Ciddi vədlər verilsə də, qeyri-ciddi əməl olundu
Bu ölkədə insanın dəyəri çox ucuzdu. Ona görə də insanların taleyi faciəli anlarla zəngindi. Mövcud hakimiyyət elə bir siyasət müəyyənləşdirib ki, sadə vətəndaşın heç bir hüququ və söykənəcəyi yoxdur. Sadə vətəndaşın mülkiyyəti əlindən alınır, haqqı tapdanır, səsi oğurlanır və.s Hətta kütləvi insan ölümləri də hökumətin xarakterini dəyişə bilmir.
Mayın 19-da Binəqədi rayonunda 16 mərtəbəli bina yandı və 15 nəfər vətəndaşımız həlak oldu. Bu hadisə ölkənin əsas gündəminə çevrildi və qeyri-rəsmi matəm ab-havası yarandı. Hamı bildi ki, bu yanğın təsadüflərin nəticəsi yox, məmur özbaşınalığının, iri oliqarxların acgözlüyünün nəticəsidir. Təbii ki, bunu danmaq olmazdı. Ən azı ona görə ki, analoji hallar bir neçə dəfə təkrarlanmışdı və hökumətə xəbərdarlıq edilmişdi. Buna görə də cəmiyyətdəki etriazları nəzərə alaraq ölkə başçısı geniş müşavirə keçirdi və müvafiq tapşırıqlarını verdi. Cəmiyyətə vəd olundu ki, günahkarlar cəzalanacaq və haqq öz yerini tapacaq. Bu müşavirədən bir neçə gün sonra JEK müdiri, icra başçısının sabiq müavini həbs olundu. Bu həbslər isə cəmiyyətdə ironiya obyektinə çevrildi. Çünki, 100 milyonlarla dövriyyəsi olan sintetik üzlüklərin binalara vurulmasını hansısa JEK müdiri müəyyənləşdirmir. Eyni zamanda bu üzlüklərin vurulmasına FHN-in, Seritifikatlaşdırma idarəsinin, BŞIH-nin icazəsi var. Yəni, məlum faciəyə görə ən yüksək postda duranlar məsuliyyət daşıyır. Onu da qeyd edək sintetik üzlükləri istehsal edən şirkətin açılışında məhz ölkə başçısı iştirak etmişdi və bu şirkətin prezidentinə “fəxri mühəndis” adı verilmişdi.
Xatırlayırsızsa, Avropa oyunları öncəsi baş verən bu yanğın hadisəsinə prezident münasibət bildirərkən “bu faciənin qarşısında Avropa oyunlarının heç bir dəyəri qalmadı” söyləmişdi. Yəni, ölkə başçısı bu ifadə ilə baş verənlərə nə qədər həssas yanaşdığını sübut etmək istəyirdi. Amma məlum yanğından 2 aydan artıq vaxt keçir və deyilənə görə 1 həftədən sonra istintaq yekunlaşacaq. Amma yaranmış mənzərə onu göstərir ki, hökumət “ənənə”yə sadiq qalaraq 10-cu dərəcəli adamları günahkar biləcək və əsas şəxslər məsuliyyətdən yayınacaq. Bəli, 15 insanın qanı batırılır və insanların gözünün içinə baxa-baxa yalan danışırlar.
Bir daha aydın olur ki, bütün vədlər, kövrək pozalar daxili auditoriyanı sakitləşdirmək, vaxtı uzatmaq məqsədi daşıyır. Yuxarıda da qeyd etdiyimiz kimi hakimiyyət üçün əsas olan biznes maraqlarıdır. Insanların həlak olması, ailələrin ağır vəziyyətə düşməsi o qədər də önəmli deyil. Bu həmin hakimiyyətdir ki, onlarla insanı günahsız yerə həbsdə saxlayır və bütün dünya bu insanları “vicdan məhbusu” kimi tanıyır. Amma əsl cinayətkarlari iş başındadır və xalqın taleyi ilə alver edirlər.
Bir sözlə, istintaq yekunlaşır və böyük vədlərin kiçik zərrəcikləri üzə çıxacaq. Hamı görəcək ki, bu hakimiyyətə ümid olmaq, inanmaq sadəcə sadəlövhlükdür.
Hikmət