37-ci illərdən kitab yazanlar

Görəcək günlərimiz varmış. Kitablardan oxuduğumuz, evimizdəki ahılların ara-sıra ucundan-qulağından anladıb, gerisində susduğu qorxunc şeylərin bənzərini yaşamaq varmış. Bir də dünyanın arxayın vaxtı o kitabları yazıb, güllələnən insanlardan daha çox populyarlaşan qələm sahiblərinin ilim-ilim itdiyini görüb sarsılmaq. Tarixin təkrarı çox halda kədərli və ağrılıdır, doğru. Amma ibrət anlamında bir yandan faydası da var, bəlkə. Uzaq illər öncə güllələrə daranan o məsum insanların həyat hekayələrini yazıb, indi repressiya maşını tərəfdə yer almaq qədər ağır şey olmasın gərək. 37-ci illər olsaydı, fərqli sıradamı yer alacaqdı o adamlar? Bunu heç ağlınızın ucundan da keçirməyin. Hər şey çox bənzər şəkildə cərəyan edir. Hər kəs özünə yaxın və layiq olduğu tərəfdə yer alır…
Bu aralar 37-ci illərin ən ağır ailə faciəsini yaşamış Cavidləri çox xatırlayıram. O illərin repressiya qurbanı olmuş böyük şairin ürək yaxan həyat hekayəsini təfərrüatlı şəkildə Rafael Hüseynovun “Cavidlər” kitabından oxumuşdum. Ustalıqla araşdırılmış və yazılmış bir əsərdi. Oxuduğumda ağlayacaq qədər çox təsirlənmişdim. Amma indi Rafael müəllim haralardadır görəsən? Indi gözümüzün ucunda bu qədər ağladacaq şeylər var ikən, susmasını hansı dəftərin kənarına yazaq? Əslində, çəkmək istədiyim adların siyahısı uzundur. Ancaq ad çəkməklə bir şey dəyişsəydi, nə vardı ki… Bir ölkədə, bir şəhərdə yaşadığımıza görə, onlar da hər şeydən mənim qədər xəbərdardır, axı…
37-ci illərdə olanların tam bənzəri baş verir, bəli. Insanlar qardaşına, atasına, əmisi oğluna, yeznəsinə görə şərlənib, həbsxanaya atılır. Son günlər ölkədə azad sözə nəfəs verən insanların ailə üzvlərinin başına gətirilənlərdən xəbəriniz var. “Azərbaycan saatı” proqramının rəhbəri Qənimət Zahidin Şamaxıdakı bütün qohum-əqrabasına qarşı xüsusi əməliyyat keçirilib. Hazırda onun 3 yaxın qohumu həbsdədir və onlardan ikisinə narkotika ittihamı ilə cinayət işi açılıb. Dünən isə “Meydan” TV-nin rəhbəri Emin Millinin qaynı eyni ittihamla həbs olunub. Gəl ki, ölkənin adına ziyalı deyən böyük çoxluğu arasında ölüm sükutu var. O cümlədən, məlum tarixi qalaq-qalaq kitablara yazanların arasında. Amma yenə də şükür ki, vicdanlı, haqqı nahaqqa verməyən, dəyərli aydınlarımız bitib tükənməyib. Qənimət bəyin qohumlarının həbsi haqqında fikirlərini yazan professor Cəmil Həsənli bu hücumu 37-ci illərdə elə Şamaxının özündə baş verən bir hadisə ilə müqayisə etmişdi. Yeri gəlmişkən, mən də o illər Şamaxıda olmuş bir hadisəni xatırlatmaq istədim. 1937-ci ilin iyun ayında bu rayonunun Təklə kəndindəki kolxoz sədrinə tapşırıq verilir ki, respublika toplanışında iştirak etmək üçün 70 nəfər qabaqcıl kolxozçunun siyahısını versin. Məlum siyahıya yaşı 30-dan yuxarı olan 70 kişi daxil edilir. Sonra həmin adamlar gecə ikən həbs edilib Bakıya həbsxanaya göndərilir. Onlardan 60 nəfəri güllələndikdən sonra elan olunur ki, Şamaxı rayonunda əksinqilabçı, burjua-millətçi təşkilat aşkar edilib.ÿ
Ümumiyyətlə, ailələrə qarşı qisasçılıq texnologiyasından ən amansızcasına istifadə edilən dövr 37-ci illər olub. Bu illərdə həbs edilənlərin həyat yoldaşlarından məcburən ifadə alınırdı ki, onların ərləri sovet hökumətinə qarşı üsyana hazırlaşırlar. Sonra maddi sübut olan silahı həyətlərə atır, ya da həbs olunanların yaxınlarını aldadırdılar ki, silahı təhvil versələr, həbsdə olanları buraxılacaq. Bəziləri doğmalarını xilas etmək üçün hətta qapısındakı mal-qarasını satıb silah alırdı. Bundan sonra isə həbs olunanlar güllələnir və bu silahlarla onların şəkilləri çəkdirilib sənədləşdirilirdi.
Xülasə, durum getdikcə ağırlaşır. 37-ci illərin xortlamış qaydaları heç bir sərhəd tanınmadan həyatımıza girir. Heç kim durub-durduğu yerdə hansısa iftiranın güdazına getməyəcəyinə təminatlı deyil. Ancaq deyəsən 15-20 il əvvəl o tarixi “qəhrəman” kimi yazıb ölkəyə səs salanlar, bu gün o yaşananların fərqində deyillər. Fərqində olmamış da deyillər əlbət, sadəcə özlərini görməzliyə vururlar…