Əmanətçilərin “pripiskası”

2.5 milyon nəfərin banklara kredit borcu olduğu ölkədə 7 milyon əmanətçinin necə 7 milyard pulu ola bilər?

2015-ci ilin 6 ayının yekunlarına görə, Azərbaycan Əmanətlərin Sığortalanması Fonduna (ADIF) üzv olan banklarda fiziki şəxslərin cəmi əmanətləri 7,561 milyard manat təşkil edib.
ADIF-in saytının verdiyi məlumata görə, bu ilin 6 ayının yekunlarına görə, fiziki şəxslərin əmanətləri ümumilikdə 884 milyon manat (13,2%) artıb. Kompensasiya olunan əmanətlər isə 437 milyon manat (25,9%) artaraq 2 122 milyon manat olub ki, bu da ümumi əmanətlərin 28%-ni təşkil edir.
Üzv banklardan 7 147 401 əmanətçiyə xidmət göstərilir ki, onların da 90%-i sığortalanan əmanətçilərdir. Bu ilin 6 ayının yekunlarına görə, sığortalanan əmanətçilərin sayı 6 444 188 (90 %) nəfərdir.
Sığortalanan əmanətlərin 69%-i ABŞ dollarının, 27%-i manatın, 4%-i avronun payına düşür.
Bu ilin 6 ayının yekunlarına görə, Fondun sığorta ehtiyatları 103 milyon manat təşkil edir.
ADIF-in sərbəst vəsaitlərinin idarə edilməsi Fondun investisiya siyasətinə uyğun olaraq həyata keçirilir. Fondun vəsaitlərinin 85,5 milyon manatı dövlət qiymətli kağızlarında yerləşdirilmiş və illik gəlirlilik orta hesabla 4,2% təşkil edib. Fondun 5 milyon avro vəsaiti isə “Deutsche Asset&Wealth Management International” şirkəti vasitəsi ilə idarə olunur. Fondun sərbəst vəsaitləri 11,4 milyon. manat təşkil edib.
Bu ilin 6 ayının nəticəsinə görə, Fondun gəlirləri 12,4 milyon manat olub ki, bunun da 10,6 milyon. manatını sığorta haqları, 1,8 min manatını isə faiz gəlirləri təşkil edib. Fondun cəmi xərcləri 766,5 min manat təşkil edib.
2015-ci ilin II rübünün sonuna Fondun iştirakçısı olan bankların sayı 44-dür.
24 fevral 2015-ci il tarixindən etibarən qorunan əmanətlərin illik faiz dərəcəsinin maksimal həddi 12 %-dir.ÿ
24 fevral 2015-ci il tarixinədək iştirakçı banklarda illik maksimum 12 faizlə qəbul olunmuş əmanətlər 24 fevral 2015-ci il tarixdən etibarən sığortalanan əmanət sayılır. Bu faizdən yuxarı faiz dərəcəsi ilə yerləşdirilən əmanətlər sığortalanmır və bu əmanətlərə görə kompensasiya ödənilmir.
ADIF-ə üzv olan bir və ya bir neçə bankda sığorta hadisəsi baş verdiyi zaman Fondun sığortaladığı əmanətlərə görə əmanətçiyə hər bir sığorta hadisəsi üçün 30 000 manat məbləğində kompensasiya ödənilir.
Amma açıqlanan rəsmi rəqəmlər maraq doğurur. Əslində, bu rəqəmlərlə bağlı bir sıra məqamlara aydınlıq gətirilməlidir. Çünki ciddi təzadlar ortadadır. Məlumdur ki, ölkə üzrə vətəndaşlara verilən kreditlərin ümumi həcmi 27 milyard təşkil edir. Bu kreditlərin 7 milyardı istehlak kreditlərinin payına düşür. Amma daha bir rəqəmin aydınlaşdırılmasına ehtiyac var. Məlumdur ki, ölkə üzrə 2.5 milyon nəfərin banklara borcu var. Bu isə hər bir ailəyə bir nəfər kredit verənin düşdüyünü deməyə əsas verir. Bəs belə olan halda Azərbaycan Əmanətlərin Sığortalanması Fonduna üzv banklar ümumi kapitalı 7, 561 milyard manat təşkil edən 7 147 401 əmanətçiyə necə xidmət göstərə bilər?
Ekspertlər bu cür təzadın ortaya çıxmasını təsadüfi saymırlar. Onların fikrincə, bu cür rəqəmin meydana çıxmasının sadə bir izahı var. Əmanətçilərin sayının fantastik artmasının səbəbi əmanətlərin sığortalanması ilə bağlıdır.
Əmanətlərin Sığortalanması Fondunun mövcud qaydalarına əsasən, illik faizi 10 faizədək olan və məbləği 30 min manatdan çox olmayan əmanətlər sığortalanır. Bu isə o deməkdir ki, əgər bir bankda əmanətin məbləği 30 min manatdan çoxdursa və ya əmanətçi daha çox gəlir əldə etmək üçün yüksək faiz təklif edən bankların xidmətindən istifadə edirsə, o zaman həmin pullar qorunmur. Həmçinin məbləği 30 min manatdan az olan, ötən il avqustundan 10 faizdən daha yüksək faizlə banklarda yerləşdirilən əmanətlər də riskli əmanətlər siyahısına daxildir.
Məhz bu məqam əmanətçilərin sayının artmasının bir səbəbi sayılmalıdır. Yəni iri bir maliyyəyə sahib olan şəxs banka qoyulacaq əmanətini bir neçə nəfər arasında paylaşdırmaqla onu sığortalayır. Bu isə avtomatik olaraq əmanətçilərin sayının artmasına gətirib çıxarır.

Hikmət