Yaxud Azərbaycan hökumətinin analoqsuz «islahatçılığı»
Bu ölkədə şad xəbər eşitmək müşkülə çevrilib. Hər gün insanların ağır sosial vəziyyətin məngənəsində sıxıldığının şahidi oluruq. Hakimiyyət gecə-gündüz özünə mədhiyyə dedirtməklə, ölkənin sərvətlərini mənasız layihələrə xərcləməklə məşğuldu.
Demək olar, sadə vətəndaşın heç bir hüququ yoxdur, ölkəni bir qrup adam bölüşdürüb. Ölkə başçısı tez-tez müşavirələr keçirir, problemli məsələlərin həlindən danışır, günahkarların cəzalandırılacağını vəd verir. Amma hər dəfə məlum olur ki, bu müşavirələr “prezident yaxşıdır, ətrafı pis” təbliğatını gücləndirməyə xidmət edir. Yəni vəziyyət daha da ağırlaşır və prezident tapşırıq verməyə davam edir.
Xüsusilə qiymətlərin bahalığı ölkə başçısının bütün çıxışlarında tənqid olunur. Ölkə başçısı yumurtadan tutmuş, AZAL-ın biletlərinə qədər hər şeyin ucuzalşacağını söyləyir. Hətta manatın devalvasiyasından sonra qiymətlərin qalxmayacağı vədini də vermişdi. Amma bu vədə də əməl olunmadı və bütün sahələrdə qiymət artımı müşahidə olundu. Sonuncu müşavirədən sonra da heç bir sahədə ucuzluq müşahidə olunmur. AZAL-ın “islahat”ı isə sadəcə vətəndaşla məzələnməkdir. Yəni Ilham Əliyev uzun illərdi qiymətləri ucuzlaşdıra bilmir. Bütün sahələr məmurların monopoliyasındadı və istənilən məhsula 2-3 qat baha qiymət qoya bilirlər. Kortofdan tutmuş, dərmana qədər bütün məhsullar “od” qiymətinədir.
Amma Əliyev hakimiyyəti bir məsələdə “islahat”ı tam həyata keçirə bilib. Təkcə bir sahədə ucuzluğa nail olublar. Bu da insan həyatıdı, insan ölümüdü. Artıq bu ölkədə vətəndaşın intihar etməsi, özünü yandırması adi hala çevrilib. Faciəli ölüm xəbərləri nə cəmiyyəti, nə də hökuməti titrətmir. Hakimiyyət cəmiyyəti insan ölümünə adaptasiya etdirib.
Qarabağ qazisi özünü yandırdı, digər qazi zorla dəlixanaya salındı, kredit borcuna görə özünü asanların, məmur özbaşınalığına görə körpüyə çıxanların sayını itirmişik. Yaxud Binəqədidəki yanğında 15 insan həyatını itirdi və bu günə qədər də günahkarlar azadlıqda gəzirlər. Ötən gün isə Ağdam sakini icra hakimiyyətinin qarşısında özünə od vurdu. Bu ölkədə təhsil haqqını ödəyə bilmədiyi üçün intihar edənlər də var.
Yəni ölkə vətəndaşı ən xırda problemin həllinə nail ola bilmir və çıxış yolu kimi ölümü seçir. Məhkəmədən, aidiyyəti qurumlardan əlini üzən insanlar, intihara üz tutur. Çünki, dövlət idarələri süründürməçiliklə, məhkəmələr sifarşi yerinə yetirməklə məşğuldu. Vətəndaş etibar edə biləcəyi dövləti tapmır. Məmur özbaşınalığına “dur” deyən yoxdur. Korrupsiya dövlət siyasətinə çevrilib. Yəni hakimiyyət özü kriminal dəstəyə çevrilib və vətəndaşın həyatını qaraltmağa xidmət edir. Belə bir reallıqda ölüm yeganə dosta çevrilir və adiləşir.
Bəli, YAP hakimiyyəti insan taleyini heçə çevirə bildi. Kortofun qiymətini ucuzlaşdıra bilməyənlər ölümü ucuzlaşdıra bildilər. Bu hakimiyyətin yeganə “islahat”ı ölümlə bağlıdır. Vətəndaşa xoşbəxtlik əvəzinə ölüm gətirdilər. Bu ölkədə ölmək yaşamaqdan daha cəlbedicidir. Hakimiyyət mənəvi terror siyasəti ilə vətəndaşı kamikadzeyə çevirdi.
Samir