beynel-bank

Hakimiyyətin “Beynəlxalq Bank əməliyyatı”

Vətəndaşlara güzəşt etməyən iqtidar bankı özəlləşdirənlərə yardım edir

“Azərbaycan Beynəlxalq Bankı” ASC-nin Müşahidə Şurasının yeni tərkibi açıqlanıb. APA-nın xəbərinə görə, Müşahidə Şurasında 5 nəfər təmsil olunub. Bunadək Şurada 7 nəfər təmsil olunub. Iyulun 22-də keçirilən səhmdarların ümumi yığıncağında alınan qərara əsasən, bankın Müşahidə Şurası üzvlərinin sayı 7-dən 5-ə endirilib.
Beləliklə, hazırda Şuraya maliyyə nazirinin müavini Azər Bayramov rəhbərlik edir. Əmlak Məsələləri Dövlət Komitəsi sədrinin müavini Rüstəm Şahbazov, Maliyyə Nazirliyinin Hüquq şöbəsinin müdiri Xalıq Rəhmanov, Maliyyə Nazirliyinin Dövlət Sığorta Nəzarəti Xidmətinin rəis müavini Müşfiq Israfilov, fiziki şəxs Səidə Bayramova yeni təsdiqlənə Şuranın üzvləridir.
Bundan öncə fiziki şəxslər Fuad Məmmədov və Vəli Kərimov yuxarıda adları çəkilən 5 nəfərlə birlikdə Şuranın üzvləri olub.
Yada salaq ki, iyulun 22-də keçirilən səhmdarların ümumi yığıncağında Elmar Məmmədov Beynəlxalq Bankın Idarə Heyətinin sədri təyin olunub. Elmar Məmmədov bundan əvvəl “Azərtürkbank”ın sədri olub. Bəzi iddialara görə, o, maliyyə naziri Samir Şərifova yaxındır. Qeyd edək ki, Elmar Məmmədovun təyinatından əvvəl məlumat yayılmışdı ki, Idarə Heyətinin sədri “Aqrarkredit”in sədri Məmməd Musayev olacaq. Məmməd Musayev Mərkəzi Bankın sədri Elman Rüstəmovun kadrı hesab edilir. Beynəlxalq Bankla bağlı planlarda “Aqrarkredit”in də yer alması Məmməd Musayevin sədr olacağının artıq həllini tapdığı kimi qiymətləndirilirdi. Lakin görünür Samir Şərifov son anda bütün səylərini səfərbər edərək Elman Rüstəmova qalib gələ bilib. Bəzi bank işçiləri bildirir ki, Elman Rüstəmov bu məğlubiyyəti çətin həzm edə. Bu baxımdan onun Beynəlxalq Bankın rəhbərliyini hər fürsətdə “vuracağı” gözlənilir.
Beynəlxalq Bankla bağlı bir məqamı qeyd etmək yerinə düşər. Bəlli olduğu kimi sözügedən bankın özəlləşdirilməsi planlaşdırılır. Bunun üçün bankın bütün borcları dövlət öz üzərinə götürüb, aktivlərin sağlamlaşdırılması qərara alınıb və s. Manatın devalvasiyası zamanı vətəndaşların 1.7 milyard kredit borcu var idi. Kreditin köhnə kursla ödənilməsi üçün hökumətə müraciətlər edilsə də, Konstitusiya Məhkəməsi vətəndaşların əleyhinə qərar verdi. Beləliklə, hakimiyyət minlərlə, bəlkə də on minlərlə vətəndaşa bir qəpik də güzəştə getmədi. Amma Beynəlxalq Bankın borclarını öz üzərinə götürməklə onu özəlləşdirənlərə yardım etmiş oldu. Ekspertlər bunu bankın “Kapital Bank” kimi hakim ailə tərəfindən özəlləşdiriləcəyi ilə izah edirlər.