
Qəzetimiz üçün bu, onun tarixində silinməz iz buraxan, unudulmaz hadisədir. Ağsaqqalımız bizi çox mütəəssir etdi. Var olsun deyirik. Bizi yaşadan, bizə ruh, güc və enerji verən oxucularımızın belə sevgisidir. 80 yaşlı oxucumuz keçdiyi ömür yolundan da danışdı:
“Mən Əliyev Ənvər Abış oğlu 1935-ci ildə Gəncə şəhərəində anadan olmuşam. 1960-cı ildə Gəncədə Xalq Təsərrüfatı İnstutunu bitirdikdən sonra 63-cü ildən 70-ci ilə kimi Gəncədə Kənd Təsərrüfatı Akademiyasında müəllim işləmişəm. 68-ci ildə Moskvada aspiranturaya qəbul olunmuşam. 75-ci ildə isə texnika elmləri üzrə fəlsəfə doktoru adını almışam. 70-ci ildə Gəncədən Bakıya köçmüşəm. Elə həmin ildən Elmi Tədqiqat İnstutunda işləməyə başlamışam.1971-ci ildən 1997-ci ilə kimi isə Kənd Təsərrüfatı Nazirliyində müxtəlif rəhbər vəzifələrdə çalışmışam”.
Yubliyar uzun illərdir yalnız “Azadlıq” qəzeti oxuduğunu, bu qəzeti həyatının ayrılmaz hissəsi saydığını bildirir:
"Uzun illərdir “Azadlıq” qəzetinin oxucusuyam və başqa heç bir qəzet almıram. 1989-cu ildən isə (AXC) AXCP-nin üzvüyəm. Bütün həyatım kənd təsərrüfatı və “Azadlıq”la bağlıdır".
“Azadlıq”ın baş redaktorunun birinci müavini Rahim Hacıyev isə 80 yaşını qəzetin kollektivi ilə qeyd edən oxucuya təşəkkürünü bildirdi və bu addımın onlar üçün böyük hadisə olduğunu qeyd etdi:
“Mən sizə 80 yaşınızı bizimlə keçirmək istədiyinizə görə təşəkkür edirəm. Bu, “Azadlıq” qəzeti üçün çox böyük hadisədir. Çünki 80 yaşlı bir şəxsin qəzetin redaksiyasına gəlməsi, kollektivlə birlikdə ad gününü qeyd etməsi, kollektiv üçün çox nadir hadisələrdəndir.
Buna görə mən sizə öz təşəkkürümü bildirirəm və eyni zamanda, bunu qəzetə böyük sayğınız kimi dəyərləndirirəm. “Azadlıq” olaraq hər zaman oxucularımıza xidmət etməyə çalışmışıq və məhz sədaqətli oxucularımızın hesabına bu qəzet mövcuddur. “Azadlıq” qəzeti də eyni şəkildə oxucularına cavab verib, onlara informasiya çatdırıb, həqiqətə xidmət etmək işində əlindən gələni edib.
Bir daha xatırladıram ki, sizin bura gəlməyiniz və 80 yaşınızı bizimlə qeyd etməyiniz, qəzetin tarixində qalan hadisədir. Mən buna görə sizə təşəkkür edirəm”.
Ağsaqqalımızı bir daha təbrik edirik.


