Əliyev xalqa qıymadığını kimlər üçün etdi?

Əmanətçilərə dəyən zərəri ödəməmək üçün bəhanə axtaranlar Beynəlxalq Bankın yeni sahibinə niyə bu qədər səxavət göstərirlər?

YAP hakimiyyəti bütün dövrlərdə şəxsi maraqlar uğrunda mübarizə aparıb. Heç vaxt xalqın zərbə alması, dövlətin  imic itirməsi bu hakimiyyət üçün önəm daşımayıb. Manatın devalvasiyası və bunun acı nəticələri də hakimiyyətin mahiyyətini bir daha ortaya qoydu. Əvvəlcə xalqı aldatdılar ki, milli valyuta sabit qalacaq. Sonra bir gecənin içində sadə vətəndaşa 2.2 miylard zərər dəydi. Ardınca şayiə buraxdılar ki, Konstitusiya Məhkəməsi müsbət qərar verəcək.
Amma Konstittusiya Məhkəməsi də hakimiyyətin xeyrinə qərar çıxardı. Daha sonra isə ağır vəziyyətdə olan vətəndaşı daha da sıxmaq üçün kredit faizləri arıtırıldı. Hər dəfə bankların vətəndaşa güzəşt etməsi məsələsi ortaya gələndə hökumət dəsmal götürüb ağladı ki, hər hansı güzəşt bankları batıra bilər, dövləti çətin vəziyyətə salar və s. Amma analoji hal Ukrayanda da baş verdi və Ali Rada xalqın xeyrinə qərar çıxardı. Yəni hakimiyyət ağır yükü vətəndaşın çiyninə yükləmədi.
Bütün bunları ona görə xatrlatdıq ki, hakimiyyətin Beynəlxalq Bankın taleyi ilə bağlı siyasətinə körpü salaq. Bildiyiniz kimi, Beynəlxalq Bank satışa çıxarılıb. Bəli, Beynəlxalq Bankın dövlətə məxsus səhmləri özəlləşdiriləcək. Heç kimə sirr deyil ki, bu proses yenə də hakim ailənin xeyrinə yekunlaşacaq və səhmlərə özləri nəzarət edəcək. Məsələ burasındadır ki, Beynəlxalq Bankın bütün borcları, xərcləri dövlətə məxsus “Aqrarkredit” ASC-yə həvalə ediləcək. Yəni bütün problemli məsələləri dövlətin vəsaiti hesabına həll edəcəklər. Beynəlxalq Bankın səhmlərini alanlar isə heç bir borc ödəməyəcək və normal banka sahiblik  edəcək.
Bəli, vətəndaşa dəymiş ziyanı ödəməkdən imtina edənlər, kredit fazilərini aşağı salmağı böhran kimi qiymətləndirənlər öz xeyirləri üçün dövləti daha ağır borcun altına yıxırlar.  
Ancaq daha az itki ilə vətəndaşa dəymiş zərəri ödəmək olardı. Yaxud ödəmələrdə müəyyən güzəştlər tətbiq edilə bilərdi. Amma, göründüyü kimi, bu ağır vəziyyətdən də hakimiyyət mənfəət götürmək üçün yararlanır. Yenə də 100 minlərlə vətəndaş ağır şərtlərlə kredit ödəyəcək, məhkəmə çəkişmələrində əsəb xəstəliyi tapacaq, müflisləşəcək və s.
Təkcə Beynəlxalq Bankla bağlı yürüdülən siyasət göstərdi ki, vətəndaşın zərrə qədər də qiyməti yoxdur. Müşavirədə səslənən fikirlər isə cəmiyyətə təsəlli vermək, ümidlə doydurmaqdır.
Sadəlövh adamlar bir daha şahid olsunlar ki, hakimiyyət qəsdən problemləri həll etmir. Çünki, xalqın xeyrinə qərar verəndə, şəxslər 100 milyonlarla vəsaiti mənimsəyə bilmir.

Azad