“Qənimət Zahidə qarşı hücumlar haqqa, ədalətə hücumlardır”

“Bir dəstə "jurnalistə" adlar, medallar verildiyi dönəmdə Qənimət Zahidə və onun yaxınlarına hücumlar zamanlama baxımından çox mənalıdır”

Azərbaycanın tanınmış şairi və ictimai xadimi Məmməd İsmayıl facebook səhifəsində “Azadlıq” qəzetinin baş redaktoru, “Azərbaycan saatı” teleproqramının müəllifi Qənimət Zahidə qarşı hakimiyyətin hücumları ilə bağlı qeyd paylaşıb.

Məmməd İsmayıl yazır ki, bir dəstə "jurnalistə" adlar, medallar verildiyi dönəmdə Qənimət Zahidə və onun yaxınlarına hücumlar zamanlama baxımından çox maraqlıdır. Həmin “jurnalist”lərin Qənimət Zahidə qarşı hücumlara səssiz qalması isə onlara medalın niyə verildiyini göstərir:

“Gözü çıxan qardaşı görə-görə yaxasını medala doğuru, adını ada doğru irişə-irişə qaldıranların bütün bu rəzilliklərə səssiz qalmaları iqtidar tərəfindən nədən mükafatlandırdıqlarının bir göstərgəsidir…
Bir tərəfi qandıran, bir tərəfi yandıran iqtidarın hədəfi əlbəttə, bəllidir: kim gizli-aşkar bizimlə olacaq, ödülünü alacaq, kim haqlı, ya da haqsız bizə qarşı olacaq, onların da qədəri Qənimət Zahidinki kimi olacaq. Amma zaman da, İlahi təqdir də bu rəzil olayları unudulmasın deyə bir tərəfə not edir…
Yalnız başı boşlar dünya təcürbesini unudub, günün gətirdiyi "uğurlara" şellənirlər. Amma kim unutqan olsa da, nə zaman, nə də İlahi təqdir heç nəyi unutmur, yeri gəldiyində qisasını almağı da bacarır.
Bəylər, insan unudanı Allah unutmur. Qənimət Zahidə qarşı edilən hücumlar Qənimətə qarşı deyil, haqqa, ədalətə, özgürlük çabalarına qarşı hücumlardır! Və mən inanıram ki, hər dəfə olduğu kimi, bu dəfə də bu haqsız hücumdan sonunda Haqq və Qənimət Zahid qalib çıxacaq! Haqq nazilsə də, üzülməz!”.