Rusiya mətbuatı bir neçə il əvvəl bu ölkədə filmlərdə olduğu sayaq qarət olunan azərbaycanlı milyonçuların tarixçəsindən, bu iş üzrə aparılan istintaqın gedişindən yazıb. Virtualaz.org saytı "Санкт-Петербургские Ведомости” nəşrinin həmin məqaləsini təqdim edir:
***
“Sakit! İstintaq Komitəsi işləyir!” – hərbi geyimli kişinin amiranə sələ dediyi bu sözlər yəqin ki, istənilən adamı özünü yığışdırmağa məcbur edər.
Əgər həmin kişinin yanında üstəlik qara maskalı, xüsusi təyinatlıların (“spesnaz”) qara paltarında olan enlikürək, cüssəli və əli avtomatlı döyüşçülər də varsa, bu adamlara tabe olmamaq sadəcə mümkün deyil. Amma bu adamların sadəcə bandit olması heç kimin ağlının ucundan da keçməz… Böyük bir tamaşa quran bu üzlü və sərt adamların planları da elə bu idi ki, onlardan heç kim şübhələnməsin.
Bu adamlar cəzasız qalacaqlarına möhkəm əmin idilər. Amma hər şey tərsinə oldu. Onlar hazırda gözəl və dəbdəbəli həyatdan həddən artıq uzun müddət aralı qalmaq perspektivi ilə türmə naralarında yaşayırlar.
Dubaydan gələn hədiyyə
Peterburqda yaşayan iki Azərbaycan vətəndaşı – Zamiq Vahid oğlu Məhəmmədli və Elçin Elman oğlu Verdiyev 2013-cü ilin sentyabrında Piter cinayət-axtarış idarəsinin mütəşəkkil cinayətkarlıqla mübarizə şöbəsinin (ORÇ-5) əməkdaşlarının qarşısında dayandılar. Onlar bundan iki həftə qabaq “Pulkovo-2” aeroportunda Z.Məhəmmədlinin Dubaydan Piterə gələn qohumunu qarşılamışdılar. Həmin şəxs zəngin adam idi və qohumu Z.Məhəmmədliyə kömək etmək üçün özü ilə 2,5 milyon dollar nağd pul gətirirdi. Pul böyük bir yol çantasının içində idi.
Z.Məhəmmədli bu pulları biznesə qoymağa, daşınmaz əmlak almağa hazırlaşdığını bildirib.
Z.Məhəmmədli pul dolu çantanı götürüb aerovağzal binasından küçəyə çıxan kimi arxadan gələn qara şüşəli qara rəngli mikroavtobusun ətürpədici tormoz səsinə diksinir. Maşından xüsusi təyinatlıların (“spesnaz”) geyimində olan silahlı adamlar düşür. Daha sonra isə göy rəngli prokuror mindirində olan bir nəfər də maşından düşür. Onlar Z.Məhəmmədlinin ayaqlarına təpiklə vuraraq üzü üstə asfalta uzadırlar. Qollarını arxadan qandallayırlar. Azərbaycan vətəndaşını mikroavtobusa basırlar. Maşın sürətlə yerindən tərpənir…
Yolda isə Z.Məhəmmədlinin üstü axtarılır. Onun sənədlərini, üstündəki pullarını və mobil telefonunu götürürlər. Bundan sonra isə onu Piterin Şuşar rayonu səmtində onu elə yoldaca atıb gedirlər. Təbii ki, içində 2,5 milyon dollar olan çanta da maşında gedir…
Maşınını park etdiyi yerdə qalan və buna görə də Z.Məhəmmədlinin oğurlandığını görməyən Elçin Verdiyev isə bu zaman dayanmadan ona zəng vurur. Lakin Z.Məhəmmədli cavab vermir. Bir qədər sonra isə Z.Məhəmmədli özü E.Verdiyevə zəng vurur. Əlbəttə ki, yoldan keçən təsadüfi bir nəfərin telefonundan…
Bu əhvalatda xeyli şübhəli məqamlar var. Hər şeydən əvvəl iddiaçıların özünün şəxsiyyəti müəmmalı görünür. Əynində nimdaş geyim, ayağında dabanı yeyilmiş çəkmələr olan bu şəxslər Piterdə milyonlarla dollar xərcləməyə hazır olan adamlara heç bənzəmirdilər. Bir də ki, onlar polisə bu qarət haqda niyə dərhal yox, iki həftə gözləyəndən sonra müraciət və şikayət etmişdilər?! Yoxsa polisin aeroportda quraşdırılmış videomüşahidə kameralarındakı qeydlərin saxlanma müddətinin iki həftəyə başa çatdığını, bundan sonra onu yoxlamağın heç cür mümkün olmadığını bildikləri üçün?!
