“Xədicə Əliyevin biznesi barədə məqalələrinə görə həbsdədir”

Almaniya mediası Xədicə İsmayılın məhkəməsindən yazır

Tanınmış araşdırmaçı jurnalist, “Azadlıq” radiosunun əməkdaşı Xədicə Ismayılovanın məhkəməsi barədə xəbər dünyanın nüfuzlu mətbu orqanlarında yayımlanıb. “Azadlıq”ın ötən sayında “The Guardian”, “Le Parisien” kimi media qəzetlərdə yayımlanan materialları təqdim etmişdik. Almaniya mətbuatı da mövzunu diqqətdən kənarda qoymayıb. “Deutsche Welle” bu barədə geniş material yayımlayıb. Məqalədə Xədicə Ismayılovanın məhkəməsinin başlandığı xəbər verilməklə yanaşı, onun həbsinin gerçək səbəblərindən də bəhs olunub. Məqalənin tərcüməsini təqdim edirik:
“Azadlıq”/"Azad Avropa" radiosunun yeddi aydan çoxdur ki, həbsdə saxlanılan jurnalisti Xədicə Ismayılovanın məhkəməsi keçirilib. Proses Azərbaycanın paytaxtındakı Ağır Cinayətlər Məhkəməsində keçirilir. Xədicə Ismayılovaya qarşı vergidən yayınma, qanunsuz sahibkarlıq, vəzifədən sui-istifadə kimi ittihamlar irəli sürülüb.
Məhkəmə prosesinə sədrlik edən hakim Ismayılovanın vəkillərinin vəsatətlərini təmin etməyib. Onların arasında Xədicə Ismayılova barəsində cinayət işinə xitam verilməsi, məhkəmə prosesinin audio və video yazısına icazə verilməsi haqda vəsatətlər də olub.
Beynəlxalq hüquq müdafiə təşkilatları, Ismayılova, eləcə də həmkarları bəyan edir ki, ona qarşı irəli sürülmüş ittihamlar siyasi motivlidir. Xədicə Ismayılovanın həbsi əslində, prezident Ilham Əliyev və ailə üzvlərinin maliyyə əməliyyatlarını ifşa edən məqalələrinə görə ondan qisas almaqdır.
Xədicə Ismayılova ötən ilin dekabrında həbs olunub. Əvvəlcə o, başqa bir jurnalisti özünü öldürməyə cəhd həddinə çatdırmaqda ittiham olunurdu. Lakin sonradan ona qarşı vergidən yayınma, qanunsuz sahibkarlıq, vəzifədən sui-istifadə kimi ittihamlar irəli sürüldü. O, Əliyev administrasiyasını xoşagəlməz vəziyyətə salan silsilə araşdırma yazılarından sonra həbs olundu.
2014-cü ildə Ismayılova Əliyevin iki qızının ölkənin ən böyük mobil operatoruna sahibləndiyi barədə məqalə yazmışdı.
Ismayılovanın daha bir məqaləsi Əliyevlər ailəsinin Bakıda “Eurovision” musiqi yarışmasının keçirilməsi üçün inşa olunan “Kristal Hall” konsert zalının tikintisindən 134 milyon dollar gəlir götürməsi haqda olub.
Ismayılova “Azad Avropa”/"Azadlıq" radiolarının keçmiş müxbiridir. Radionun Bakı bürosu Azərbaycan hakimiyyəti tərəfindən qapadılıb. Dekabr ayında radionun Bakı ofisində axtarış aparılıb, sənədlər və avadanlıqlar götürülüb, əməkdaşlar qeyri-qanuni saxlanılıb. Radionun Bakı bürosu mayda bağlansa da, Çexiyadan Azərbaycana yayım davam etdirilir.
“The New York Times” və “The Washington Post” qəzetlərindəki redaksiya məqalələrində qeyd olunur ki, Xədicə Ismayılovanın həbsi Azərbaycanda söz azadlığa qarşı repressiyaların tərkib hissəsidir.
Ötən ilin dekabrından həbsdə olan Ismayılova onu dəstəkləyənlərə belə bir məktub göndərmişdi: “Siz hamınız mənim bu gün niyə həbsdə olduğumu yaxşı bilirsiz. Həbsimin əsl səbəbi korrupsiyanı ifşa etməyimdir. Repressiv rejimlərə səhv olduqlarını sübut etməyin etməyin yeganə yolu onların korrupsiyasının ifşasını, hüquqları pozulanların müdafiəsini davam etdirməkdir. Bəli, bu cür addımların da bədəlini ödəmək lazım gəlir. Amma buna dəyər!”

Informasiya şöbəsi