Əliyevin müşavirəsi zay bəhrə verdi
Ilham Əliyev bugünlərdə Nazirlər Kabinetinin geniş iclasını keçirdi. Bu iclasda səslənən fikirlər xeyli müzakirəyə səbəb oldu və daxili auditoriyanı çaşdırmaq məqsədi daşıdı. Təbii ki, məlumatlı və yaddaşlı adamlar üçün bu iclasda səslənən fikirlərin heç bir önəmi yoxdur. Çünki, Ilham Əliyev 12 ildir bu iclaslardan keçirir və 12 ildir problemlər üst-üstə yığılır.
Amma budəfəki iclasdan sonra da ümidlənən, gözləntiləri olan adamlar yenə də tapılmışdı. Ilham Əliyevin müşavirədə verdiyi vədlərdən biri də AZAL-ın qiymətləri ilə bağlı oldu. Ölkə başçısı aviabiletlərin baha olduğunu və qiymətlərin aşağı salınacağını vəd verdi. Hətta əsaslandırdı ki, AZAL-ın bütün xərcləri dövlət hesabına ödəndiyi üçün biletlərin baha olması absurddur.
Məlum iclasdan 10 günə yaxın vaxt keçdi və AZAL qərar verdi. Belə ki, iyulun 21-də “Azərbaycan Hava Yolları” QSC-nin Idarə Heyətinin kollegiyasının qapalı iclası keçirilib. Iclasda aviabiletlərin cari qiymətlərinin azaldılması üçün təkliflər dinlənilib. Məruzələr nəticəsində bu məsələ ilə bağlı konkret tədbirlərin görülməsinə qərar verilib.
Beləliklə, “Azərbaycan Hava Yolları” aşağıda göstərilən istiqamətlər üzrə özünün aşağı büdcəli sərnişindaşıma xəttini (lou-kost istiqamətlər) yaradacaq:
Bakı-Antalya-Bakı – bu ilin avqustundan başlayaraq həftədə 3 dəfə;
Bakı-Istanbul-Bakı – bu ilin sentyabrından başlayaraq hər gün 1 uçuş;
Bakı-Moskva-Bakı – bu ilin oktyabından başlayaraq hər gün 2 uçuş;
– Bakı-Dubay-Bakı – bu ilin oktyabrdan başlayaraq hər gün bir uçuş.
Uçuşlar “Embraer” təyyarələri ilə həyata keçiriləcək. Bu istiqamətlər üzrə aşağı büdcəli sərnişindaşıma xətlərinin yekun satış qiyməti bir tərəfə 99 avrodan çox olmayacaq.
Bəli, gurultulu müşavirədən sonra AZAL Türkiyə, Moskva və Dubay reysləri üzrə biletlərin qiymətini azaltmaq qərarı verib. Guya, Azərbaycandan başqa ölkələrə uçuş yoxdur. Bəs, Avropa ölkələrinə uçanlar, bəs müalicə üçün digər ölkələrə gedənlər, bəs xaricdə təhsil alan tələbələr necə olacaq? Axı Ilham Əliyev yalnız 3 ölkəyə olan biletləri nəzərdə tutmurdu. Belə çıxır ki, digər ölkələrə uçanlar 2-3 qat baha qiymətə bilet almaqda davam edəcəklər. Yenə adamlar Gürcüstan vasitəsilə uçacaqlar ki, az məsrəf etsinlər. Bəs, prezidentin gurultulu tapşırığı necə oldu? Deməli, həmişəki kimi vətəndaşlarla zarafat edirmiş.
AZAL uzun məsləhətləşmələrdən sonra “islahat” apardı və prezidentin səhv elədiyi qənaətinə gəldi. Bəli, AZAL-ın qiymət siyasəti imitiasiya xarakteri daşıyacaq. Çünki, bu hökumət heç vaxt qazancından vaz keçməyib və keçməyəcək. Görünür, müşavirədən sonra işarə olunub ki, bilet qiymətlərini endirəndə barıtı az eləyin.
Bir sözlə, ölkə başçısının sonuncu müşavirəsi də belə getdi. Oturub növbəti müşavirəni gözləyək. AZAL-ın biletləri isə təyyarələri kimi göylə uçsun.
Samir


