Bədbəxtliyin qədimliyi

elnurastanbeyli@gmail.com

Təzəlikcə oxuduq ki, şanlı arxeoloqlarımız Ağdamda yaşı 8 min ilə yaxın abidə aşkarlayıblar. Bu xəbər zəhmətkeşlər arasında böyük sevincə səbəb oldu, toy-bayramla qarşılandı. Adının çəkilməsini istəməyən etibarlı mənbədən əldə etdiyimiz məlumata görə, yalnız Gəncə xanı Elmar Vəliyev belə bir xəbərdən bərk məyus olmuş, dərin kədər hissi keçirmişdir.
Bildiyiniz kimi, Gəncənin keçmiş xanı Eldar Əzizov xeyli baş sındırdıqdan sonra bu şəhərin 2500 yaşı olduğu qənaətinə gəlmiş, hətta təntənəli yubiley tədbiri də keçirmişdi. Sonra onu əvəz edən Elmar Vəliyev bu rəqəmi qətiyyən bəyənmədi, günlərin bir günü məlum oldu ki, nə 2500-zad, Gəncənin düppədüz 4000 yaşı var. Bir yubiley də bu münasibətlə keçirdilər.
Indi də məlum olur ki, Ağdamda bundan iki dəfə qədim yaşayış məskəni vardır. Elmar müəllim qəm eləməsin, neyləsin. O qədər maya qoy, axırda batsın.
Sizə deyim, bir neçə aydan sonra məlum olsa ki, Gəncənin əslində 9 min yaşı var, Eldar Əzizov da Sumqayıtın yaşını qaldırıb 13 min il eləməsə, mən heç nə bilmirəm.
Əslində yurdumuzu bürüyən bu qədimlik yarışında ən yaxşısını Naxçıvan xanı Vasif Talıbov eləyib, məsələni Nuhun dövrünədək dartıb uzadıb.
***
Hərdən mənə elə gəlir ki, əslində bizim yaptokratların vəzifəyə yapışıb qalmasında da bu ümummilli qədimlik mərəzimizin, ululuq xəstəliyimizin birbaşa rolu var. Artur Rəsizadə baş nazir təyin edilərkən insanlar yenicə daş əmək alətləri hazırlayır, vəhşi heyvanlardan qorunmaq və qida əldə etmək üçün birgə yaşayır, ümumi tonqal qalayırdılar.
Elman Rüstəmov Mərkəzi Bankın sədri təyin edilməmişdən hələ çox-çox əvvəl – Manna hökmdarı Iranzunun xəzinədarı olmuş, vergilər naziri Fazil Məmmədov isə taa Hülakü xanın zamanından vergi yığmaqla məşğul imiş, o vaxt 40-dan artıq vergi növü – qopçur, tamğa, nuzl, yam, çərik, cizyə, sərane, tərğu, ternagir, bəqaya və s. vardı, ona görə də indi şükür eləyin ki, Fazil müəllim sadəcə, obyektlərə “haqq” qoymaqla kifayətlənir. Naşükürlük lazım deyil.
Siyahını kifayət qədər uzatmaq olar. Amma nə ehtiyac var? Bütövlükdə YAP-ın özünün tarixi lap qədimlərə gedir, hətta şair demişkən, “bilinməyir yaşı onun, nələr çəkib başı onun?!”
***
Zarafat bir yana qalsın, əslində mövzu dəhşətli dərəcədə ağır, taleyüklüdür. Əslində mən bu barədə əvvəllər də bir neçə dəfə yazmışam, amma yenə yazmaqda fayda görürəm: “qədimlik” mərəzi daha çox geridəqalmış xalqlara xas xüsusiyyətdir, onlar keçmişlə yaşamağı, fəxr etməyi sevirlər. Hesab edirlər ki, nə qədər qədimdirlərsə, bir o qədər güclü, qüdrətlidirlər, başqaları onların paxıllığını çəkir, falan-filan.
Üçüncü dünya ölkələrində bir qayda olaraq, “qədim insan məskəni” olmaqla öyünürlər, amma heç vaxt oturub düşünmürlər: bəs nə vaxt müasir insan məskəni də olacaqlar, nə vaxt çağdaş dövrün nemətlərindən – azadlıqlardan, hüquqdan, ədalətdən, firavanlıqdan, ədalətdən onlara da pay düşəcək?!
***
Bu gün bəşəriyyətin yaradılış ünvanları sayılan əksər coğrafiyaların durumuna baxın. Arxaik təfəkkürdən xilas qurtulmağı bacarmayan Misir indinin özündə də uzun illərin despotik idarəetməsinin acı bəhrələrini hələ də dadmaqla məşğuldur. Keçmiş oradan heç cür keçmək bilmir, yeni fironlar bir-birini əvəz edir. Hər qarışından qədimlik fışqıran Afrika ölkələri səfalət və cəhalət bataqlığında boğulur.
Lap elə Iraq nümunəsini götürək. Indi orada yüzillər boyu çağdaşlığa, uyğarlığa, yeniliyə sırt çevirməyin ağır bədəlini elə fəxr etdikləri, öyündükləri həmin o  qədimlikləri ödəyir. Iraqın timsalında məlum olur ki, əgər sən modern, mədəni, tərəqqipərvər dünya ölkəsinə çevrilməzsənsə, bir gün orada hansısa vəhşi, qaniçən bir IŞID reyda olub sənin qürur duyduğun, fəxr etdiyin bütün qədim, tarixi abidələri tar-mar edər, yer üzündən silər, qalarsan belə – mat-məəttəl, əliboş.
Təkcə bunun özü xoşbəxtliyin sirrini sadəcə, qədimlikdə görənlərə və axtaranlara ibrət olmalıdır. Onlar sonda öz min illik, milyon illik bədbəxtlikləri ilə baş-başa qalacaqlarını əsla və əsla unutmamalıdırlar.