Neftin qiyməti hansı həddə düşə bilər?

Rövnəq Abdullayev haqlıdır, yoxsa beynəlxalq ekspertlər?

Oqtay Haqverdiyev: «Bu və gələn il qiymət 50-65 dollar arasında olacaq»

Bəlli olduğu kimi, Azərbaycan Dövlət Neft Şirkətinin prezidenti Rövnəq Abdullayev  bir müddət öncə açıqlama verərək neftin qiymətinin bahalaşacağını bildirmişdi. Onun sözlərinə görə, qarşıdakı 1-2 il ərzində neftin qiyməti 65-75 dollar arasında dəyişəcək.
Buna rəğmən, “Bloomberg” agentliyi “Morgan Stanley” bankının təhlilçilərinin proqnozlarına əsasən, dünya bazarında dəyişikliklərin neftin qiymətini son 30 ildə ən kəskin həddə sala biləcəyi barədə məlumat yayıb. Xatırladaq ki, indiyədək neftin qiymətində enmə və nəticədə neft istehsalına sərmayələrin azalması dünya bazarına çıxarılan neftin həcmini azaltmayıb. Son yarım ildə OPEK ölkələrində neft istehsalı sutkada 1.5 milyon barrel artıb.
Irana qarşı sanksiyaların qaldırılması və vətəndaş müharibəsi içində çabalayan Liviyada durumun yaxşılaşması ilə bazara yeni neft axını başlaya bilər ki, bu da qiymət artımını əngəlləyəcək.
Beləliklə, proqnozda deyilir ki, düşüş minimum 3 il çəkə bilər və bu, 1986-cı ildəkindən də pis olar. Bu baxımdan, görəsən, ARDNŞ prezidentinin, yoxsa “Morgan Stanley”in dedikləri realdır?

Iqtisadçı-ekspert Oqtay Haqverdiyev öncə Irana diqqəti çəkərək orada neftin hasilatını artıra bilmək üçün böyük işlərə ehtiyac olduğunu söyləyir. Belə ki, orada yataqların hamısı konservator olunub və onları yenidən işlətmək üçün böyük miqdarda investisiyalar lazımdır. Siyasi baxımdan da parlamentdə qoyulan məsələ hələ ki ratifikasiya olunmayıb. Ekspertə görə, bu mənada neftin qiymətinin yaxın illərdə necə olacağını konkret şəkildə demək mümkün deyil:
“Hər halda, bu il və gələn ilin birinci yarısı qiymətlər stabil olaraq 50-65 dollar arasında qala bilər. Neftin qiymətinin birdən-birə aşağı düşməsi mümkün olan iş deyil. Bu heç kiməsə də sərfəli deyil. ABŞ-ı, Rusiyanı bu məqamda misal göstərirlər. Misal üçün, Rusiyanın nefti çox olduğu üçün qiymət onun üçün əsas rol oynamır. Əlbəttə, qiymətin yaxşı olması hamıya sərfəlidir. Amma proseslər göstərir ki,  neftin qiymətində yaxın bir ildə böyük həddə dəyişiklik olmayacaq”.

Nigar