Müsavatçılar “Yeni Müsavat”a qarşı

Elşad Paşasoyun yazısı aranı qatdı; Rauf Arifoğlu partiyanı ələ saldı
 

“20 ilin müsavatçısına çirkab atanlara ən sadə cavabım budur ki, ömrümüzü verdik, əvəzində hədyanlar eşitdik birilərindən. Ayrı təmənnam yox, sadəcə utanmaları lazım!”. Modern.az xəbər verir ki, bu fikirləri "Yeni Müsavat"ın yazarı, Müsavat Partiyasının sabiq Məclis üzvü Elşad Paşasoy özünün Facebook səhifəsində yazıb. E.Paşasoy konkret ad çəkməsə də, bu qınaqları bəzi partiyadaşlarına ünvanladığı dərhal aydın olur.
 
 
Belə ki, həmkarımız “O, sizə “İstiqlal” ordeni verdirmək istəyirdi…" adlı köşə yazısına görə Müsavatın bəzi üzvləri, hətta Avropa və Amerikada sığınacaq almış bir sıra partiya təmsilçilərinin kəskin, bəzi hallarda isə təhqiramiz reaksiyası ilə üzləşib. Partiya başqanının müşavirlərindən biri isə E.Paşasoyun köşəsini paylaşaraq təhqirlərin də yer aldığı müzakirələrə imkan yaradıb, hətta bir sıra hallarda özü də aşağılayıcı rəylər paylaşıb. Müsavat rəhbərliyinə yaxın şəxslərin də bu müzakirələrə qoşularaq hətta təhqirlərə yol verməsi həmkarımızı əks reaksiyaya vadar edib. Hətta "Yeni Müsavat"ın redaktoru Elşad Məmmədli partiya başqanı Arif Hacılıya müraciət edib. O, Facebook səhifəsində yazıb: "Hörmətli Arif Hacılı, dəyərli Müsavat başqanı. Diqqətinizə çatdırım ki, sizin ətrafınızda olan şəxslər, müavinləriniz, müşavirləriniz cəbhəçilərə qoşularaq bütün günü Facebook-da "Yeni Müsavat"ı, Rauf Arifoğlunu, kollektivimizi, köşə yazarlarımızı söyməklə, təhqir etməklə məşğuldurlar. Hətta dəyərli yazar, uzun illərini Müsavat Partiyasına həsr etmiş Elshad Pashasoyun çox sanballı və reallıqları əks etdirən bir köşə yazısına görə onu və "Yeni Müsavat"ın kollektivini aşağılayırlar. Onları durdurun lütfən! "Yeni Müsavat" kimi bir tribunanı söymək rəhbərlik etdiyiniz təşkilata başucalığı və fayda gətirməz. Bu mənim "Yeni Müsavat" ailəsinin bir üzvü kimi mövqeyimdir, qəzetin rəsmi mövqeyi deyil! Sadəcə, kollektivimizə yönəlik qarşılaşdığım təhqirləri durdurmağınızı rica edirəm". 
 
 
E.Paşasoy isə davam edən həqarətli münasibətin və partiya rəhbərliyinin susqunluğunun qarşılığında özünün 20 ildən artıq Müsavat üzvü olmasını təsdiqləyən partiya biletinin fotolarını paylaşıb və yuxarıdakı qeydini yazıb.
 
Məlumat üçün bildirək ki, “Yeni Müsavat” qəzetinin baş redaktoru Rauf Arifoğluna “Əməkdar urnalist” adı verildikdən sonra E. Paşasoy bununla bağlı “O, sizə “İstiqlal” ordeni verdirmək istəyirdi…" başlıqlı köşə yazıb.
 
Amma bəzi müsavatçılar bütün günü Facebook-da "Yeni Müsavat"ı, Rauf Arifoğlunu, kollektivi, köşə yazarlarını söyməklə, təhqir etməklə məşğuldurlar. E.Paşasoy sualımıza cavabında Facebook-dakı qalmaqalla əlaqədar hər hansı açıqlama vermək istəmədi.
 
Məsələyə “Yeni Müsavat" qəzetinin baş redaktoru Rauf Arifoğlu da münasibət bildirib. Moderator.az-ın xəbərinə görə o, atmaca dolu cavab yazaraq Elşad Paşasoyu ittiham edən müsavatçıları aşağılayıb:
 
 
"Gəmi bizdə… Sükan da… Kovçak kimidir…Hər cür kəskin manevrlərə tab gətirir və Yola davam. İllərlə yedəyimizdə sürüdüyümüz Qayıqlardan bəzilərinin, ən ümidsizlərin isə ipini buraxdıq. Yanlarından da yavaşca aralandıq ki, idarəmizdəki Gəminin yaratdığı iri dalğalar onları vurub, aşırmasın. Batmamaları üçün dua etməyimizin də anlamı qalmayıb. Zaman onların içindəkilərin fətfasını verib… Amma bir şeyə əminəm. Son ana qədər bir – birlərini və bizi, daha çox da onları tərk edən Gəmimizi söyəcəklər. Haqlı da olacaqlar. Tərk edilmək ağır bir şey…Nifrət onları gəmirməkdədir; hər yer qanlı içalat qoxuyur…. Bu acıya dayanmaq da qəhrəmanlıq – dayanmamaq da…Qucaqlarına aldıqları oyuncaq gəmi sükanlarını da sağa – sola fırladıb , bağıracaqlar : "Gəmi bizdə , Gəmi bizdə… Onlar yalan deyir… gəmi bizdə… Onlar xain, onlar satqın…"
 
Gəmi isə amansız bir inadla asta-asta onlardan uzaqlaşır…Geriyə baxma, çığırtı və söyüşlərə aldırma Dostum; irəliyə bax ki, həmişəki kimi Gəmi bizdə, sükan bizdə, məsuliyyət bizdə… Yol uzun və amansız…Sonuna da çox var…
 
Sən Nuhun gəmisi əfsanəsini oxudunmu? Son filmə necə, baxdınmı…
 
Sayğılarla, Kapitan R.A. "