“Həqiqət it şəklindəsə…”

Orxan Valehli

Həqiqət it şəklindəsə –
yalan
ceyran şəklində.
Olma iti
madonnatək
sevəcəyim şəklində…
(Əli Kərim)

 Son günlər qəribə oyunların  şahidi olduq. Əslinə qalsa, oyunların özü qəribə deyil, onların bu qədər açıq şəkildə oynanılması qəribədir. Nə yalan deyim, mən inanmırdım ki, rejim özünü ifşaya bu qədər maraqlı olar. Elə götürək, prezidentin məşhur təltif məsələsini. Yox-yox, mən burda təəccüblü nəsə görmürəm, əksinə, Rauf Arifoğlu "əməkdar jurnalist" adına layiq idi və mükafatını da aldı. Asan məsələ deyil, gəlin baxaq görək, ölkədə neçə nəfər  bütün sərhədləri keçənə qədər prezidenti tərifləyər? Söhbət əsl insandan gedirsə, bunu heç kim etməz. Rauf qırmızı kitaba düşəcək adamlardan biridir.

Amma mənə qəribə gələn bu oldu ki, həmin ərəfədə "Azadlıq" qəzetinin redaktoru, "Azərbaycan saatı"nın rəhbəri Qənimət Zahidin bütün nəsli-kökü həbs olundu. Özünü ifşaların ən başlıcası da bu oldu ki, Qənimət bəyin qardaşı oğlu şərlənərək 25 sutka həbs cəzası aldı. Üstündən 2 gün keçməmiş isə onun evində axtarış aparıldı və təbii ki, möcüzə baş vermədi. Onu da  narkotika ilə şərlədilər.

O, Rauf Arifoğlunun mükafatı, bu da Qənimət Zahidin mükafatı. İlham Əliyevin verdiyi mesajı kim anladı? Gec də olsa, mən anladım. Qardaş deyir ki, "ay jurnalistlər, ay sizə qurban olum, nə tutmusunuz bu qələm namusu məsələsindən? Neçə ki,  bu ağıldasınız, sizi də Qənimət Zahidin aqibəti gözləyir. Silahı atın, gəlin keçin Rauf tərəfə. Mən də sizi öldürmərəm, bağışlaram".

Nədi, bəlkə səhv anlamışam? Belə demək istəməmişdi cənab prezident? Bir sitat gətirəcəm, deyəsən, Sergey Vladimiroviç Mixalkovun "Nədən başlamalı" povestində idi. Deməli, bir "rəssam şəkil çəkmək istəyir və ilk addımını çox böyük yerdən başlayır. Gözünə döndüyüm götürür zürafə şəkli çəkir. Axırda görür ki, zürafədən çox it şəklinə oxşadı. Fikirləşir altından yazmaq lazımdır ki, bu zürafə deyil, itdir. Yəqin ki, anladınız…

Neçə ki, dəyəri qəpiyə dəyməyən yazarlar "əməkdar jurnalist" adı ilə təltif edilir, gərək alnına yazasınız ki, "bu jurnalist satqın deyil, namusludur". Siz öz "balanslaşdırılmış" siyasətinizdən əl çəkməyənə qədər, əmin olun ki, Qənimət Zahid və onun kimi jurnalistlər sizi ifşa etməkdən əl çəkməyəcəklər. Lap onlar yaşayan rayonun sakinlərini bir-bir həbs etsəniz belə.