Suriyanın şimalında İŞİD-dən təmizlənmiş azad zona yaradılır
PKK və IŞID-ə qarşı həyata keçirdiyi əməliyyatları müzakirə etmək üçün Türkiyənin NATO-nun təcili toplantısını çağırdığı barədə məlumat vermişdik. Dünən açıqlanıb ki, görüş iyulun 28-də Brüsseldə baş tutacaq. NATO baş katibi Yens Stoltenberq Türkiyənin müzakirələrlə bağlı çağırışını müsbət cavablandırdıqlarını bildirib.
Onun sözlərinə görə, bu çağırış NATO müqaviləsinin 4-cü maddəsinə uyğundur. Üzv ölkələr ərazi bütövlüyüünə və təhlükəsizliyə təhdid görəndə belə çağırışlar edə bilərlər: “Türkiyənin belə bir görüş istəməsi vaxtında verilmiş qərardır. NATO Türkiyə sərhədlərinin yaxınlığında – Suriya və Iraqda qeyri-stabilliyi və qarışıqlığı müzakirə etməlidir”.
Baş katib onu da bildirib ki, Türkiyə baş naziri Əhməd Davudoğlu ilə danışaraq məlum olaylar zamanı həyatını itirənlərə başsağlığı verib. Həmçinin Türkiyənin IŞID və onun terrorçu əməllərinə qarşı həyata keçirdiyi əməliyyatlara alyansın dəstəyini ifadə edib.
Dünən ABŞ-la Türkiyə arasında Suriyanın şimalında azad zonanın yaradılması ilə bağlı razılıq əldə olunub. Türkiyə mətbuatının yazdığına görə, bu barədə “Frans Press”ə ABŞ-ın adının açıqlanmasını istəməyən yüksək vəzifəli məmuru məlumat verib. Anlaşmaya əsasən, iki ölkə Suriyanın şimalını IŞID-dən təmizləmək üçün birgə fəaliyyətə başlayacaq: “Məqsəd, IŞID-dən təmizlənmiş zona yaratmaq, həmçinin Türkiyənin Suriya ilə sərhədində təhlükəsizlik və sabitliyi təmin etməkdir”.
Məlumatlara görə, Türkiyə bununla IŞID-lə yanaşı, PKK-ya yardım edən Suriya kürdlərini də zəiflətmək niyyətindədir. Bufer zona Türkiyənin Suriya ilə sərhəd ərazilərini əhatə edəcək.
Türkiyənin Iraqın şimalındakı separatçı kürdlərə qarşı hava reydlərinə gəlincə, bu addım faktiki olaraq iki illik atəşkəsə son qoyub. Ölkənin hərbi qırıcıları Iraqın şimalındakı PKK mövqelərini dünən də raket atəşinə tutub. PKK sözçüsü bildirib ki, Türkiyə qırıcıları Dohukun və Ərbilin şimalında iki mövqeni bombalayıb. BBC-nin Istanbuldakı müxbiri Mark Loven hesab edir ki, Türkiyədə kürd münaqişəsinin yaşandığı “keçmişdəki pis günlər” yenidən qayıda bilər: “Türkiyə vətəndaş münaqişəsinə cəlb olunsa, bu onun IŞID-ə qarşı koalisiyadakı rolunu mürəkkəbləşdirə və Qərbin cihadçılara qarşı strategiyasını əngəlləyə bilər”.
Bu arada, Türkiyə IŞID, PKK və bir neçə başqa terror qruplaşmasına qarşı antiterror əməliyyatlarını davam etdirir. Son məlumatlara görə, əməliyyatlar zamanı həbs edilənlərin sayı mini ötüb.
Son olyalar və həyata keçirilən əməliyyatlarla bağlı müzakirə aparmaq üçün dünən Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan parlamentin Başqanlıq Divanını Ağ Sarayda qəbul edib. CHP və HDP görüşü “boykot” etdiyi üçün müzakirələr AKP və MHP-li deputatlar arasında olub. Qapalı şəraitdə keçən görüşdə MHP-li deputat Seyfəddin Yılmaz PKK və IŞID-in Türkiyədə qol-qanad açmasında AKP hökumətini günahlandırıb. Onun sözlərinə görə, AKP-nin çözüm mərhələsi siyasətinin nəticəsi olaraq adıçəkilən terror təşkilatları bu vəziyyətə gəlib çıxıblar: “AKP çözüm mərhələsi siyasəti ilə kürd əsilli vətəndaşları PKK-nın qucağına itələmiş oldu. Əməliyyatlara çox gec başlamısız. Heç olmasa bundan sonra qətiyyətlə davam etdirin”.
Gültəkin


