Mərkəzi Bank kredit faizlərini diqtə edə bilərmi?

Qadir Ibrahimli: «Kredit bazarını bu yolla inkişaf etdirmək mümkün deyil»

Azərbaycan Mərkəzi Bankı kreditlər üzrə faiz dərəcələrinin yuxarı həddini müəyyənləşdirib. “Trend”in məlumatda bildirilir ki, ötən həftə qəbul edilmiş bu qərar yalnız istehlak və mikrokreditlərə tətbiq edilir.
Mərkəzi Bank istehlak kreditləri üzrə illik faiz dərəcələrinin 29, mikrokreditlər üzrə illik faiz dərəcələrinin 25 faizdən yuxarı olmamasını tövsiyə edib. Tələb icra olunmadığı halda, inzibati tədbirlər nəzərdə tutulmur. Buna baxmayaraq, ölkənin bütün bankları kreditlər üzrə faiz dərəcələrini Mərkəzi Bankın təklif etdiyi səviyyəyə uyğunlaşdırmağa çalışır.
Maraqlıdır, Mərkəzi Bank ölkədə fəaliyyət göstərən digər  banklara faiz diqtə edə bilərmi? Ölkədə onsuz da bu sahədə xeyli problemlər var. Problemli kreditlərin sayının artması əhalinin kreditləri ödəmək imkanlarının məhdud olmasının əyani göstəricisidir. Ölkədə sahibkarların vəziyyəti də göründüyü kimi, yaxşı deyil.

Iqtisadçı-ekspert Qadir Ibrahimli deyir ki, kredit faizləri üzrə yuxarı həddi müəyyənləşdirməyə Mərkəzi Bankın səlahiyyəti yoxdur. Ekspert məsələnin yalnız tövsiyə xarakterli təlimatlardan ibarət olmasını mümkün sayır.
Qadir Ibrahimli Mərkəzi Bankın təyin etdiyi həddin kifayət qədər yüksək olduğunu vurğulayaraq, kredit bazarını bu yolla inkişaf etdirməyin mümkünsüz olduğunu deyir: “Problemli kreditlərin çəkisini azaltmaq və digər sahələrdə olan çətinlikləri belə addımlarla həll etmək mümkün deyil. Mərkəzi Bankın tətbiq etdiyi yüksək faizlərdir. Bank-kredit bazarındakı vəziyyəti bu minvalla müsbətə doğru dəyişmək  mümkün deyil”.

Nigar