Lukaşenko Depardyeyə dəryazla ot biçdirdi

Belarus prezidenti Aleksandr Lukaşenko dünən məşhur fransız aktyoru Jerar Depardyeni Minsk ətrafındakı “Ozernıy” iqamətgahında qəbul edib. Prezidentin mətbuat katibinin yaydığı məlumatda Lukaşenkonun aktyorla iqamətgahın ərazisində qısa ekskursiyaya çıxdığı da bildirilir.
 
Xəbərə görə, Lukaşenko Depardyeni Belarusda istehsal edilən kənd təsərrüfatı texnikası nümunələri ilə tanış edib, həmçinin ona dəryazla ot biçməyi öyrədib.
 
Qeyd edilir ki, Depardye Belarusa yaradıcılıq işlərinə görə, yaxud da dəryaz çalmaq öyrənməyə getməyib. Aktyorun bu ölkədə çoxdandır restoran biznesi var, üstəlik kənd təsərrüfatı sahəsində də biznes qurub.
 
“Dünyada Belarus haqda mənfi rəy formalaşdıran bəzi adamlar var. Əlbəttə, hər ölkənin öz problemləri var. Lakin mən burada fermalar, əkin sahələri, göllər, meşələr görürəm. Və bütün bunlar mənə Belarusun balaca İsveçrə olduğunu xatırladır” – deyə aktyor Belarus barədə təəssüratlarını bölüşüb.