Acı təcrübənin təkrarı

elnurastanbeyli@gmail.com

Əcaib vəziyyət yaranıb: ölkədə yumurtadan tutmuş, AZAL-ın biletlərinəcən hər şeyi ucuzlaşdırmaq üçün illah ki, Ilham Əliyevin müşavirə keçirib barmaq silkələməsi tələb olunur. Sonra? Sonra zəhmətkeşlərin təşəkkür şouları, “dərin minnətdarlıq” tamaşaları başlayır. Və yaptokratlar hələ bir bu mənzərəni “bazar iqtisadiyyatı” da adlandırırlar!
***
Əslində, ölkədə hər sahədə baha qiymətlərin səbəbi aydındır: inhisarçılıq! Rəqabətsizlik mühiti! Bunu hətta burnu fırtıqlı bağça uşağı da bilir (baxmayaraq ki, bu sadə həqiqəti anlamaqda çətinlik çəkən, ya da anlamaq istəməyən “saqqallı uşaqlar” da az deyil). Ona görə də baha qiymətlərə görə hansısa məmura barmaq silkələməkdənsə, Azərbaycanda monopoliyaların kökünü kəsmək, oliqarxik təfəkkürə dayanan idarəetmə normativlərini dəyişmək lazımdır. Yadınızdadırmı, Tağı Əhmədov metroda gedişhaqqının bahalaşması barədə etirazlara necə cavab vermişdi: “Hərənin  bir obyekti var, metro da öz dükanımdır, özüm bilərəm”. Səmimi cavab idi. Yaptokratların ölkəni hansı zehniyyətlə idarə etdiklərini bundan parlaq ifadə etmək mümkün deyil.
Bəli, Azərbaycanın indiki reallığında hər məmur öz idarəsinə şəxsi dükanı kimi baxır, özünü rəhbərlik etdiyi sahənin ağası, kəndxudası kimi aparır. Sonda da ortaya indiki ürəkbulandıran mənzərə çıxır.
Başqa cür mümkündürmü? Əsla. Belədə gərək hakim rejim öz varlığından əl çəksin. Korrupsiya, zorbalıq, zorakılıq kimi inhisarçılıq da onun varolma səbəbidir. Ondan imtina – intihara bərabərdir.
Birdəfəlik başa düşmək lazımdır: problem Sistemin özüdür. Bütün bəlaları bizim başımıza o açır. Onu yaşadan səbəblər bizi məhv edir. O, korrupsiyasız öz mövcudluğunu qoruya bilməz, korrupsiya olan yerdə isə xalqın deyil, sadəcə, bir ovuc adamın xoşbəxtliyindən danışmaq olar.
Sistem repressiyasız ayaqda qala, ömrünü uzada bilər, repressiya olan yerdə isə xalq yoxdur, rəiyyət var, təbəə var.
Sistem monopoliyalarsız var ola, yaşaya bilməz. Monopoliyaların olduğu yerdə isə yalnız bir neçə ailənin təmtəraq, dəbdəbə içərisində yaşamasından danışmaq mümkündür, çoxluğun nəsibi isə işsizlikdir, aclıqdır, səfalətdir.
Nələr ki Sistemə nəfəs verir, onlar vətəndaşın nəfəsini kəsir.
Ona görə də AZAL-ın biletləri bahadır deyə Cahangir Əsgərova qəzəblənmək, otellərdə qiymət yüksəkdir deyə Əbülfəs Qarayevi yamanlamaq, binalara tezalışan üzlüklər vurulduğu üçün Hacıbalanın qabırğasına döşəmək çox komikdir. Sabah onları dəyiş, nəticə yenə dəyişməyəcək. Çünki bu cür Sistemlərdə simalar həlledici deyil. Əlinin yerinə Vəlini qoy, o da yazılmamış qanunlara tabe olmaq məcburiyyətindədir: yeyib-dağıtmalıdır, vətəndaşın maraqlarından deyil, klanın mənfəətlərindən çıxış etməlidir (nümunələrdən hər şey aydındır – gələnlər gedənlərə, necə deyərlər, “rəhmət oxutdurmaqla” məşğuldur). Ona görə də dönə-dönə, təkrar-təkrar yazarıq ki, ilk növbədə dəyişməli olan bu cür Sistemlərin özləridir. Belə Sistemləri yaşadan, onlara nəfəs verən səbəblər aradan qalxmalıdır ki, real dəyişiklik mümkün olsun.
Yoxsa bu gün hansısa məmura təpinib yumurtanın qiymətini aşağı salmaq, ya da AZAL-ın bilet tariflərini ucuzlaşdırmaqla, sonra da zəhmətkeşlərə təşəkkür məktubları yazdırmaqla heç nəyə nail olmaq mümkün deyil, olsa-olsa, əsl mənzərəni gizlətmək, ölkənin düşdüyü girdabın həqiqi səbəblərini arxa plana atmaq olar.
Necə deyərlər, əsl Sovet təcrübəsi!
Hansı ki, acı sonluğu hamımıza yaxşı məlumdur.
***
Bir halda ki, acı Sovet təcrübəsinin günümüzdəki təkrarından danışdıq, elə yazıya da bir Sovet lətifəsi ilə nöqtə qoyaq.
Brejnev mətbuat konfransı keçirir. Sual-cavab, sual-cavab.
Aparıcı deyir: Daha sual yoxdur.
Brejnev təəccüblənir:
– Necə yəni yoxdu? Dayanın, axı belə olmaz. Axı mənim hələ iki cavabım var!..