Üstəli Z.Məhəmmədli ilə E.Verdiyevin ifadələri kifayət qədər dolaşıq idi. Məsələn, onlar Dubaydan gələn zəngin qohumları ilə görüşə gedəndə özləri ilə götürdükləri mobil telefonların nömrəsini “xatırlamayıblar”. Onlar həmçinin Dubaydan gələn qohumları – pulun sahibi barədə ətraflı məlumat verməkdən də imtina ediblər.
Bir sözlə, bu işin qurama olduğunu düşünməyə kifayət qədər əsaslar vardı.
Lakin sonradan çox maraqlı məqamlar üzə çıxdı. Piterli əməliyyatçılar müəyyən etdilər ki, bu pullar Peterburqdakı meyvə-tərəvəz bazalarından birinin sahibinə məxsus olub. Həmin biznesmen çirkli pullarını sadəcə olaraq Dubay vasitəsilə “yuyurmuş”.
Lakin daha sonra daha maraqlı hadisə baş verdi. İş materialları böyük bir maxinasiyanın izinə düşən əməliyyatçıların əlindən alındı. Bu isə hüquq-mühafizə orqanlarında tez-tez rast gəlinən haldır. Sən əla işləyirsən, faktlar tapırsan, dolaşıq bir işin üstünü açmağa yaxınlaşırsan, rəhbərlikdən təşəkkürnamə almağa hazırlaşırsan və… birdən hər şey tərsinə dönür…
Şüşəni gürzlə dağıtmaq
2014-cü il, 15 iyul. Piterin artıq yenilənmiş “Pulkovo” aeroportuna Dubaydan yenə gələn var. O da kuryerdir və pul gətirib.
Onu bu dəfə iki şübhəli azərbaycannlı yox, zirehli inkassator maşını ilə gəlmiş mühafizə şirkətinin əməkdaaşları qarşılayırlar. Maşın salonun çıxış qapısının düz qarşısında dayanır, sürücü sükan arxasında qalır, iki nəfər isə aerovağzal binasının içinə keçir. Bu dəfə pulu götürən kuryer mühafizəçilərlə birgə maşına doğru yönəlir. Digər mühafizəçi arxada gəlir və ətrafı müşahidə edərək həndəvəri nəzarətdə saxlayır. Xoşbəxtlikdən sui-qəsdə hazır dayanan şəxslər onu sezmirlər. Ona görə də həmin mühafizəçi qarətin necə baş verdiyini kənardan dəqiqliyi ilə görə bilir.
Bu zaman “Ford Transit” markalı bir avtobus ildırım sürəti ilə inkassator maşınına yaxınlaşır. “Ford”dan “spesnaz” formalı qara maskalı şəxslər düşür. Onlardan biri inkassator maşınına yaxınlaşıb əlindəki gürzlə sürücü oturan tərəfdən maşının şüşəsini sındırmağa çalışır. Sürücü taleyin amansız oyunu ilə zarafat etmək istəməyib özü maşından könüllüş əkildə düşür. Sürücünün xidməti tapançası da maşında qalır.
Sürücünü və əllərində pul çantası olan mühafizəçiləri üzü üstə yerə uzadırlar. Bundan sonra isə özünü Rusiya İstintaq Komitəsinin nümayəndəsi kimi təqdim edən göy uniformalı şəxs sakitləşdirici sözlər deyir. Bunun ardınca girovları avtobusa basırlar. Onların əllərini plastik sıxıcı iplərlə bağlayır, başlarına torba keçirirlər. Daha sonra isə maşın yerindən tərpənir və bir də Volxon şossesində dayanır. Girovları yolda atıb 1,5 milyon dollarla gedirlər.
