ABŞ-dan İŞİD-lə bağlı həyəcanlı xəbərdarlıq

«Amerikada yaşayan müsəlmanları radikallaşdırırlar»
 

ABŞ Federal Təhqiqat Bürosunun rəhbəri (FTB) Ceyms Komeydən İŞİD-lə bağlı həyəcanlı xəbərdarlıq gəlib. Komey bildirib ki, İŞİD ABŞ üçün Yaxın Şərq problemi olmaqdan çıxır. Onun sözlərinə görə, silahlı qruplaşma aktiv şəkildə ABŞ-da yaşayan müsəlmanları radikallaşdırmaqla məşğuldur: «Bir ildən artıqdır ki, İŞİD sosial şəbəkələr vasitəsilə xeyli sayda amerikalını təsiri altına salır. Üstəlik müsəlmanları «Yaxın Şərqə gələ bilmirsinizsə, olduğunuz yerdə öldürün» çağırışı ilə terrora təşviq edir».
 
Komey bildirib ki, dünya üzrə 21 mindən artıq ingilisdilli istifadəçi «Twitter»də İŞİD-in paylaşdıqlarını izləyir və onların arasında minlərlə amerikalı da var.
 
FTB rəhbərinin sözlərinə görə, İŞİD-in bu il ABŞ-ın müstəqillik günü ilə bağlı da hücum planı olub. Lakin həmin şəxslər operativ şəkildə müəyyən edilərək saxlanılıb.
 
Komey onu da bildirib ki, İŞİD və «Əl-Qaidə» narkotik istifadə edən şəxslərə də nüfuz edərək onları yoldan çıxarmağa çalışır.
 
Gültəkin