Dünya mətbuatı Xədicə İsmayılovanın məhkəməsindən yazır

«The Guardian»: «Bu həbs Əliyev ailəsinin maliyyə əməliyyatları barədə məqalələrinə görə ondan qisas almaqdır»

«Le Parisien»: «İsmayılova Əliyev administrasiyasını xoşagəlməz duruma salan yazılarından sonra həbs olundu»

Xədicə Ismayılova: «Mən məhkəmədən amansız hökm gözləyirəm. Onlar mənim ömrümdən 10 il oğurlayacaqlar. Lakin mən qorxmuram»

Bakıda araşdırmaçı jurnalist, “Azadlıq” radiosunun əməkdaşı Xədicə Ismayılovanın məhkəməsinin başlanması barədə xəbər dünyanın nüfuzlu media orqanları tərəfindən tirajlanıb. Böyük Britaniyanın “The Guardian”, Fransanın “Le Parisien” kimi nüfuzlu media orqanları azərbaycanlı jurnalistin məhkəməsinə kifayət qədər geniş yer ayırıb. Bu məqalələrin hər birində də vurğulanır ki, Xədicə Ismayılovaya qarşı ittihamlar saxtadır və əslində, o, hakim ailənin biznesilə bağlı araşdırma yazılarına görə həbs olunub.

“Bu həbs nə yolla olursa olsun, Xədicəni susdurmaq məqsədi daşıyır”

“The Guardian” sözügedən məqaləni “Azərbaycanda həbsdə olan jurnalist Xədicə Ismayılova məhkəmə qarşısına çıxarılır” başlığıyla təqdim edib:
“Azərbaycanda təxminən səkkiz aydır ki, dəmir barmaqlıqlar arxasında olan araşdırmaçı jurnalist Xədicə Ismayılovaya qarşı vergidən yayınma, qanunsuz sahibkarlıq, vəzifədən sui-istifadə kimi ittihamlarla məhkəmə prosesi başlayıb.
Xədicə Ismayılovanın barəsində məhkəmə prosesi paytaxt Bakıda Ağır Cinayətlər Məhkəməsində başlayıb.
Məhkəmə prosesinə sədrlik edən hakim Ismayılovanın vəkillərinin vəsatətlərini təmin etməyib. Onların arasında Xədicə Ismayılova barəsində cinayət işinə xitam verilməsi, məhkəmə prosesinin audio və video yazısına icazə verilməsi haqda vəsatətlər də olub.
Beynəlxalq hüquq müdafiə təşkilatları, Ismayılova, eləcə də həmkarları bəyan edir ki, ona qarşı irəli sürülmüş ittihamlar siyasi motivlidir. Xədicə Ismayılovanın həbsi əslində, prezident Ilham Əliyev və ailə üzvlərinin maliyyə əməliyyatlarını ifşa edən məqalələrinə görə ondan qisas almaqdır.
Eyni zamanda, “Azadlıq” radiosunun əməkdaşı olan Xədicə Ismayılovanın azadlığa buraxılması üçün Azərbaycan hökumətinə çoxsaylı çağırışlar edilib. Amerika PEN Mərkəzi ifadə azadlığı hüququndan yararlandığına görə təqib olunaraq həbsxanaya salınan Xədicə Ismayılovanı bu ilin mayında Barbara Qoldsmit adına azadlıq mükafatına layiq görmüşdü.
Ismayılova həbsxanadan göndərdiyi və “The New York Times” qəzetində dərc olunan məktubunda yazır ki, Azərbaycanda insan haqları sahəsində dərin böhran hökm sürür. O, beynəlxalq ictimaiyyəti Azərbaycandakı siyasi məhbusların azadlığa buraxılması üçün Əliyevə təzyiq göstərməyə çağırıb.
“Azadlıq” radiosunun rəhbəri Nenad Peciç bildirib ki, Ismayılovanın həbsinin hər hansı cinayət və qanunçuluqla qətiyyən əlaqəsi yoxdur. Bu həbs nə yolla olursa olsun, Xədicəni və “Azadlıq” radiosunun Bakı bürosunu susdurmaq məqsədi daşıyır.
Xədicə Ismayılova ötən ilin dekabrında həbs olunub. Əvvəlcə o, başqa bir jurnalisti özünü öldürməyə cəhd həddinə çatdırmaqda ittiham olunurdu. Lakin sonradan ona qarşı vergidən yayınma, qanunsuz sahibkarlıq, vəzifədən sui-istifadə kimi ittihamlar irəli sürüldü. Onun həbsi Əliyev hakimiyyətinə utanc gətirən silsilə araşdırmalarından sonraya təsadüf etdi.
Ismayılovanın araşdırmaları Azərbaycanın hakim dairələrindəki qohumbazlıq üzərində fokuslaşmışdı. Məsələn, o, 2010-cu ilin avqustunda yazırdı ki, bir sıra dövlət müəssisələrinin, o cümlədən hava yolları şirkəti, bankın özəlləşdirilməsi zamanı şəffaflığa əməl olunmayıb.
Xədicə Ismayılova, eləcə də digər həmmüəllif Ülviyyə Əsədzadə rəsmi sənədlərə əsaslanaraq yazırdı ki, bankın yeni sahibləri yüksək vəzifəli şəxslərin qohumlarıdır: biri prezident Əliyevin qızı Arzu Əliyeva, digər “Azərbaycan Hava Yolları” Dövlət Konsernin rəhbəri Cahangir Əsgərovun həyat yoldaşı Zərifə Həmzəyeva.
Ismayılova başqa bir səs-küylü araşdırmasında üzə çıxarmışdı ki, Bakıda “Eurovision” musiqi yarışmasının keçirilməsi üçün inşa olunan yeni konsert zalının – “Kristal Hall”ın tikintisindən Əliyevlər ailəsi 134 milyon gəlir götürüb.
Azərbaycan hakimiyyətinin “Azadlıq” radiosunun Bakı bürosuna təzyiqlərində Ismayılovanın jurnalist araşdırmalarının böyük rolu oldu. Keçən ilin dekabrında radionun Bakı bürosunun ofisində heç bir əsas göstərilmədən axtarış aparıldı, ardınca ofisin qapısı möhürləndi. Axtarış nəticəsində radionun avadanlıqları və sənədləri müsadirə olundu. Radionun vəkili istintaq və məhkəmə prosesindən uzaqlaşdırıldı. “Azadlıq” radiosu may ayında Bakı burosunu bağlayıb. Lakin radio Praqa ofisindən əvvəlki kimi Azərbaycana yayımlanır.