Oğurlanmaqdan xilas olmuş mühafizəçi polis çağırır. Lakin asayiş keşikçilərinin gücü yalnız əllərini yelləməy çatır. Məlum olur ki, aeroport təcəsə istifadəyə verildiyindən burada videomüşahidə kameraları quraşdırmağa hələ macal tapmayıblar. Bu üzdən də cinayəti “isti izlər”lə açmaq qəliz məsələdir.
Bu iş üzrə material da ORÇ-5-in əməliyyatçılarının masası üzərinə gedir. Bu idarədə arxivləri qaldırır, son 10 ildə milis formasından istifadə olunmaqla törədilən bütün cinayətləri bir-bir nəzərdən keçirirlər. Son illər ərzində “Pulkovo” aeroportu rayonunda cinayət törətdiyi üçün tutulan şəxslərin hamısının dosyesi bir daha araşdırılır. Mahiyyəti barədə açıqlama verilməyən daha bir neçə məxfi tədbirlər görülür.
Bu iş Rusiya İstintaq Komitəsinin icraatına verilir. Bir neçə aydan sonra ORÇ-5-in və onlara qoşulan FTX əməkdaşlarının diqqətini qarətçi basqınlaarla peşəkarcasına məşğul olan bir qrup adam cəlb edir. Bu qrupun liderləri 30 yaşlı Vitali Samsonov və 33 yaşlı İqor Xludkov idilər. V.Samsonov rəsmən avtomobil təmiri sexinin sahibi idi. İ.Xludkov isə mühafizəçi işləyirdi. Amma bu uşaqların işi ilə həyat tərzi nəsə düz gəlmirdi. Vitya da, İqor da dəbədəbəli “Bentley”də, sevgililəri isə “İnfiniti”də gəzirdi.
Yalançı “spesnaz”çılar arasında Piterin 44-cü polis bölməsinin keçmiş əməliyyat müvəkkili, əvvəllər məhkum olunmuş Anton Kulikov və federal təhlükəsizlik idarəsinin yerli bölməsinin həqiqi əməkdaşı Pavel Qriqoryev də vardı. Müstəntiq rolunu da məhz Qriqoryev oynayırmış. Onu elə öz işlədiyi idarənin əməkdaşları ifşa etdi.
Qrupun ilk 6 üzvü ötən il oktyabrın 30-da həbs olundu. Axtarışlar zamanı onların evindən və obyektindən tapılanlar hamını heyrətə gətirmişdi. Samsonovun maşın təmiri sexindən 6 tapança, 1500-dək güllə, qranat, tapança-pulemyotlar, partlayıcı maddələr çıxmışdı.
Qriqoryevin bağından 3 tapança, 3 avtomat, xeyli güllə, habelə qara “spesnaz” geyimləri, maskalar aşkarlanmışdı. “Müstəntiq”in furajkası, köynək və qalstuku da orada saxlanırmış.
Qrupun liderləri ifadə verməkdən imtina etdilər. Qalanları isə istintaqla bu və ya digər dərəcədə əməkdaşlığa getdi. Onların ifadələri və əldə olunan informasiyalar qarətin bütün mexanizmini aydınlaşdırmağa kömək etdi.
Hər əməliyyatın hazırlanması yarım ilədək vaxt aparıb. Cinayətkar sxemi çəkənlərə əvvəlcə yalnız o məlum olub ki, böyük məbləğdə pul daıyan kuryerlər Dubaydan müntəzəm olaraq Peterburqa gəlirlər. Qrup üzvləri aylar uzunu boyunca aeroporta gedib kuryerləri və onları qarşılayan şəxsləri izləyir, onların hərəkətlərini müşahidə edirmiş. Ssenari çox diqqətlə hazırlanıb və dəqiqliyi ilə həyata keçirilib.
