədlərlə istifadəyə meydan verilir, orada fəsadların baş verməsi təbiidir. Bu, sadəcə bir fikir deyil, tarixin ən müxtəlif dövrlərində, elə indinin özündə də təcrübədə təsdiq olunmuş acı həqiqətdir. Azərbaycan dindarlığının dünyaya təqdim olunan və beynəlxalq səviyyələrində təqdir tapan tolerantlıq keyfiyyətləri məhz bu mənada ibrətamizdir ki, cəmiyyətimizin özü dinin siyasiləşməsinə müqavimətlidir. Bu barədə Sumqayıt Tarix muzeyində yerli ziyalılar və din xadimləri qarşısında çıxış edən tanınmış ilahiyyatçı-alim, Quranın dilimizə tərcüməçisi Nəriman Qasımoğlu onu da qeyd edib ki, Azərbaycan dindarlığının tarixən formalaşmış və radikallığa, siyasiləşməyə müqavimətli xüsusiyyəti bir dəyər olaraq qorunmalı və təbliğ olunmalıdır. Çünki bu, Azərbaycan əhalisinin əksəriyyətinin etiqad etdiyi islam dininin mahiyyətindən gəlir və dinimizin belə mahiyyətdə qavranılması həm də dövlətçilik ənənələrimizin möhkəmlənməsinə, gənclərin vətənpərvərlik tərbiyəsinə yaxşı töhfə verir. 
 
Natiq öz çıxışında başqa müsəlman ölkələri ilə müqayisəli təhlillər də aparıb, iştirakçıların diqqətini sağlam dini maarifçilik məsələlərinin əhəmiyyətinə cəlb edib.
 
N.Qasımoğlunun Quran ayələrindən sitatlarla müşayiət olunan çıxışı Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə “Azərbaycan dövlətçiliyinin təbliği ilə bağlı səyyar maarifçilik tədbirlərinin təşkili” layihəsi çərçivəsində Din və Demokratiya Mərkəzi İctimai Birliyi təşkil etdiyi tədbirdə yer alıb. Tədbirin aparıcısı Dini Qurumlarla İş Üzrə Dövlət Komitəsinin Sumqayıt-Abşeron şöbəsinin aparıcı məsləhətçisi Ülvi Məmmədov olub. 
 
N.Qasımoğlu çıxışından sonra iştirakçıları aktiv müzakirəyə dəvət edib, onları maraqlandıran sualları cavablandırıb. Dindarlar vətənə sevginin imandan olduğu barədə peyğəmbər kəlamını xatırladaraq dövlətçiliyə sədaqətin həm də bir din borcu olduğu qənaətini də ifadə ediblər.
 
Tədbirdə Sumqayıt Cümə məscidinin axundu Hacı Rauf da çıxış edib və dindarlar arasında radikallığın aradan qaldırılması işində bu qəbildən maarifçilik tədbirlərinin əhəmiyyətini vurğulayıb.