“Bu, uydurma bir məhkəmə işidir”

“Le Parisien”in Xədicə Ismayılova barədə məqaləsi “Azərbaycan: müstəqil jurnalistin işi üzrə məhkəmə prosesi başladı” sərlövhəsi ilə yayımlanıb:
“Azərbaycandakı rejimin korrupsiya əməllərini ifşa etməsilə tanınan müstəqil jurnalist Xədicə Ismayılova ötən həftənin cümə günü özünün də sifarişli hesab etdiyi məhkəmə qarşısına çıxıb.
“Mən ailənin (prezident Ilham Əliyevin ailəsi) biznesini araşdırdığıma görə həbs olunmuşam”, – deyə Ismayılova məhkəmədə bildirib. O, əlavə edib ki, ona qarşı irəli sürülmüş vergidən yayınma və digər ittihamlar saxtadır, siyasi motivlidir.
“Azadlıq” radiosunun əməkdaşı olan Xədicə Ismayılova ötən ilin dekabrından həbsdədir. Bu ittihamlarla onu 12 ilədək həbs cəzası gözləyir.
“Ittihamların heç biri əsaslandırılmayıb. Bu, uydurma bir məhkəmə işidir”, – deyə Ismayılovanın vəkili Fariz Namazlı bildirib.
Proses zamanı məhkəmə binası çoxsaylı polislərlə mühasirəyə alınıb. Jurnalistlərə, xarici diplomatlara məhkəmə iclasında iştirak etməyə imkan verilməyib. Xədicə Ismayılovaya dəstəyini ifadə etmək istəyən onlarla adam məhkəmə binası qarşısından qovulub.
Xədicə Ismayılovaya qarşı irəli sürülmüş ittihamlardan biri də keçmiş həmkarını özünü öldürmə cəhdinə vadar etməkdir. Iddia olunur ki, “Azadlıq” radiosunun keçmiş əməkdaşı olan Tural Mustafayevin ötən ilin sentyabrında özünü öldürməyə cəhd göstərməsinin səbəbi bir neçə il əvvəl Xədicə Ismayıl tərəfindən işdən qovulmasıyla bağlıdır. Lakin məhkəmə iclasında iştirak edən Mustafayev bildirib ki, hakimiyyət orqanlarının təzyiqilə yalan danışıb.
2013-cü ildə üçüncü dəfə prezident olan Əliyev rejiminin insan haqları sahəsində yaratdığı problemlər barədə açıq şəkildə danışmaq hakimiyyətin kəskin reaksiyasına səbəb olur.
Ötən ilin dekabrında Ismayılova həbs olunandan dərhal sonra beynəlxalq təşkilatlar, hüquq müdafiəçiləri baş verənləri kəskin şəkildə pislədilər. “Amnesty International” beynəlxalq hüquq-müdafiə təşkilatı Ismayılovanı “vicdan məhbusu” elan etdi.
“Mən məhkəmədən amansız hökm gözləyirəm. Onlar mənim ömrümdən 10 il oğurlayacaqlar. Lakin mən qorxmuram”, – deyə Xədicə Ismayılova hələ iyun ayında həbsinin altı ayı tamam olanda “Frans-Press” agentliyinin əməkdaşı ilə söhbətində bildirib.
Ötən həftənin çərşənbə axşamı Bakıda daha bir məhkəmə tanınmış vəkil və hüquq müdafiəçisi Intiqam Əliyevin 7 il 6 ay azadlıqdan məhrum edilməsinə dair hökmü qüvvədə saxladı".