Qrup üzvlərindən biri maşını sürüb aeroporta yaxınlaşır (ikinci qarət zamanı bu maşında hətta radioötürücü də quraşdırılmışdı), digərləri isə pulu qəbul edən şəxsi izləyirdilər. Onlar lazımi məqamda digər saxta “spesnaz”çılarla birgə aralıda dayanan mikroavtobusda oturmuş dəstənin liderinə siqnal verirdi.
İstintaq zamanı aeroport qarətlərinə oxşar daha iki naməlum cinayətin izinə düşülür. Məlum olur ki, bu qrup hələ 2012-ci ildə də “Baltiyskaya zvezda” MMC adlı təşkilatının pullarını daşıyan kuryerlərə hücum edərək onları soymuşdular.
İki çuval (8-10 milyon rubl) pulu daşıyan “Reno” markalı maşın Şafirov prospektində nəhəng “BMW” tərəfindən qəsdən vurulur. “BMW”dən çıxan qara uniformalı 4 silahlı adam “Reno”nun şüşələrini sındırır, oradakı üç mühafizəçini yerə yıxıb pulu götürürlər.
Daha sonra Miqulev soyadlı biznesmenin oğurlanması cinayəti baş verir. İş adamı Novosaratovka qəsəbəsindəki evindən çıxıb gedəndə onun maşınının qabağını başqa maşın kəsir. Bu maşından düşən qara paltarlı silahlı adamlar biznesmeni öz maşınlarına basaraq başına torba keçirir, əllərini qandallayırlar. Bir az gedəndən sonra maşın dayanır. Girovu hansısa bir tikiliyə (sonradan məlum olur ki, bu, P.Qriqoryevin bağ evindəki qarajdır) aparırlar. Onu əllərindən asırlar. Miqulevi ölümlə hədələyərək ondan 100 milyon rubl tələb edirlər. Uzun sövdələşmədən sonra 50 milyona razılaşırlar. Başında torba olan biznesmenə bank hesabı nömrəsi verib yolda atırlar. Bəlli olur ki, bu bank hesabı xaricdədir…
Bəs Dubaydan gələn iş adamının qarət olunması ilə bağlı dəlil-sübut bazasını necə yaratmaq olar? Axı hadisə yerində heç bir maddi sübut qalmayıb. Ortada yalnız quru sözlər – zərərçəkənlərin ifadələri və şübhəli bilinənlərə dair səthi məlumatlar var. Onların bir neçəsinin şəxsiyyətini müəyyənləşdirmək mümkün olmayıb. Üçü qaçıb gizlənib və axtarışdadır.
Üstəlik zərərçəkənlərin özləri də istintaqın dərinliyi ilə aparılmasında nəyə görəsə maraqlı deyillər. Yalnız Məhəmmədli ilə Verdiyev bütün istintaq hərəkətlərində müntəzəm iştirak edir. 2012-ci ilə qarət edilən mühafizəçilər isə istintaqa çağırışlardan boyun qaçırır.
Bir sözlə, bu işdə onlarla açıq sual var. Onlarla, yüzlərlə dəfə istintaq aparılıb, cinayət yerində araşdırmalar gedib. Lakin Qriqoryevdən başqa hələ də heç kimin şəxisyyətini müəyyənləşdirməm mümkün olmayıb. Hamısı maska ilə işləyib. Hətta ən müasir təhqiqat metodları da bu cinayətləri açmağa kömək etmir.
Rusiya İstintaq Komitəsinin Piter İdarəsinin xüsusilə mühüm işlər üzrə müstəntiqi İvan Stasenko deyir ki, bu iş üzrə 100-dən çox ekspertiza aparılıb: “Hələ daha 28 ekspertiza gedir. Əlimizdəki maddi sübutları hər tərəfdən incələyirik. Ortada xeyli sual var. Məsələn, bu qədər silah birdən-birə haradan peyda oldu? Onlardan indiyə qədər niyə istifadə olunmayıb?”
Rusiya İstintaq Komitəsində bu işlə bağlı daha bir məqama diqqətlə baxmağa üstünlük verirlər. Dubaydan gələn pulların mənbəyi də istintaq üçün çox böyük maraq kəsb etməyə başlayır. Lakin bu məsələyə artıq başqa bir araşdırma çərçivəsində baxmaq lazım gələcək…